Sizin reklam burada

Ceyhun Sultanov “Keşlə”də maaşın gecikdiyini təsdiqlədi

Title
“Neftçi” güclü komandadı və çempionluq uğruna sona qədər mübarizə aparacaq”
Mövsümün gedişində “Neftçi”nin idman direktoru postundan ayrılıb “Keşlə”də eyni vəzifəyə təyin olunan Ceyhun Sultanov xeyli vaxtdı mediadan kənar gəzir. Susmağa üstünlük verən funksionerlə bir neçə dəfə danışmağa cəhd etsək də, alınmamışdı. Nəhayət, dünən Ceyhun bəy sükutu pozdu və bizi maraqlandıran bəzi suallara cavab verdi.
- Uzun müddətdi qələbəyə həsrət qalan “Keşlə”nin düşərgəsində vəziyyət necədi?
- Hər şey yaxşıdı, komanda gündəlik məşqləri davam etdirir, sabah keçiriləcək “Səbail”lə matça hazırlaşır.
- Mətbuatda yayılan xəbərlərə inansaq, futbolçular artıq 3 aydı maaşa həsrət qalıblar. Sizcə, belə durumda komandadan uğurlu nəticə gözləməyə dəyər?
- Bu gün premyer-liqanın əksər klublarında maaşlar kecikir. Bizdə də bu yöndə müəyyən “axsamalar” var. Buna baxmayaraq, heç bir futbolçu buna görə mənə yaxınlaşıb narazılıq etməyib. Hər kəs bilir ki, yaxın günlərdə bu məsələ yoluna qoyulacaq, hamı son qəpiyinə kimi məvacibini alacaq. Düşünmürəm ki, maaşın gecikməsi komandanın oyununa təsir etsin. Hamı bir nəfər kimi çalışır ki, komanda uğur qazansın, turnir cədvəlində mövqeyini yaxşılaşdırsın.
- Legionerlər də narazılıq etmir?
- Nə yerlilər, nə də legionerlər. Kollektivdə heç kim maaş davası etmir. Yenə deyirəm, hamı bilir ki, tezliklə məvaciblərini alacaqlar.
- Qış fasiləsindən sonra baş məşqçi postunda dəyişiklik olsa da, “Keşlə” autsyder mövqeyindən qurtula bilmir. Hazırda 7-ci pillədə qərarlaşan komandanın qələbə qazana bilməməsi nə ilə bağlıdı?
- Son iki oyunda da gördüz ki, matçın gedişində hesabda öndə olsaq da, sona qədər üstünlüyü qoruya bilmədik. Məncə, komandanın qələbə qazana bilməməsi bəxtsizliklə bağlıdı. Hər iki oyunda rəqibdən üstün təsir bağışladıq, çatışmayan 3 xal oldu. Ümid edirəm ki, qısa vaxtda “qara zolaqdan çıxmağı” bacaracağıq.
- Mövsümün əvvəlində “Keşlə” avrokuboklara əsas namizədlərdən biri sayılırdı. Ancaq hələ ki komanda ümidləri doğrultmur. Necə düşünürsüz, qarşıdakı turlarda möveyinizi yaxşılaşdıra bilərsiz?
- Sizə açıq deyirəm, “Keşlə”nin potensialı ilə turnir cədvəlindəki mövqeyi üst-üstə düşmür. Heyətdə yer alan oyunçularla daha yaxşı çıxış etmək və yuxarı yerlərdə qərarlaşmaq olar. Məncə, bəzi matçlarda bəxt bizdən üz döndərdi.
- Komanda həm də ölkə kubokunun yarımfinalına vəsiqə qazanıb. Çempionatdakı durumu nəzərə alsaq, məntiqlə bütün güc kubok qarşılaşmalarına qoyulmalıdı...
- Komandanın meydana çıxdığı bütün görüşlərdə - fərqi yoxdu, kubokdu, yoxsa çempionat – məqsəd birdi: hər matçdan qalib ayrılmaq. Bu gün yalandan deyə bilmərəm ki, əsas fikrimizi ölkə kubokuna yönəltmişik. Turnir cədvəlində vəziyyət elədi ki, bir neçə oyunda ardıcıl qələbə qazanacağımız halda üst pillələrə yüksələ bilərik. “Keşlə”nin potensialı buna imkan verir.
- Sabiq komandanız “Neftçi” “Qarabağ”la eyni xal toplasa da, ilk pillədədi. Sizcə, “ağ-qaralar” çempioluq yarışında sona qədər tab gətirə biləcək?
- Özünüz də bilirsiz ki, mən heç vaxt ayrıldığım klub barədə danışmıram. Ona görə də bu suala cavab vermək istəmirəm. Yalnız onu deyə bilərəm ki, “Neftçi” güclü komandadı və çempionluq uğruna sona qədər mübarizə aparacaq.
- Bəzilərinin fikrincə, “Neftçi”də Ceyhun Sultanova qarşı haqsızlıq oldu...
- Şərhsiz... Orda işlədiyim dönəmdə yaxşı insanlarla bir yedə oldum, mehriban kollektiv formalaşdırdıq. “Neftçi”yə uğurlar arzulayıram.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.