Sizin reklam burada

Moldovanı udmaq, yoxsa İspaniyadan daha az qol buraxmaq?

Title
Qadınlardan ibarət yığmamız Moldova üzərində 1:0 hesablı qələbə qazandı. Yaxşı ki, bu görüş “CBC Sport” telekanalı vasitəsiylə canlı olaraq ekranlara gətirilirdi. Biz də baxdıq, qızlarımızın nəyə qadir olduğunu görmək imkanı qazandıq. Təəssüf ki, sözügedən telekanal İspaniya ilə görüşü azarkeşlərdən gizlətməyi üstün tutdu. Səbəbini də təxmin etmək çətin deyil. Düzdü, deyə bilərlər ki, həmin gün, həmin saatda Avropa Liqasının daha maraqlı oyunu var idi, Kiyev “Dinamo”sunun Azərbaycanda yaşayan azarkeşlərini sevindirməyə çalışdıq. Çünki millimiz İspaniyanı “ASK Arena”da qəbul edəndə və ispan qızlar qapımıza hər zövqə uyğun qol vuranda “CBC Sport”un efirində Avropa Liqasının “Dinamo” - “Brügge” qarşılaşması canlı yayınlanırdı. Bəli, biz kanalın seçiminə hörmət etməyə borcluyuq. Bu, bir növ ona bənzəyir ki, kiminsə evinə qonaq gedirsən. Məcbursan ki, masaya qoyulan yeməkdən yeyəsən. Xoşuna gəlsə də, gəlməsə də. “CBC Sport” da bizimlə eyni cür davranır. Özü də təkcə qadınlardan ibarət yığmamız oynayanda yox. Oxşar münasibət həm aşağı yaş qrupları üzrə millilərimizə, həm də divizion komandalarına göstərilir.
Dostlarımız bir şeyi unudurlar ki, bu telekanal məhz Azərbaycan futbolunun daha yaxşı təbliği üçün yaradılıb. “CBC Sport” yaranmamış da Çempionar Liqasının, Avropa Liqasının və “böyük beşlik” ölkələrinin birincilikləri doğma dilimizdə yayınlanırdı. Onlar da xarici klubları ölkəmizdə təbliğ edəcəkdilərsə, öz futbolumuz əcnəbilərin ayağına verilir. Qoy bu telekanalda çalışan dəyərli həmkarlarımız məndən inciməsinlər. Fərqindəyəm ki, bütün bunları deməklə bir qədər sadəlövhlük edirəm. Çox güman, İspaniya ilə qarşılaşmanın ekranlara gətirilməməsinin səbəbi “Dinamo”-“Brügge” qarşılaşmasıyla eyni vaxta təsadüf etməsi deyildi. Siyasət Əsgərovun çalışdırdığı komandanın ispanlarla görüşdə böyük hesabla məğlub olacağı gözlənilən idi. Əvvəla ona görə ki, Azərbaycan və İspaniya futbolu arasındakı fərq dibi görünməyən uçurumla belə müqayisə oluna bilməz. Özü də bu fərq qadın futbolunda daha dərindi. Üstəlik, komandamız uzun fasilədən sonra ilk oyuna çıxacaqdı. Çempionat keçirilmədiyindən futbolçu qızlarımızın da ayağına bu müddət ərzində top dəyməmişdi. İspanlar isə futbolu təkcə millinin heyətində oynamırlar. Ordakı qızların normal çempionatı var. 2019-cu ilin oktyabrında milimiz ispanlara qonaq getmiş, qapısından 4 cavabsız top buraxmışdı. Bütün bunları göz önünə alanda Bakıdakı görüşdə də bizi yaxşı heç nəyin gözləmədiyini təxmin etmək çətin deyildi. Görünür, “CBC Sport”un çox dəyərli baş direktoru Volkan Üst də bunu gözə alıb və komandamızın oyununu gizlətməyi lazım bilib.
Moldova ilə qarşılaşmada vəziyyətin fərqli olacağını gözləməyə dəyərdi. Çünki moldavanlar da bizim günümüzdədi. Bu görüşə qədər rəqibi bizdən fərqləndirən cəmi bir göstərici var idi. Həmin göstərici də bu idi ki, onlar 3 xal qazanmışdılar. Özü də həmin xalı Azərbaycanla oyunda hesablarına yazmışdılar. Bəli, maraqlı mənzərədi. Moldavanların gücü ancaq bizə çatmışdı. Biz də qrupdakı yeganə qolumuzu onların qapısına vurmuşduq, qarşılaşma 1:3 hesabıyla yekunlaşmışdı. Daha bir maraqlı məqamı deyim, siz də bilin. Moldova da Azərbaycandan başqa heç bir komandanın qapısına yol tapmamışdı, bütün oyunlarda “quru” hesabla uduzmuşdu. Çexiya iki matçda bizim komandanın qapısına 7 dəfə yol tapmışdısa, moldavanların qapı torunu düz 14 dəfə silkələmişdi. Bizə cəmi 14 qol vuran ispanlar da onlara qarşı daha amansız davranmış, 19 cavabsız qolla Moldova millisini məyus etmişdi. Polşanın hər iki komandaya vurduğu qol sayı isə eynidi: 8 qol bizə, 8 də onlara. Göründüyü kimi, qüvvələr nisbəti aşağı-yuxarı eynidi. Biz moldavanlardan daha az qol buraxmağımızla öyünsək də, onlar bizdən çox qol vurmaları ilə qürrələnirlər. Uzun sözün qısası, xal sayımız eyni olsa da, onlar bizim qapımıza daha çox yol tapmaları ilə təskinlik tapa bilərlər.
Necə ki, biz “ASK Arena”da qazandığımız qələbəni böyük şövqlə bayram etdik, sevindik. Sözün düzü, oyunu izləyə-izləyə qızlarımıza ürəyim ağrıyırdı. Onların elementar səhvlər etməsi, taktikadan-filan xəbərsiz olması əhvalı korlamırdı. Zərif cincin nümayəndələrinin soyuq və qarlı havada əziyyət çəkməsinə üzülürdüm. Yaxşı ki, sonda bu zəhmətin qarşılığı qələbə oldu. Heç şübhəsiz, AFFA da bu qələbənin qarşılığında qızlara yaxşı mükafat yazacaq, Siyasət Əsgərov də bir müddət tənqiddən kənarda qalacaq, özünü baş məşqçi postunda rahat hiss edəcək. Bütün bunları dəqiq deyə bilərəm. Amma bir şeydən əmin deyiləm. Moldova üzərindəki minimalhesablı qələbə İspaniya ilə oyundakı biabırçılığı unutdurdu, ya yox?! Bu sualın cavabını hər kəs özü üçün versə, daha yaxşı olar. Allah bizi daha betər məğlubiyyətlərdən qorusun.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.