Sizin reklam burada

Pandemiya qalxan ola bilməz

Title
Koronavirus pandemiyası səbəbindən Tokio Yay Olimpiya Oyunlarının taleyi sual altında olsa da, keçiriləcəyi ilə bağlı müsbət siqnallar hər ötən gün daha da artır. Bu üzdən idmançılar 4 illiyin ən böyük yarışına hazırlığı davam etdirir. Paralel olaraq beynəlxalq yarışlara qatılmaqla vəsiqə problemini həll etməyə çalışırlar. Amma qeydə alınan nəticələr onların asanlıqla hədəfə çatacağından xəbər vermir.
Koronovirusla bağlı həyatın bütün sahələri kimi, idman təsərrüfatı da böyük ölçüdə iflic olub. İdman zallarının qapalı olması bu yöndə ən böyük maneələrdən sayılır. Bu üzdən yaxşı hazırlıq keçməyən idmançının yüksək nəticə qazana bilməməsi ilk baxışdan normal qarşılana bilər. Əslində isə heç də belə deyil. İdman Nazirliyinin də birbaşa dəstəyi sayəsində federasiyaların Operativ Qərargaha müraciətləri müsbət qarşılanır. Yəni yarışlara hazırlaşmaq üçün şəraitin yaradılmadığını önə çəkmək, bundan qalxan kimi istifadə etmək düzgün deyil. Üstəlik, yığmalar üçün ölkə xaricində təlim-məşq toplanışlarının təşkil olunduğunu da unutmamalıyıq. Belə olan halda isə bunun qarşılığını ummaq, yəni nəticə tələb etmək haqqımızdı. Onu da unutmayaq ki, məlum problemdən, demək olar ki, bütün ölkə təmsilçiləri əziyyət çəkir. Yəni hamı eyni vəziyyətdədi.
Bu mövzuya toxunmağımın səbəbi var. Yeni il başlayandan cüdo üzrə milli komandamızın üzvləri iki nüfuzlu yarışda mübarizə aparıb. Özü də kifayət qədər böyük və sanballı heyətlə. Təəssüf doğuran məqam isə kəmiyyətin keyfiyyətdə əksini tapmamasıdı. Məsələn, yanvarda Qətərin paytaxtı Dohada keçirilən "World Masters"də yığmanın qazancı iki medal olub. Zelim Kotsoyevlə (100 kq) İrina Kindzerska (+78 kq) yalnız finalda uduzaraq gümüş medal qazanıb. Bir neçə gün öncə İsrailin paytaxtı Təl-Əvivdə təşkil olunan "Böyük Dəbilqə"də qazancımız isə 1 “qızıl” olub. Davud Məmmədsoy (60 kq) fəxri kürsünün ən yaxşı pilləsinə yüksəlib. Məmmədəli Mehdiyevlə Zelim Kotsoyev bürünc medalın biraddımlığında dayanaraq 5-ci yeri tutubsa, qalan yığma üzvlərinin əksəriyyəti uğursuz çıxışla yadda qalıb. Nəzərə alaq ki, 5-ci yer üçün medal vermirlər. Sadəcə, cüdoçular əmsallarını bir qədər zənginləşdirmək imkanı qazanırlar. 15 nəfərlik heyətin vətənə cəmi 1 medalla dönməsi faktdı, acı reallıqdı. Həyəcan təbili çalmaq üçün ciddi siqnaldı.
Açığı, Cüdo Federasiyası rəhbərliyinin bu nəticələri necə qarşıladığından, narahat olub-olmadığından xəbərsizəm. Baş məşqçilər Ruslan Maşurenko və Natiq Bağırovdan uğursuzluğa görə hesabat tələb edilib-edilmədiyini də bilmirəm. Bildiyim odu ki, rəhbərlik bu məsələyə mütləq şəkildə müdaxilə etməlidi. Uğursuzluğu şərtləndirən səbəblər araşdırılıb üzə çıxarılmalı, həll yolları tapılmalıdı. Bir sadə məntiqlə ki, cüdo ölkəmiz üçün sıradan idman növlərindən biri yox, daim uğurlarına sevindiyimiz bir sahədi. Elə Tokio Olimpiadasında da güləşdən sonra ən çox medal məhz cüdodan gözlənilir. Çünki millidə yetərincə potensiallı, parlaq fiqurlar var. Rəhbərlik tərəfindən cüdoçular üçün yüksək şərait yaradılıb. Belədə nəticələrin buna uyğun olmaması ciddi problem kimi narahatlıq doğurur. Bir sözlə, pandemiya bəhanə deyil, qalxan ola bilməz. Zəhmət çəkin, səbəblər üzərində baş sındırın, nə qədər gec deyil, vəziyyəti yaxşıya doğru dəyişin. Çünki Olimpiadanın startına az qalıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.