Sizin reklam burada

“Neftçi” üçün “Zirə” kabusu davam edir

Title
65. Zirə - Neftçi (Bakı) 1:0 (0:0)
1. Mateus Albino – 6,0
32. Qismət Alıyev – 6,0
12. Lazar Corceviç – 6,0
26. Nemanya Andelkoviç – 6,0
21. Hacıağa Hacılı – 5,5
2. Sərtan Taşkın – 6,0
8. İlkin Muradov – 5,5
4. Elvin Camalov – 6,0
10. Ağabala Ramazanov (k) – 5,5
(11. Klesio Bauk, 61) – 6,0
30. Riçard Almeyda – 6,5
(13. Şəhriyar Rəhimov, 75) – 5,5
9. Davit Volkov – 6,0
(29. Musa Qurbanlı, 80) – qiymətsiz
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
5. Kərim Diniyev
20. Əli Şirinov
77. Cəlal Hüseynov
6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: Riçard Almeyda
30. Aqil Məmmədov – 5,0
91. Tallison Dias – 4,5
3. Mamadu Mboc – 4,5
(22. Mirabdulla Abbasov, 72) – 4,5
6. Voislav Stankoviç – 5,0
5. Anton Krivotsyuk – 5,0
19. Fəhmin Muradbəyli – 4,5
(24. Yusuf Laval, 80) – qiymətsiz
36. Mamadu Kane – 6,0
8. Emin Mahmudov (k) – 5,5
7. Namiq Ələsgərov – 5,0
28. Stiven Jozef-Monroz – 5,0
9. Ahmed Ahmedov – 5,0
(29. Sabir Buqrin, 61) – 5,5
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
10. Saman Nərimancahan
17. Bruno Teluşi
20. Mert Çelik
4. Rener Alves
80. İsmayıl Zülfüqarlı
27. Fərid Yusifli
72. Emin Zamanov
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Mamadu Kane
Qol: D.Volkov, 67 (R.Almeyda).
Vərəqələr: M.Kane, 9 (qeyri-idman hərəkəti). M.Mboc, 72 (qeyri-idman hərəkəti). T.Dias, 77 (qeyri-idman hərəkəti). A.Krivotsyuk, 88 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Nicat İsmayıllı (hamısı Bakı).
Hakim-inspektor: Ramil Diniyev (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
25 fevral. Zirə. İdman Kompleksinin stadionu. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Bütün diqqətlər turun mərkəzi qarşılaşmasına yönəlmişdi desək, yanılmarıq. Bir tərəfdə “Qarabağ”ı məğlub edib, liderliyə yüksələn, Samir Abasovun gəlişindən sonra çempionatda məğlubiyyət tanımayan “Neftçi”, digər tərəfdə cari mövsümdə təəccübləndirməkdə davam edən, son matçlarda meydanı 2 qol vurmadan tərk etməyən Rəşad Sadıqovlu “Zirə”.
Oyuna rəng qatan məqam təkcə premyer-liqanın turnir cədvəlindəki vəziyyət deyildi. Bu məqamda qəsəbə təmsilçisinin ölkə kubokunda “ağ-qaralar”ı mübarizədən kənarlaşdırdığını da unutmaq olmazdı. Qısası, Samir Abasovla Rəşad Sadıqovun komandalarının cari mövsümdə indiyəqədərki 3 duelinin heç birində bakılılar qələbə qazanmamışdı. Qələbə bir tərəfə, rəqibin qapısına qol da vura bilməmişdi.
Qələbənin əhəmiyyətini nəzərə alsaq, hər iki komandanın oyuna ehtiyatlı başlayacağı gözlənilirdi ki, ilk 45 dəqiqədə bunun şahidi olduq. Mübarizə əsasən meydanın mərkəzində gedir, komandalar rəqibin müdafiə xəttində boşluq tapmaq üçün pusquda durmuş ovçuya bənzəyirdi. Belədə real qol imkanlarının yaranmaması da normal idi. 24-cü dəqiqədə Voislavın driblinqləri və sürəti hesabına rəqibin cərimə meydançasına qədər əla reyd etməsinin sonunda “çərçivə”yə dəqiq zərbə çatmadı. 33-cü dəqiqədə isə kornerdən sonra Mbocun başla vurduğu topu Almeyda qapı xəttindən çıxarmaqla komandasına həyat vermiş oldu.
