Sizin reklam burada

Kərimli danışdı, Qəribi ağlamaq tutdu

Title
Söz deyən cəhd eyləsin, söz barədə bir söz desin,
Ya da tərk etsin sözü, bundan xiridar şad olar.
Söz nədir, bir incidi, sərrafı israf eyləməz,
Bilməsək biz qədrini, gər bilsə əğyar, şad olar
(Şahin Qurbanov)
Yazıya şairin söz haqda dediyi bu misralarla başlamağımın səbəbi var. Son vaxtlar kim harda, necə gəldi danışır. Ümumiyyətlə, ölkəmizdə hamı, demək olar ki, sözbazdı. Azərbaycan futbolu haqda da çox sözlər danışılır. Bəs bu deyilənlər söz demək xətrinə işlədilir, yoxsa mənası var?
Millət vəkili Tahir Kərimli parlamentin plenar iclasında ölkə futbolunun mövcud durumundan söz açıb: “Futbol elə Bakıdan ibarətdi? Güclülər dəstəsindəki 9 klubdan 8-i Bakının payına düşür. Cəmi bir klub Qəbələni təmsil edir. Bəs başqa bölgələr? Futbol və futbol klubları ancaq Bakıdan ibarətdi? Deyirlər ki, Azərbaycan çempionatı keçirildi. Bu, elə Bakı çempionatı olub. Bunların çoxunu da SOCAR maliyyələşdirir. Hanı bizim böyük şirkətlərimiz? Yuxarı liqalara bir komanda belə çıxmır. Uduzan da, udan da yerində sayır. Yuxarı liqa, aşağı liqa məsələsi bizim futbolda yoxdu. Niyə ölkə futbolu yerində sayır? Niyə yerlərdə futbol, uşaq idmanı, uşaq futbolu inkişaf etdirilmir?”.
Deputat aidiyyatı qurumları bu məsələyə ciddi yanaşmağa dəvət edib. Sevindirici haldı ki, artıq Milli Məclisdə də futbolumuzun acınacaqlı vəziyyəti müzakirə olunur. Komandaların sayının azlığı qabardılır. Amma gərək söz deyiləndə mahiyyətini də anlayaq, söz xatirinə çıxış etməyək. Gözəl olmaz ki, hansısa mövzunu müzakirə edəndə məlumat toplayaq?
Hörmətli millət vəkili Tahir Kərimli, Azərbaycan çempionatı güclülər dəstəsi adlanmır. Rəsmi adı premyer-liqadı. Ola bilər ki, siz son dəfə bizim futbola elə çempionat güclülər dəstəsi adlanan zaman baxmısız. Hörmətli deputat, Azərbaycan çempionatında 9 yox, 8 komanda çıxış edir. Bunların 3-ü bölgəni, 5-i paytaxtı təmsil edir. Cənab Kərimli, doğru vurğulayırsız ki, klubların çoxunu SOCAR maliyyələşdirir, digər şirkətlər futbola maraq göstərmir. Amma SOCAR da həmin maliyyəni dayandırsa, vəziyyət necə olacaq? Deyirsiz ki, bölgələrdə futbol yoxdu. Bəli, düzdü. Bəs niyə təklif etmirsiz ki, SOCAR Bakı klublarını yox, region təmsilçilərini maliyyələşdirsin?
Düzgün vurğulayırsız ki, Azərbaycan futbolu yerində sayır. Amma heç düşünmüsüz ki, bunun səbəbkarlarından biri də elə siz deputatlar, nazirlərdi? Niyə bir dəfə də olsun, doğulduğunuz Ağsu rayonundakı komandalarla maraqlanmamısız? Niyə həmin rayonun icra başçısına təklif etməmisiz ki, gəlin komandamızın maliyyə problemini həll edək? Axı sizin bölgə üçün Prezident İlham Əliyev stadion inşa etdirib. Axı ordakı arena boş qalıb. Elə “Ağsu” da SOCAR tərəfindən maliyyələşirdi. Niyə onda demədiz ki, ay şirkətlər, gəlin bu komandanı dirçəldək? Ayaqda qalmasına dəstək olaq. Axı elə “Ağsu”nun futbolçuları pulsuzluqdan oyun alğı-satqısında iştirak etdikləri üçün 1-ci divizondan kənarlaşdırıldılar…
Və sonda hazırkı problemi yarımçıq da olsa, Milli Məclisdə dilə gətirdiyinizə görə sizə şəxsən təşəkkür edirəm. Lakin məsələdən danışıb, sonra sakit dayanmayın! Çarə deyin, həll yollarını səsləndirin. Çalışın ki, futbolumuz yerində saymasın!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.