“Məğlub düşüncələri rədd etməyə çalışmalıyıq”
Ölkəmizin futbol yığmasının baş məşqçisi Canni de Byazi "Zirə"nin məşqində olub. İtaliyalı Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan məşqi izləyib. 65 yaşlı mütəxəssis hazırlıq prosesindən əvvəl və sonra qəsəbə təmsilçisinin baş məşqçisi Rəşad Sadıqovla, məşqçilər korpusunun digər üzvləri ilə fikir mübadiləsi aparıb.
De Byazi ölkəmizdəki fəaliyyəti, üzləşdiyi çətinliklər haqda da danışıb. İtaliyalı mütəxəssis “Calciosovietico” nəşrinə açıqlamasında bunları söyləyib: “Albaniya yığmasındakı şəraiti nəzərə alsaq, həmin uğuru əldə edəcəyimizi heç kim təsəvvür edə bilməzdi. Hazırda çalışdığım Azərbaycan yığmasında da yeni mentallıq və beynəlxalq yarışlara fərqli yanaşma formalaşdırmağa çalışıram. Biz gəncləri yetişdirməyə çalışmalı və onların təcrübələrini genişləndirməli, təlim-məşq toplanışları təşkil etməliyik. Bunlar gənclərin texniki və taktiki baxımdan artırmasına istiqamətlənib”.
De Byazi DÇ-2022-nin seçmə mərhələsi haqda da iddialı danışıb: “Biz qrupda 5-ci komanda kimi mübarizəyə başlayırıq. Amma məni 4-cü yer qane etmir. Məğlub düşüncələri rədd etməyə çalışmalıyıq. Bütün imkanlardan yararlanmaqla qərarlı və intellektli komanda olduğumuzu göstərmək istədiyimizə çox inanıram".
Mütəxəssis İtaliya futbolunun ölkəmizdə yaxından izləndiyini də vurğulayıb: “Bizim futbol Azərbaycanda çox məşhurdu. Bir çox insan İtaliya komandalarına azarkeşlik edir. Bilirəm ki, "Yuventus", "Milan", "İnter" və "Roma"nın xeyli tərəfdarı var”.
Xatırladaq ki, yığmamız DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya, İrlandiya, Serbiya və Lüksemburqla eyni qrupda mübarizə aparacaq. Həmçinin mundiala evsahibliyi edəcək Qətər yığması da müsabiqədənkənar əsasda bu qrupdakı komandalarla üz-üzə gələcək.