Fasilədən sonra üstünlük “Neftçi”nin tərəfindəydi. Qol axtarışında olan “ağ-qaralar”ın topa nəzarət edib, cinah həmlələri hesabına sevinmək istəyi Ahmedin 53 və 56-cı dəqiqələrdəki qeyri-dəqiqliyi sayəsində həyata keçmədi. Abasov hücumu gücləndirmək üçün ayağında ağrılar hiss edən Ahmedi oyundan alıb yerinə Buqrini mübarizəyə atdı ki, belədə Jozef-Monroz forvard funksiyasını yerinə yetirməliydi. “Neftçi” qol axtarışına çıxdığı dəqiqələrdə qapısında top gördü. Riçardın əla ötürməsini ustalıqla ram edən Volkov dəqiq zərbə ilə Aqilin qoruduğu qapının torunu silkələdi.
Hesab açılandan sonra “qartallar”ı böyük qüvvə ilə geriyə çəkildiyinə görə qınamaq olmazdı. Məqsəd liderlə görüşdə qələbə gətirəcək hesabı qorumaq idi. Belədə “Neftçi” təzyiqi xeyli artırmış, hətta müdafiəçilər də hücuma atılmışdı. Tökülən tərə baxmayaraq, qonaqlar meydan sahiblərinin qapısına yol tapa bilmədi. Hətta yüzfaizlik imkan yaxalamaq da mümkün olmadı.
Samir Abasovun gəlişindən sonra çempionatda 7 oyundu məğlubiyyətin nə olduğunu bilməyən “Neftçi”ni udan “Zirə” həm çempionluğa oynayan iki komandaya yaxınlaşdı, həm də arxasınca gələn “Sumqayıt”dan uzaqlaşdı. “Neftçi” isə bu yenilgiyə görə ciddi psixoloji sarsıntı keçirmiş oldu.

Gözdən qaçmadı
* Hakimin start fitindən öncə dövlət himni səsləndirilməklə yanaşı, Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı stadionda birdəqiqəlik sükut elan olundu.
* Millinin baş məşqçisi Canni de Byazi turun mərkəzi oyununu izləmək üçün Zirəyə təşrif buyurmuşdu. İtalyan mütəxəssis tək deyildi, köməkçisi Arif Əsədov da onunla yanaşı əyləşmişdi.
* İkinci hissənin gedişində dördüncü hakimlə Rəşad Sadıqov arasında maraqlı dialoq yaşandı. Nicat İsmayıllı gənc mütəxəssisə yaxınlaşıb, sakitləşməyi tapşırdı, növbəti xəbərdarlıq zamanı ona vərəqə göstəriləcəyini deyincə, Sadıqov özünəməxsus şəkildə reaksiya verdi: “Sən məni kartla qorxudursan? Ver də “sarı”nı. Onsuz da etdiyinizi etmisiz”.
* Fasilədə futbolçular paltardəyişmə otağının yolunu tutanda İlkin Muradov ehtiyat oyunçular skamyasına tərəf gedib əyləşdi. Çox güman, butslarını dəyişirdi, ilk yarının gedişində hansısa problem yaranmışdı.
Reaksiyalar
Samir Abasov: “Bu gün rəqibin iki cəhətdə bizə problem yarada biləcəyini bilirdik. Biri standart vəziyyətlər, digəri də əks-hücumlar zamanı. “Yediyimiz” qola bənzər epizodları futbolçulara göstərmişdik. Dönə-dönə tapşırmışdıq ki, əks-hücumlarda diqqətli olmaq lazımdı. Kimin nə etməli olduğuna qədər başa salmışdıq. İnanmırsız, burdan çıxan kimi gedib özlərindən soruşa bilərsiz. 2-3 gün bazada qalıb, rəqibi təhlil etmişdik. Hətta oyundan 5-10 dəqiqə əvvəl də 2-3 nəfərə sonuncu tapşırıqları verdik. O səhvə görə həmin iki-üç nəfər cavab verəcək.
