Sizin reklam burada

Toğrul Əsgərovun karyerası sual altındadı

Title
Olimpiya çempionu özü qərar verməlidi
Bu gün Kiyevdə güləş üzrə beynəlxalq turnir start götürəcək. Ukraynanın məşhur pəhləvanlarının və məşqçilərinin xatirəsinə keçiriləcək ənənəvi yarışda ölkəmizi sərbəst və qadın güləşçilər təmsil edəcək.
Sərbəst güləş yığmamız böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında 12 idmançı ilə turnirdə çıxış edəcək. Heyətdə Mahir Əmiraslanov, Əfqan Xaşalov, İslam Bazarqanov (hamısı 57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Əli Rəhimzadə, Turan Bayramov (hər ikisi 65 kq), Cəbrayıl Hacıyev (70 kq), Əşrəf Aşırov (74 kq), Rəşad Yusifli (79 kq), Osman Nurməhəmmədov (92 kq), İslam İlyasov (97 kq) və Vahid Qalayev (125 kq) yer alıb.
Fevralın 28-dək davam edəcək yarışda qadınlardan ibarət millimiz 9 güləşçiylə qüvvəsini sınayacaq. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Leyla Qurbanova, Tatyana Varansova (hər ikisi 53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (65 kq), İrina Netreba (68 kq), Gözəl Zutova və Səbirə Əliyeva (hər ikisi 76 kq) Kiyevdə uğur qazanmağa çalışacaq. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Vaqif Zeynallı və Həbib Nurulu təmsil edəcək.
Açıqlanan heyətdən göründüyü kimi, hər iki yığmanın tanınmış simaları kənarda qalıb. Xüsusilə olimpiya çempionu Toğrul Əsgərova şans verilməməsi narahatlıq doğurur. Gəncə güləş məktəbinin yetirməsinin hansısa probleminin olub-olmadığını öyrənmək üçün Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı ilə əlaqə saxladıq: “Toğrul Əsgərov təlim-məşq toplanışlarında iştirak edirdi. Bir qədər artıq çəkisi var idi. Bu problemi tədricən yoluna qoymağı planlaşdırırdı. Təbii ki, birinci lisenziya xarakterli turnirdə iştirakı gözlənilmirdi. İkinci analoji yarış üçün planlaşdırılmışdı. Tədricən formaya düşürdü. Kiyev turnirində də 79 kq-da iştirak etməliydi. Olimpiya çəkisi isə, bildyiniz kimi, 74 kq-dı. İkinci lisenziya turnirinə kimi çəkisini 74 kq-a salmalı idi. Amma komanda fevralın 7-də Dağıstana təlim-məşq toplanışına getməmişdən öncə zədələndi. Bu üzdən adı siyahıdan çıxarıldı. Ondan sonra hələ də məşqlərdə iştirak etmir, zədəsini tam sağaltmayıb. Onunla bağlı durum qeyri-müəyyəndi, sual altındadı. Necə olacağı, karyerasını davam etdirib-etdirməyəcəyi bilinmir. Bununla bağlı özü qərar verməlidi. Təbii ki, federasiya olaraq onun güləşməsinin tərəfdarıyıq və bunun üçün əlimizdən gələni edirik”.
Sərxan bəy üçqat dünya çempionu Hacı Əliyevlə bağlı bunları söylədi: “Hacı lisenziya xarakterli turnirə hazırlaşdığı üçün bu yarışa qatılmayıb. Bir müddət Bakıda bərpa prosesi keçdi. Tədricən formaya düşür. İnşallah, ondan da lisenziya gözləyirik. Ümumiyyətlə, onu da əlavə edim ki, Kiyev turniri bəzi çəkilərdə lisenziya xarakterli turnirlərə kimlərin qatılacağını müəyyənləşdirmək baxımından bir sınaqdı”.
Federasiya rəsmisi qadınlardan ibarət yığmanın lideri Mariya Stadniklə yanaşı, Tokio Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən, olimpiya, dünya və Avropa çempionu Şərif Şərifovun heyətdə yer almamasını isə belə əsaslandırdı: “Stadnik hazırda yaşadığı Lvov şəhərində təlim-məşq toplanışını davam etdirir. Orda komanda, sınaqçı-rəqiblər var. Onun ilk qatılacağı yarış martın 4-7-də İtaliyada keçiriləcək turnir olmalıydı. Amma bu da sual altındadı. Böyük ehtimalla apreldə təşkili planlaşdırılan Avropa çempionatında mübarizə aparacaq. Bilirsiz ki, Mariya Stadnik Şərif Şərifovla birgə Tokio Olimpiadasına lisenziyanı təmin edib. Bu üzdən hər ikisi lisenziya xarakterli turnirlərdən azaddı. Amma Olimpiadaya qədər formada qalmaq üçün ən azı bir-iki yarışda iştirakları planlaşdırılıb. Stadnikdən fərqli Şərifov yüz faiz İtaliyadakı turnirə qatılacaq. Yəqin ki, ondan sonra Avropa çempionatında da güləşə bilər. Üstəlik, Şərifin bu il yarış təcrübəsi də var. Fransada keçirilən turnirdə güləşmişdi. Zədələndiyinə görə yarışı başa vura bilmədiyi də məlumdu”.
KƏNAN
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.