Sizin reklam burada

“Qəbələ” “Sumqayıt”ı əliboş yola saldı...

Title
...və yenə hakimlikdən narazı qaldı
66. Qəbələ – Sumqayıt 1:0 (0:0)
1. Anar Nəzirov (k) – 5,5
28. Murad Musayev – 5,0
9. Ehtiram Şahverdiyev – 5,0
77. Merab Qiqauri – 5,5
13. Yurgen Qoxa – 5,5
26. Stefan Vukçeviç – 5,0
23. Rafael Utriq – 5,0
71. Rüfət Əhmədov – 5,5
11. Asif Məmmədov – 5,5
(14. Cavid Hüseynov, 85) – qiymətsiz
32. Nikolas Raysel – 6,0
99. Ceyms Adeniyi – 5,5
(70. Ülvi İsgəndərov, 87) – qiymətsiz
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
5. Rasim Ramaldanov
74. Yusif Nəbiyev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
2. Vinko Medimoreç
10. Rövlan Muradov
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
55. İdris İnqilablı
Məşqçi: Xaqani Məmmədov
Komandanın ən yaxşısı: Nikolas Raysel
1. Mehdi Cənnətov – 5,0
97. Xəyal Nəcəfov – 4,5
(22. Cavid İmamverdiyev, 82) – qiymətsiz
14. Elvin Bədəlov – 4,0
6. Vüqar Mustafayev (k) – 4,5
78. Dmitri Nağıyev – 4,5
5. Camaləddin Xocaniyazov – 4,5
4. Höccət Haqverdi – 4,5
17. Murad Xaçayev – 4,5
18. Süleyman Əhmədov – 4,5
(20. Rüfət Abdullazadə, 59) – 4,5
11. Mehdi Şərifi – 4,0
(60. Elvin Məmmədov, 75) – 4,0
9. Əli Qurbani – 4,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
33. Eltun Turabov
30. Nəbi Məmmədov
8. Səbuhi Abdullazadə
65. Sənan Ağayev
37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Mehdi Cənnətov
Qol: C.Adeniyi, 51 (N.Raysel).
Vərəqələr: X.Nəcəfov, 9 (qeyri-idman hərəkəti). S.Vukçeviç, 29 (qeyri-idman hərəkəti). M.Qiqauri, 60 (qeyri-idman hərəkəti). C.Xocaniyazov, 60 (qeyri-idman hərəkəti). E.Şahverdiyev, 65 (qeyri-idman hərəkəti). R.Abdullazadə, 79 (qeyri-idman hərəkəti). A.Nəzirov, 89 (oyunun bərpasını ləngitmək). C.Hüseynov, 90 (hakimin qərarına etiraz). R.Utriq, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakim: SƏBUHİ BAYRAMOV, Eyyub İbrahimov, Nahid Əliyev, Rauf Allahverdiyev (hamısı Bakı)
Hakim-inspektor: Ömər Paşayev (Bakı)
AFFA nümayəndəsi: Maşallah Əhmədov (Bakı).
25 fevral. Qəbələ. Şəhər stadionu. Tamaşaçısız.
Yalnız ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Səbuhi Bayramovun start fitindən sonra “Qəbələ” irəli atılsa da, “Sumqayıt” intizamlı oyun sayəsində rəqibin həmlələrini dəf etməyi bacardı. Artıq 5-ci dəqiqədə qonaqlar “Qəbələ”ni əks-hücumda yaxalaya bilərdilər. Meydan sahiblərinin müdafiəçiləri kobudluq bahasına olsa da, bu cəhdin qarşısını aldılar. Ümumilikdə “Qəbələ” daha fəal görünür və tez-tez “Sumqayıt”ın müdafiəçilərini narahat edirdi. Amma “Neftçi”ylə oyunda olduğu kimi, bu dəfə də “vuran ayaq” problemi özünü göstərirdi. 12-ci dəqiqədə Utriqin əla ötürməsini qapıya zəif zərbəylə tamamlayan Adeniyi əlverişli fürsəti boşa verdi. Nigeriyalının zərbəsini tutmaq Cənnətov üçün çətin olmadı. Qolkiper 16-cı dəqiqədə əsl məharətini göstərdi. Dağıstanlı qapıçı Asifin yaxın küncə ünvanlanan zərbəsini vaxtında qarşıladı. Künc zərbəsindən havalandırılan topa gürcü Qiqaurinin başla zərbəsi isə qeyri-dəqiq oldu. Hücum növbəsi “Sumqayıt”a çatanda Nəzirov yaxşı oynadı. “Qəbələ”nin qapıçısı vaxtında irəli çıxmaqla komanda yoldaşlarının alqışını qazandı.
