Sizin reklam burada

Alesionu legionerlərin milliyə qoşulmaması narahat edir

Title
“Moldovanın oyun üslubu tanışdı, elə də dəyişiklik yoxdu”
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-ü və 9-da Moldova ilə qarşılaşacaq millinin baş məşqçisi Joze Alesio da Silva Futzal Federasiyasının saytına açıqlama verib. Braziliyalı mütəxəssis öncə qarşıdakı oyunlara hazırlıqla bağlı danışıb: “Fikrimcə, komandanın hazırlıq durumu əvvəlki oyunla müqayisədə indi daha yaxşıdı. Çünki bu dəfə hazırlaşmaq üçün vaxtımız çoxdu. Müqayisə üçün deyim ki, Slovakiya ilə matça cəmi 10 gün məşq keçməklə çıxmışdıqsa, indi ən azı iki rəsmi oyun da var hesabımızda. Yəni yanvardakı məşqlər və sonra iki oyun keçirməyimiz komanda olaraq boşluqları görməyimizə və aradan qaldırmağımıza imkan verdi. Təbii ki, qarşıdakı günlərdə də “axsadığımız” məqamlar üzərində işləyəcəyik”.
Alesio heyətlə bağlı problemlərin olduğunu da qeyd edib: “Fineo zədəli olduğuna görə Slovakiya və Yunanıstana qarşı oyunlarda iştirak etmədi. Düzdü, məşqlərə başlayıb, amma tam hazır deyil. Bakıdakı oyunda iştirak edib-etməyəcəyini deyə bilmərəm. Ümid edirəm ki, ən pis halda səfərdəki qarşılaşmaya hazır olacaq. İsa Atayevin də yüngül zədəsi var, Fineodan fərqli, o, bizə kömək edəcək vəziyyətdədi”.
Rəqib haqda da danışan Alesio Moldova yığmasının hazırda yaxşı formada olduğunu vurğulayıb: “Əlbəttə, rəqibimiz olduğuna görə Moldovanın hər iki matçını izləmişəm. Həm də təxminən ilyarım əvvəl qarşılaşmışdıq. Oyun üslubu tanışdı, elə də dəyişiklik yoxdu, amma komanda olaraq yaxşı formadadılar. Bu da onların daha əvvəldən hazırlıq və yoldaşlıq oyunları keçirməsi ilə bağlıdı. Meydanda çox intizamlıdılar. Nəticələri də bunu deyir. Xüsusilə də Slovakiyaya qarşı oyunlarını qeyd edərdim. Həmin matçda hətta qələbə qazanmağa da yaxın oldular. Ona görə diqqətli olmalıyıq”.
Millinin çalışdırıcısı toplanış üçün bir həftənin yetərli olduğunu bildirib: “Fevralın 25-də toplanışa başlayacağıq. Ancaq toplanışa qədər də məşqlərimizi edirdik. Ona görə qarşıdakı günlərin tam hazır olmaq üçün yetərli olacağı qənaətindəyəm. Yaxşı olardı ki, legioner kimi başqa ölkələrdə çıxış edən futzalçılarımız da ilk gündən hazırlığa qoşulsunlar. Təəssüf ki, bu alınamayacaq. Çünki onların formasını geydiyi klubların çempionat oyunları var”.
Alesio hər iki oyunda qazanılacaq qələbənin belə liderliyi təmin etməyəcəyini deyib: “Rəqibimizə hörmətlə yanaşırıq. Bizim tapşırığımız isə hər iki oyunda qələbə qazanmaq, hesabımıza 6 xal yazdırmaqdı. Bunu reallaşdırsaq, liderliyi təmin edəcəyikmi? Bu haqda danışmaq tezdi. Ancaq mübarizənin sona qədər davam edəcəyini düşünürəm”.
Yeri gəlmişkən, Moldova ilə səfər maçtının hakimləri açıqlanıb. Əsas hakim polşalı Damian Qrabovski olacaq. Ona həmyerlisi Dominik Tsipinski kömək edəcək. Martın 9-da Kişinyovdakı “Futzal Arena”da baş tutacaq oyun Bakı vaxtı ilə saat 20.30-da start götürəcək. Bu komandalar arasında ilk oyun isə martın 4-də Bakı İdman Sarayında keçirləcək. Matçın start fiti saat 19.00-da səslənəcək. Millimiz iki oyunda topladığı 6 xalla 3-cü qrupun lideridi. Moldova 4 xalla ikinci, Slovakiya 1 xalla üçüncüdü. İlk iki oyunda məğlub olan Yunanıstan isə sonuncudu.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.