Sizin reklam burada

16 tur ərzində Matiçin formasındakı səhvə fikir verən olmayıb

Title
PFL rəsmisi İntizam Komitəsinə haqq qazandırdı
Xəbər verdiyimiz kimi, AFFA İntizam Komitəsi “Qarabağ”ın üzvü Uraş Matiçin formasındakı adının standartlara uyğun olmaması səbəbindən klubu 3000 manat cərimələyib. Bu məsələ sosial şəbəkələrdə mübahisə mövzusu olduqdan sonra diqqəti cəlb etdi. Premyer-liqanın 16 turunda serbiyalı yarımmüdafiəçi eyni forma ilə meydana çıxıbsa, İntizam Komitəsi niyə məhz indi belə qərar qəbul edib?
Sualımızı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə ünvanladıq: “Mən bununla bağlı əvvəlcə də açıqlama vermişdim. PFL olaraq çempionat başlamamış qərar qəbul etmişdik ki, formaların arxasına ya futbolçuların ləqəbləri, ya da adları Azərbaycan əlifbasına uyğun qeyd olunsun. Yəni konkret olaraq “w”, “ć”, “š”, “ä” və sair hərflərdən istifadə olunmasın. “Qarabağ” bu qaydanı pozduğuna görə İntizam Komitəsi tərəfindən cərimələndi. Qurumun ictimaiyyət arasında və sosial şəbəkələrdə müzakirə mövzusu olan məsələlərlə bağlı qərar vermək hüququ var. Yəni İntizam Komitəsi istənilən vaxt hansısa problemlə bağlı qərar qəbul edə, şəxsləri və klubları cəzalandıra bilər. Matiçin forma məsələsi də sosial şəbəkələrdə müzakirə mövzusu olduğuna görə diqqəti çəkdi. Açığı, 16 tur ərzində bu məsələyə fikir verilməmişdi”.
Məsələ ilə bağlı ötən sayımıza açıqlama verən “Qarabağ”ın baş direktoru Əmrah Çəlikəl qərara etiraz etmişdi. Ağdam təmsilçisinin rəsmisi “kiçik araşdırma aparsaq, görərik ki, Azərbaycan əlifbasında yazılmayan adların olduğu formaları geyən futbolçular və oyun zamanı çəkilən şəkillər var. Bəs nəyə görə bunlara baxılmır? Bu qərarın əsası olmalı idi”, - deyə fikir səsləndirmişdi. Aslan Şahgəldiyev Çəlikəlin sözlərinə belə münasibət bildirdi: “Bizə bununla bağlı hansısa müraciət olmayıb. Belə bir şey olsa, həmin klublar da cəzalanacaq. Sosial şəbəkələrdə “Neftçi”nin futbolçusu Yusuf Lavalın adı ilə bağlı problem yaşandı. Biz bununla bağlı araşdırma apardıq. Futbolçu təqdim olunanda əynindəki formada adı “w” ilə yazılıb. Həmin geyimdən də ancaq yoldaşlıq görüşündə istifadə olunub. Premyer-liqa matçlarında “v” ilə yazılan formadan istifadə olunub. Komandaların yoldaşlıq görüşlərindəki formalarına qarışmırıq. Hətta bəzən tərlikdən də istifadə edirlər. Uroş Matiç isə həmin formadan rəsmi qarşılaşmada istifadə edib. Buna görə də klub cəzalanıb. Orda Matic yazılsaydı, cəzalanmayacaqdı. Çünki “c” bizim əlifbada var. Amma formanın arxasına Matić yazıldığı üçün ”Qarabağ” İntizam Komitəsi tərəfindən cərimələndi. İstənilən halda, xəbərdarlıqdan sonra hər şey yoluna qoyuldu. Artıq “Qarabağ” bu problemi həll edib. Növbəti oyunlarda formada ad Azərbaycan əlifbasına uyğun olacaq”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.