Sizin reklam burada

İlk “üçlük”lə başqaları arasında xal fərqi artır

Title
Premyer-liqanın dünən keçirilən 17-ci turundan sonra turnir cədvəlində ikihakimiyyətlik bərpa olundu. Ötən tur son saniyə qolu ilə “Qəbələ”ni yenib liderliyə yüksələn “Neftçi” hesabat turunda uduzmaqla “Qarabağ”ın onu haqlamasına imkan verdi.
Turun ilk görüşündə “Qəbələ” ötən tur “Qarabağ”la qolsuz bərabərə qalan “Sumqayıt”ı qəbul edirdi. “Kimyaçılar” 16-cı turda son illərin dəyişməz çempionundan xal qoparmağı bacarmışdısa, bölgə təmsilçisi “ağ-qaralar”a yenilməklə bu oyuna bir qədər bədbin əhval-ruhiyyədə hazırlaşmışdı. Komandaların düşərgəsində fərqli ab-havanın hökm sürməsinə baxmayaraq, “Qəbələ” özündə güc tapıb meydanı qələbə ilə tərk etməyi bacardı. Bölgə təmsilçisi minimal hesablı qələbə ilə 6-cı pillədə qərarlaşan “Səbail”dən bir qədər də uzaqlaşdı, 4-cü yerdəki “Sumqayıt”la isə xal fərqini 2-yə endirdi.
Turun maraqla gözlənilən qarşılaşması, heç şübhəsiz, Zirədə baş tutdu. Son iki turda qələbəyə həsrət qalan qəsəbənin eyniadlı təmsilçisi lider “Neftçi”ni qonaq edirdi. Artıq ilk dəqiqələrdən azarkeşlərin məhsuldar oyun izləməyəcəyi bəlli idi. Meydanda daha çox baş məşqçilərin taktiki savaşı gedirdi. Fevralın 7-də “ağ-qaralar”ı kubokdan uzaqlaşdıran “qartallar” bu dəfə də onları əliboş yola salmağı bacardı. Matçın taleyini sonradan çiynindən ciddi zədə alan David Volkovun qolu həll etdi. Deyəsən, Samir Abasovun “Rəşad Sadıqov sindromu” var. Və belə görünür, tezliklə bu sindromdan qurtula bilməyəcək. Yəqin klub rəhbərliyi, elə baş məşqçi özü də yaxşı başa düşür ki, çempionluğun taleyi təkcə “Qarabağ”ı udmaqla həll olunmur. Mövsümün sonunda “qızıl”ı boynundan asmaq istəyən komanda başqa rəqiblərlə görüşlərə də ciddi hazırlaşmalıdı. Əks halda paytaxt təmsilçisinin azarkeşləri çempionluq sevincini yaşamaq üçün hələ çox gözləməli olacaqlar.
Masazırdakı stadion turun oyunlarını qəbul edəcək stadionlar arasında ən çox qar düşən arena idi. Buna baxmayaraq, “Sabah” rəhbərliyi, stadionun əməkdaşları əlindən gələni etdi ki, komanda meydana çıxsın, mövsümdə 5-ci qələbəsini qazanmaqla sonuncu pillədən qurtulsun. Təəssüf ki, Visente Qomesin yetirmələri onlar üçün tər töküb qazon təmizləyən adamların əməyini layiqincə qiymətləndirmədi. Əslində bu turda “Sabah”ın 8-ci pilləni tərk edib üst sıralara qalxacağını güman edənlərin sayı yetərincə çox idi. Çünki rəqib “tələbələr”lə eyni xala malik olan, sadəcə, öz aralarındakı oyunlara görə 7-ci yerdə qərarlaşan “Keşlə” idi. Həftəboyu mediada “Keşlə”nin futbolçularının 3 aydı maaş üzünə həsrət qaldığı barədə xəbərlər yayılmışdı. O da qeyd olunurdu ki, pulsuzluq komandaxili ab-havanı korlayıb. Ancaq “tələbələr” bu fürsətdən də yararlana bilmədi. İspan mütəxəssisin komandasının hələ bir qədər bəxtinin gətirdiyini də vurğulamaq lazımdı. Fofana uzatma dəqiqələrində qol vurmasaydı, “Sabah” mövsümdə 11-ci dəfə meydanı məğlub tərk edəcəkdi. Oyun heç-heçə başa çatdığından autsayderlərin mövqeyində dəyişiklik olmadı.
Və nəhayət, turun son görüşündə “Qarabağ”la “Səbail” qarşılaşdı. “Dənizçilər” çox çalışsalar da, boyundan hündürə tullana bilmədilər. “Köhlən atlar” minimal qələbə sayəsində “Neftçi” ilə xalını bərabərləşdirdi.
Yeri gəlmişkən, onu da vurğulayaq ki, bu turun üç görüşündə meydan sahibləri minimal hesabla qalib gəldi. Yalnız “Sabah” ardıcıllığı pozaraq “Keşlə” ilə bərabərə qaldı.
Azərbaycan premyer-liqası
17-ci tur, 25 fevral
Qəbələ - Sumqayıt 1:0
Zirə - Neftçi 1:0
Qarabağ – Səbail 1:0
Sabah – Keşlə 1:1
1. Neftçi 17 10 3 4 21-17 33
2. Qarabağ 17 9 6 2 39-13 33
3. Zirə 17 7 7 3 23-18 28
4. Sumqayıt 17 6 5 6 20-21 23
5. Qəbələ 17 5 6 6 16-23 21
6. Səbail 17 4 4 9 17-27 16
7. Keşlə 17 3 6 8 16-26 15
8. Sabah 4 3 10 17-24 15
Növbəti turun oyunları: 2 mart – Səbail – Keşlə, Qarabağ – Qəbələ; 3 mart – Sumqayıt – Zirə, Neftçi – Sabah.
Bombardirlər: Mahir Emreli (Qarabağ) – 11, Namiq Ələsgərov (Neftçi) – 10, Davit Volkov (Zirə) – 8, Filip Ozobiç (Qarabağ), Əli Qurbani (Sumqayıt) – 7.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.