Sizin reklam burada

Matiç “Qarabağ”ı 3000 manat ziyana saldı

Title
Çərşənbə axşamı AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda Azərbaycan premyer-liqasının 16-cı, birinci divizionun 14-cü turunun oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə edilib, müvafiq qərarlar qəbul olunub. “Sumqayıt” – “Qarabağ” oyununda qonaqların futbolçusu Uroş Matiçin formasında standartlar pozulduğu üçün klub 3000 manat cərimələnib.
“Keşlə” – “Zirə” görüşünün 61-ci dəqiqəsində Dmitrios Çantakias aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Qonaqların futbolçusu 2 oyun cəzalanıbsa, klub 1600 manat ziyana düşüb.
“Neftçi” – “Qəbələ” matçında bölgə təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 800 manat cərimələnib. “Qəbələ” 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün də 800 manat ziyana düşüb.
Həmişə olduğu kimi, birinci divizionla bağlı cəzaların çoxluğu diqqəti çəkir. MOİK – “Zaqatala” oyununda 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə “hərbçilər” 80 manat cərimələnib. Meydan sahibləri xərəkdaşıyan və topdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün də eyni məbləğdə cərimlənənib. “Zaqatala”nın qapıçısının geyim formasında qüsur olduğundan oyun gec başlayıb ki, bölgə klubu buna görə 80 manat “tərləyəcək”.
“Keşlə-2” – “Neftçi-2” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından klub 80 manat cərimələnib. Meydan sahiblərini Turan Vəlizadə də ziyana salıb. Futbolçu qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan qovulduğu üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. “Keşlə-2”nin digər futbolçusu Orxan Fərəcov da qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıb. Ona 1 oyunluq sanksiya tətbiq olunub, klub 20 manat ziyana düşüb. Meydan sahiblərinin qapıçısının geyim formasında qüsur olduğuna görə qarşılaşma gec başlayıb. “Keşlə-2” buna görə 80 manat “tərləyəcək”. “Neftçi-2” də “qarmağa keçib”. Qonaqların futbolçusu Nihad Qurbanlı “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığından 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib.
Beləliklə, klublara ümumilikdə 6 min 660 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 87 min 940 manata çatıb.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.