Sizin reklam burada

Siyasət Əsgərov Moldova üzərində qələbəyə sevinir

Title
AFFA yığma üzvlərinin Rusiya klublarına keçidinə çalışır
Qadınlardan ibarət yığma Avropa çempionatının seçmə mərhələsinin son oyununda Moldovanı doğma meydanda 1:0 hesabıyla məğlub etsə də, qrupu sonuncu pillədə başa vurdu. Ötən saylarımızın birinə açıqlama verən baş məşqçi Siyasət Əsgərov tsikldəki rəqiblər bəlli olarkən qarşıya 3 xal qazanmaq məqsədi qoyduqlarını söyləmişdi. Yığma bu istəyinə çatdı, amma seçmə mərhələni sonuncu pillədə başa vurdu. AFFA mütəxəssislə yola davam edəcəkmi? Ümumiyyətlə, yığmanın növbəti planları və hədəfi nədi? Bütün bunlarla bağlı Siyasət Əsgərovla danışdıq.
- Moldova üzərində qələbə qazanmağınıza görə sevinirsiz?
- Qarşılaşma çətin keçdi. Həm hava şəraiti, həm ispanlara 0:13 hesabı ilə məğlub olmağımız psixoloji problem yaradırdı. Şükürlər olsun ki, qızlardakı özünəinamı geri qaytara bildik. Sevinirəm ki, qələbə qazandıq. Oyundan öncə müsahibələrimdə də qeyd edirdim ki, 3 xal qazanacağıq. Rəqibin oyunlarına baxmışdıq. Həm bizə qarşı oyunu, həm də digər yığmalarla görüşlərini təhlil etmişdik. Bilirdik ki, əsasən uzun ötürmələrdən istifadə edirlər. Əvvəlcədən qərarlaşdırmışdıq ki, rəqibə qarşı hansı sistemlə oynayacağıq. Düzdü, ilk yarıda istəyimiz alınmadı. Fasilədən sonra cihanlardan qurduğumuz hücumlar işə yaradı və qolu vurduq. Qələbəyə görə komandamı təbrik edirəm. Çünki ispanlarla oyundan sonra çöküş yaşamayıb, Moldovanı məğlub etməyi bacardılar.
- Meydana “necə olur-olsun, qələbə qazanaq” prinsipi ilə çıxmışdız?
- Məqsədimiz 1:0 hesablı qələbə deyildi. Daha çox qol vurmağı planlaşdırmışdıq. Ən azı 2:0 hesablı qələbə üçün meydana çıxmışdıq. Bunu bacarsaydıq, Moldova ilə arada olan top fərqinə görə onları üstələyəcəkdik, qrupu sonuncu pillədə bitirməyəcəkdik. Oyuna baxanda rəqibdən üstün idik. Düzdü, zaman-zaman xətlər arasında qırılmalar olurdu. Buna baxmayaraq, yaxşı oynadıq. Fərqi artırmaq şanslarımız da var idi. Olmadı, alınmadı. Nəticə olaraq sevinirik ki, sonuncu matçda qələbə qazandıq.
- Bundan sonrakı plan necədi? AFFA sizinlə yola davam edəcək?
- Bu seçmə mərhələ başa çatdı. Apreldə yenidən püşkatma olacaq, millinin rəqibləri bilinəcək, oyunların vaxtına aydınlıq gələcək. Bundan sonra rəhbərliyə hesabat təqdim edəcəm. AFFA rəsmiləri təqdim olunan izahatdan sonra mənimlə danışıb, qərar verəcək. Hazırda bu proseslərin baş verməsini gözləyirik.
- Seçmə mərhələdə komandaya ən çox hansı amil təsir etdi ki, ancaq sonuncu oyunda 3 xal qazana bildiz?
- Rusiyada çempionat oyunları start götürəcək. Məqsədimiz bəzi futbolçularımızın orda çıxış edən komandalara keçidinə nail olmaqdı. Nə qədər çox futbolçu legioner həyata yaşasa, bu, milli komandaya xeyir verəcək. Oyun praktikasından əziyyət çəkməyimiz bizə çox böyük problem yaratdı. AFFA hazırda bu məsələni həll etməyə çalışır.
- Növbəti tsikldə də hədəf 3 xal olacaq?
- Avropa çempionatının startından öncə müsahibəmdə demişdim ki, bu seçmə mərhələ bizim üçün praktikadı. Biz bu yolu keçməliydik. Bizim üçün yeni macəra başlamışdı. Artıq komanda kimi formalaşmışıq. Son oyunda bunu sübut etdik. Bundan sonrakı mərhələdə cəmi 3 xal üçün oynamayacağıq. Hər oyunda nəticə qazanmağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, daha çox xal yığaq, ölkəmizi layiqincə təmsil edək.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.