22-ci dəqiqədə “Qəbələ” hesabı aça bilərdi. Çoxgedişli kombinasiyanın sonunda Qiqauri “çərçivə”ni dəqiq nişan almadı. İki dəqiqə sonra Süleyman Əhmədov onun “qəhrəmanlığını” təkrarladı. Sol cinahdan cərimə meydançasına daxil olaraq qapıçıyla üzbəüz qalan gənc yarımmüdafiəçi topu Nəzirovun üstünə vurdu. 34-cü dəqiqədə “Qəbələ” hesabı açmaq üçün qazandığı daha bir imkanı boşa verdi. Künc zərbəsindən havalandırılan topu hamıdan yüksəyə tullanan Mehdi Cənnətov tutdu. 4 dəqiqə sonra hakim “Sumqayıt”ın qapısına penalti təyin edə bilərdi. Raysel sürətlə cərimə meydançasına daxil oldu, iki müdafiəçidən sıyrılmağa çalışarkən Bədəlovun müdaxiləsiylə yerdə qaldı. Gözlər hakimə çevrilincə Səbuhi Bayramov “davam” işarəsi verdi. Qalan vaxt ərzində maraqlı heç nə baş vermədi.
Fasilədən qayıdan “Qəbələ” dərhal irəli atıldı. Bir dəqiqə ərzində iki əlverişli fürsət qazanan “qırmızı-qaralar” bunların heç birindən yararlana bilmədi. Meydan sahibləri, nəhayət, 51-ci dəqiqədə hesabı açdı. Raysel yüngül toxunuşla topu Adeniyiyə ötürdü. Nigeriyalının qüvvətli zərbəsi qarşısıalınmaz oldu. Qoldan sonra da “Qəbələ” hücumlarını davam etdirirdi. 57-ci dəqiqədə Adeniyi özünün və komandasının ikinci qolunu vurmağa yaxı idi. Son anda topa ayaq qoyan müdafiəçilər ona mane oldu. Süleyman Əhmədovu Rüfət Abdullazadə ilə əvəzləyən Ayxan Abbasovun oyuna müdaxilə etmək istəyi də başadüşülən idi. Çünki hesabı bərabərləşdirmək üçün yetərincə vaxt qalırdı. Böyük qüvvə ilə irəli atılan “kimyaçılar” ardıcıl iki dəfə künc zərbəsi vurmaq hüququ qazandı. Lakin bunun heç birini “çərçivə”yə zərbə ilə yekunlaşdırmaq mümkün olmadı. Qonaqların nisbətən fəallaşması oyunun da sürətinə və baxımlılığına təsir etmişdi. Epizodlar bir-birini əvəzləyir, top gah bu, gah da digər komandanın qapısı qarşısında peyda olurdu. Təəssüf ki, futbolçular tələskənlik edir, bu da zərbələrin və ötürmələrin qeyri-dəqiq alınmasıyla nəticələnirdi. “Gənclik şəhəri” təmsilçisi 70-ci dəqiqədə hesabı bərabərləşdirə bilərdi. İrəli çıxan Nəzirov topu yumruqlarıyla uzaqlaşdırıb, rəqibin sevinməsinə imkan vermədi. İrəli atılan qonaqlar müdafiədə boşluqlar da buraxırdı. Amma “Qəbələ”nin əsas nöqsanı - əlverişli vəziyyətlərdən yararlana bilməmək - özünü göstərirdi. 90-cı dəqiqədə Vüqar Mustafayev cərimə meydançasında Rayseli yerə sərdi. Birinci hissədə olduğu kimi, bu dəfə də hakim davam işarəsi verdi. Qalan dəqiqələrdə tərəflərdən heç biri fərqlənə bilməyincə, meydan sahibləri minimalhesablı qələbəyə sevindi.
