İspaniya sequndasında 26-cı turun oyunları keçirilib. Eddi İsrafilovun formasını geydiyi “Albasete” səfərdə “Sabadel”lə qolsuz bərabərliyə razılaşıb. Əsas heytdə meydana çıxan İsrafilov oyunu əvəzlənmədən keçirib. “Albasete” 25 xalla 22 iştirakçı arasında 21-ci yerdədi.
Niderlandın 2-ci liqasında 26-cı turun oyunları çərçivəsində Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” səfərdə “Maastrixt”lə münasibətləri aydınlaşdırıb. Milli üzvünün komandası meydandan məğlubiyyətlə ayrılıb – 0:2. Start heyətində meydana çıxan Kökçü 82-ci dəqiqədə əvəzlənib. “Telstar” 20 komandanın sıralamasında 34 xalla 9-cu yerdədi.
Almaniyanın 2-ci bundesliqasında 23-cü turun oyunları arxada qalıb. Dmitri Nazarovun şərəfini qoruduğu “Ertsgebirge” səfərdə “Holştayn”a 0:1 uduzub. Start heyətində meydana çıxan millinin yarımmüdafiəçisi 82-ci dəqiqədə əvəzlənib. 32 xala malik “Ertsgebirge” 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.
Gürcüstan çempionatında yeni mövsümə start verilib. İbrahim Qədirzadənin formasını geydiyi “Samtredia” səfərdə “Telavi”yə uduzub (0:1). Həmyerlimiz 68-ci dəqiqədə meydana çıxıb.
Türkiyənin 1-ci liqasında 24-cü tura yekun vurulub. Araz Abdullayevin şərəfini qoruduğu “Boluspor” dünən səfərdə “Menemenspor”la münasibətləri aydınlaşdırıb. Görüş millimizin yarımmüdafiəçisinin komandasının inamlı qələbəsiylə bitib (3:0). Araz 66-cı dəqiqədə, hesab 3:0 olarkən oyuna qoşulub. “Boluspor” 18 komandanın mübarizəsində 26 xalla 13-cü pillədə qərarlaşıb.