Dünən Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib. 1/8 finala vəsiqə qazananlar arasında bizə yaxşı tanış olan komanda da var. Söhbət evdə, daha dəqiqi, Vilyarrelda keçirdiyi ilk oyunda “Hoffenhaym”la heç-heçə edən, amma cavab görüşündə gözlənilmədən 2:0 hesabıyla qələbə qazanan “Molde”dən gedir. Bildiyiniz kimi, bu komanda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi idi. Püşkün hökmü ilə komandalar Bakıda qarşılaşmalı olsa da, koronavirus qadağalarını əsas gətirən norveçlilər UEFA-nın dəstəyi ilə oyunun neytral meydana salınmasını bacardılar. Sentyabrın 16-da Cənubi Kiprin Larnaka şəhərində keçirilən həmin oyunda daha üstün təsir bağışlayan “Qarabağ”ın penalti seriyasında uduzduğunu da xatırlayırsız. “Molde”nin dünənki uğuru futbol agenti Erkin İbrahimovun da diqqətini cəlb edib: “Bu arada bəyənmədiyimiz, futbol ictimaiyyətinin fikrinə görə asan rəqib sayılan Norveçin “Molde” klubu səfərdə “Hoffenhaym”ı udaraq, Avropa Liqasının 1/8 finalına yüksəldi. Hansı ki, “Qarabağ” neytral meydanda “Molde” ilə tək qapı oynamışdı. Oyun Bakıda keçirilsəydi, Azərbaycan çempionu mərhələ keçərdi.
Ümümiyyətlə, azarkeşlərimizin, hətta bir çox özünü mütəxəssis sayan kəslərin "ura-patriot" baxış bucağı adama çatmır. Çempionatımızda cəmi 8 komanda var, aşağı yaş millilərimizin nəticələri göz önündədi, futbolçularımız uzağı Latviya, Moldova kimi ölkələrə gedir. Ancaq Norveçin, nə bilim, İsrailin aparıcı klublarını darmadağın etməliyik, Lüksemburq millisindən 2 oyunda 6 xal almalıyıq və s. Son illərin nəticələri isə göstərir ki, klub futbolumuz (“Qarabağ”ı çıxmaq şərti ilə) Şimali Makedoniya, Malta, Albaniya ilə yuxarı-aşağı eyni səviyyədədi. Milli komandalar səviyyəsində yerimiz mövcüd FİFA reytinqinə tam uyğundu”.