AMAL

Reaksiyalar
Ayxan Abbasov: “Qəbələyə səfər etmək, burda yerli komandayla qarşılaşmaq həmişə çətindi. Bilirdik ki, “Qəbələ” ilə oyun çətin keçəcək. Rəqib qalib gəlməyi çox istəyirdi. Buna da hazırlıqlı idik. Bugünkü oyunumuz heç də ən yaxşılardan biri olmadı. Çempionatda mübarizə hələ davam edir. Hər tur çətin qarşılaşmalar oynayırıq. Məğlub olduq, rəqibi təbrik edirəm. Əsasən hücum xəttindən narazı qaldım. Bizim futbolçularımızda aqressivlik çatışmır. “Qəbələ”də isə bu, yaxşı alınırdı. Qol vəziyyətlərimiz çox az oldu. Səfər oyunu olduğuna görə bunu normal qarşılamaq lazımdı. Sona doğru rəqib vaxtı çox uzadırdı, hakimlərdən əsas narazılığım bununla bağlı idi. Ədalət təmsilçiləri ciddi səhvə yol vermədilər”.
Xəqani Məmmədov: “Maraqlı oyun izlədik. Bu qarşılaşmaya ciddi hazırlaşmışdıq. Futbolçularımız əsl xarakter nümayiş etdirdilər və sona qədər döyüşdülər. Bunun da sayəsində qələbə qazandıq. Hakimlər öz idarəçiliklərini təhlil etsələr, görəcəklər ki, yüzfaizlik penaltini təyin etməyiblər. İki mübahisəli vəziyyət oldu. Qoy özləri baxsınlar və qərar versinlər. Nədənsə bizim oyunlarımızda tez-tez səhvə yol verirlər. Bu matşda da belə oldu. Ümumiyyətlə, penalti yerinə yetirməmişik (gülür). Qarşımıza məqsəd qoymuşduq ki, qələbə qazanaq. Buna da nail olduq, layiqli qələbə qazandıq”.

Gözdən qaçmadı
* Hakimin start fitindən öncə futbolçular mərkəz dairənin ətrafına toplaşdılar. Stadionun diktorunun elanından sonra “Sumqayıt”ın dünyasını dəyişən vitse-prezidenti Vaqif Ömərovun xatirəsi birdəqiqəlik sükutla yad edildi.
* “Neftçi”ylə görüşdə aldığı qırmızı vərəqə səbəbindən Elmar Baxşıyev texniki zonada yer ala bilməmişdi. Onun əvəzinə köməkçisi Xəqani Məmmədov futbolçulara göstərişlər verirdi.
* İlk yarıda “Qəbələ”nin hücumu zamanı top baş hakim Səbuhi Bayramova toxunaraq istiqamətini dəyişdi. Yeni qaydalara uyğun olaraq, oyunu saxlayan referi topu dəyişdikdən sonra qarşılaşmanın bərpasına icazə verdi.
* 25-ci dəqiqədə “Sumqayıt”ın yarımmüdafiəçisi Süleyman Əhmədov əlverişli fürsəti boşa verdi. Onun inamsız oyunu qonaq komandanın rəsmilərindən birini özündən çıxardı. VİP tribunada səsini yüksəldən şəxsin futbolçunu acılaması klub prezidenti Riad Rəfiyevi dilə gətirdi. “Sumqayıt”ın prezidenti “çox üstünə getmə, Sülüylə işin olmasın” deməklə futbolçusuna sahib çıxdı.
* Az sonra meydanda daha bir diqqətçəkən olay yaşandı. “Sumqayıt”ın iranlı hücumçusu Əli Qurbani rəqibin müdaxiləsiylə yerdə qalarkən rus dilindəki məşhur söyüşü işlətdi. “B” hərfiylə başlayan həmin kəlmə tribunalarda da aydın eşidildi ki, bu da Riad Rəfiyevin maraqlı reaksiyasına səbəb oldu. Rəfiyevin “Əliyə bax e, yıxılanda “ay b...” qışqırır” deməsi ətrafdakıları güldürdü.
* Rayselin Bədəlovun müdaxiləsiylə yerdə qalması və hakimin fitinin susması fransalı futbolçuya xeyli pis təsir etmişdi. Təsadüfi deyil ki, Səbuhi Bayramov birinci hissənin bitdiyini bildirən kimi Nikolas ona yaxınlaşdı və əliylə cərimə meydançasına işarə edərək narazılığını bildirdi. Bayramov isə üzünə ciddi ifadə verərək futbolçuyla ünsiyyət qurmaq fikrinə olmadığını göstərdi.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.