Bu gün tapşırıq belə idi ki, topa nəzarət edək, soyuqqanlı olaq, pressinq edək. Bunları davamlı edəcəyimiz təqdirdə qol epizodları da gələcəkdi. Necə ki, bir neçə dəfə qola yaxınlaşdıq. İkinci yarıda hədəfə yaxınlaşırdıq. Lakin həmin səhv... Qapanan rəqiblərə qarşı oynamaq çox çətindi. Messimiz, Ronaldomuz yoxdu ki, hər oyun 5-10 qol imkanı yaxalayaq. Onsuz da qol vurmaqla bağlı çətinliklər var. Belə olduğu halda bir də belə qol buraxmaq...
Hücumçu məsələsinə gəlincə, inanın mənə, seçim imkanımız yox dərəcəsində az idi. Ən yaxşı variantı seçdik. Qış fasiləsində futbolçu, özü də hücumçu tapmaq çətin olur. Məncə, Ahmed bu gün pis təsir bağışlamadı. İkinci oyunu olduğunu nəzərə alsaq, normal idi”.
Rəşad Sadıqov: “Oyunla bağlı danışmamış meydanın qardan təmizlənməsində əməyi olan hər kəsə təşəkkür etmək istəyirəm. Gecədən, bu gün səhər tezdən işin başındaydılar. Gördüyünüz kimi, örtüyü ideal vəziyyətə gətirə bildilər. Oyuna gəlincə, ilk hissədə hər iki komanda ehtiyatlı davranırdı. Fasilədən sonra temp yüksəldi ki, bir neçə qol şansları oldu. Lakin biz ələ düşən fürsətdən maksimum yararlandıq. Hesab açılandan sonra “Neftçi”dəki əvəzetmələr oyunun axarını rəqibin xeyrinə dəyişdi. Biz isə əsas diqqəti müdafiə xəttinə ayırmışdıq. Bu gün heç-heçə də bizim üçün yaxşı nəticə sayılacaqdı.
“5-li” müdafiə? Bir faktı deyim sistemlə bağlı. İndiyə qədər bir oyunda beş müdafiəçi ilə oynamışıq. Kubokun cavab görüşündə “Neftçi”yə qarşı. Hə, bir də “Sabah”a qarşı ilk 45 dəqiqədə. Digər görüşlərdə 4-4-2-ə üstünlük veririk. Bu gün də elə olmalıydı. Lakin “Neftçi”nin əsas heyətini görəndən sonra taktiki dəyişiklik etdik. Yəqin siz hücuma başladığımız anda Hacıağanı müdafiədə görüb “5-li” müdafiə sistemindən yararlandığımızı düşünürsüz. Bəzən rəqibin gücünü nəzərə alıb, müdafiəyə daha çox diqqət ayırmalı olursan. Səmimi deyirəm, bu gün tətbiq etdiyim sistem sevimli sistemim deyil. Dediyim kimi, rəqibin gücünü nəzərə alıb bu addımı atmalı oluruq. Rəqib “Neftçi”, yaxud “Qarabağ”dısa, nələrisə dəyişməyə məcbur olursan.
Volkovun zədəsi ciddi görünür. Həkimlərin ilkin rəyinə görə çiyni sınıb. Dərhal xəstəxanaya götürüldü. Filipe Pahtmannı itirmişdik, Dmitrios Çantakias cəzalı idi, Ruslan Qurbanovla Tural Bayramlı zədəyə görə kənarda qalıb, bu gün də Volkov həmin siyahıya qatıldı. Əlimizdə olan heyətlə yola davam edəcəyik”.
HƏMİD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.