Sizin reklam burada

"Qarabağ"ın baş məşqçisi “Zimbru”da təcrübə keçir

Title
Elnur Vəliyev: “Məni dinləmədilər və üstünlüyü əvvəlki kimi braziliyalılara verdilər”
Rusiyada fəaliyyət göstərən "Qarabağ" futzal klubunun baş məşqçisi Elnur Vəliyev "moldfootball" saytına müsahibə verib. "Qarabağ"la Moldova "Şerif"ini müqayisə edən 35 yaşlı mütəxəssis Azərbaycan çempionunun daha böyük büdcəyə sahib olduğunu deyib: "Şerif"lə "Qarabağ"ın sistemi eynidi. Hər iki klub bütün dünyadan legionerlər dəvət edir və onlara yaxşı məvacib verir. Ona görə də əcnəbilər Bakı və Tiraspola gəlirlər. İki komanda arasında yeganə fərq odu ki, "Şerif" futbolçulara 10 min dollar, "Qarabağ" isə bundan 5 dəfə çox ödəyir. Ona görə də Azərbaycan çempionu avrokuboklarda üç dəfə "Şerif"i mübarizədən kənarlaşdırıb".
Hazırda Moldova "Zimbru"sunda təcrübə keçən Vəliyev bu komandanı seçməsinin səbəbini açıqlayıb: "Mənə gənclərlə iş daha maraqlı gəlir. 35 yaşım var və başa düşürəm ki, yaxın vaxtlarda "Qarabağ" və "Şerif" kimi yüksək büdcəli klublarda işləməyəcəm. Ona görə də "Zimbru"da təcrübə keçmək mənim üçün daha faydalıdı".
Gənc mütəxəssis əvvəllər Azərbaycanda legionerlərə daha çox pul verildiyini xatırladıb: "Elə ki büdcə azaldıldı, əcnəbilər dərhal ölkəni tərk etdilər. Klublar isə buna hazır deyildi. Çünki heç kim gənc futbolçu yetişdirmək barədə düşünmürdü. Hamı təcrübəli və hazır oyunçuları götürürdü".
Vəliyev Moskvada təsis etdiyi "Qarabağ" futzal komandasından da danışıb. Onun sözlərinə görə, ilk dönəmlərdə maliyyə və təşkilati problemlərlə üzləşib: "Öz cibimdən xərcləyirdim. Üstəlik, Azərbaycanda birlikdə oynadığım uşaqlar da kömək edirdi. 23 yaşıma qədər premyer-liqada, 1-ci diviizonda və futzal çempionatında oynadım. Komanda yoldaşlarımın bir çoxu Moskvaya köçmüşdü. Amma daha sonra fikrimi bəyənən insanlar üzə çıxdı və sponsorlar gəldi. Turnirlərə daha yaxşı hazırlaşmaq üçün ciddi məşq etməyə başladıq. Bunun üçün zal icarəyə götürdük, yoldaşlıq görüşləri keçirdik".
Mütəxəssis koronavirus pandemiyası ilə bağlı klubun fəaliyyətini müvəqqəti dayandırdıqlarını söyləyib: "İnanıram ki, payızda çıxışımızı bərpa edəcəyik. Dostum Ramil Adıgözəlov da mini-futbol üzrə Moldova çempionatında çıxış edən "Qarabağ" adlı klub yaradıb. Hətta onun dəvəti ilə bu komandada bir oyun keçirmişəm. Belə çıxır ki, "Qarabağ" adlı üç klubun (Bakı, Moskva və Kişinyovda) formasını geymişəm” (gülür).
Vəliyev futzal yığmamızın heyətində braziliyalı oyunçuların sayının çoxluğuna da münasibət bildirib: "Əvvəllər bu, müsbət hal idi. Yerli futzalçılar səviyyələrini artırmaq üçün kimdənsə öyrənməliydilər. Bu iş üçün ən yaxşı variant braziliyalılardı. İlk vaxtlarda ölkəyə daha yaxşı legionerlər gətirib, onları “milliləşdirmişdilər”. İndikilər isə onlar kimi deyil. Serjao və Biro Jade kimi braziliyalıların dövründə yığma Avropa çempionatının yarımfinalına çıxdı. Hazırkı əcnəbilər isə açıq-aşkar onlardan zəifdilər".
O, hazırda yığmada gənc futzalçı qıtlığının olduğunu gizlətməyib: "Futzaldan başı çıxanlar bilirlər ki, bu yöndə vəziyyət yaxşı deyil. Heyətdə yalnız 3-cü qapıçının 19 yaşı var. Digərlərinin yaşı 26 və daha çoxdu. Moskvada "Qarabağ"ı yaradanda Rusiyanın 1-ci liqasında oynamaq və komandaya istedadlı azərbaycanlı futzalçıları gətirmək istəyirdim. Bu yolla onlar təcrübə qazanacaqdılar. Amma məni dinləmədilər və üstünlüyü əvvəlki kimi braziliyalılara verdilər".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.