Sizin reklam burada

İlham Yadullayev rəqiblərin yaxınlaşmasını normal sayır

Title
“Hava şəraiti istədiyimiz oyunu göstərməyə imkan vermədi”
Xəbər verdiyimiz kimi, birinci divizionda 14-cü turun oyunları keçirilib. Turun bəzi görüşləri əlverişsiz hava şəraiti üzündən təxirə salınıb. Baş tutan oyunlarda "Zaqatala" "Qarabağ-2"yə 1:0 hesabıyla qalib gəlib. Digər qarşılaşmada isə turnir cədvəlinin lideri "Turan Tovuz" autsayder "Qaradağ Lökbatan"la 1:1 hesablı bərabərliyə razılaşıb. Tovuzluların əvvəlki turda "Sumqayıt-2" ilə oyunu isə hesab 0:0 olarkən yarımçıq dayandırılmışdı. Hazırda "Turan Tovuz"un 29 xalı var və ən yaxın izləyicisi "Zaqatala" ilə xal fərqi 1-ə enib. Komandanın son vəziyyəti ilə bağlı baş məşqçi İlham Yadullayevə müraciət etdik. O, "Qaradağ Lökbatan"la oyun haqda bunları dedi: "Bu qarşılaşmada komanda yaxşı çıxış etdi. Futbolçuların oyunundan razı qaldıq, yaxşı mübarizə apardılar. Sadəcə, hava şəraiti istədiyimiz oyunu göstərməyə imkan vermədi. Artıq iki oyundu qar yağır və bu səbəbdən müəyyən çətinliklər yaşayırıq. "Sumqayıt-2" ilə qarşılaşmada da qarın yağması oyunumuza mane olmuşdu. Yaxaladığımız imkanlardan istifadə edə bilmədik. Rəqibi də təbrik etmək lazımdı. Yaxşı mübarizə apardılar, döyüşdülər".
Bölgə təmsilçisinin çalışdırıcısı rəqiblərlə xal fərqinin azalmasına və son oyunlardakı xal itkilərinə də toxundu: "Bunlar normal haldı. Biz xal itiririksə, rəqib də qalib gələrək fərqi azaldır. Bir müddət əvvəl çempionluqla bağlı danışarkən vurğulamışdım ki, çempionat uzun marafondu və yüzfaizlik komanda yoxdu. Diviziondakı hər komandanın gücü, demək olar ki, eynidi. Bu baxımdan xal fərqinin minimuma enməsi normaldı. Əsas səbəb bizim son oyunlarda xal itirməyimizdi. Deyərdim ki, son iki qarşılaşmada sırf hava şəraiti üzündən qələbə qazana bilmədik. Biz məşq edəndə meydan quru olur, taktikanın üzərində işləyirik, oyuna hazırlaşırıq. Qarşılaşma zamanı isə qar yağır, çalışdığımız hər şey qıraqda qalır, məcburən həftə ərzində hazırlaşmadığımız oyunu göstərməli oluruq. Çempionatla bağlı iddiamız dəyişməyib. Mövsümün əvvəlində də məqsədimiz yüksək yerləri tutmaq olub. İndi də ilk pillədəyik. Bu yeri qoruyub-saxlamağa iddialıyıq".
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.