Sizin reklam burada

AFFA, “Neftçi” və PFL rəsmisi Banişevskini yad etdi

Title
Fevralın 23-də Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, uzun illər "Neftçi"nin heyətində oynayan, SSRİ yığmasında çıxış edən, dövrünün ən güclü futbolçularından sayılan Anatoli Banişevskinin doğum günü idi. Anadan olmasının 75-ci ildönümündə mərhum futbolçunun məzarı üzərinə AFFA tərəfindən əklil qoyulub. COVID-19 pandemiyası üzündən mövcud tələb və tövsiyələr nəzərə alınaraq tədbir keçirilməsə də, müvafiq qaydalar yol verəcəyi təqdirdə qarşıdakı aylarda Banişevskinin 75 illik yubiley tədbirlərinin təşkil olunması nəzərdə tutulub.
“Neftçi” də əfsanəvi futbolçunu yad edib. Mərhumun məzarı önünə klub tərəfindən əklil qoyulub.
PFL-in baş direktoru Məlik Həsənov isə Anatoli Banişevski ilə bağlı xatirələrini bölüşüb: “Anatoliylə çox yaxşı münasibətimiz var idi. Onun haqda ancaq xoş sözlər deyə bilərəm. Bir dəfə yemək yeyəndə ondan soruşdum ki, “Tolik, səni SSRİ-nin ən yaxşı komandaları öz heyətində görmək istəyir. Niyə getmirsən?” O isə cavabında dedi ki, “mənim kimi futbolçular orda çoxdu, amma burda mən təkəm. “Neftçi” mənim üçün doğma komandadı. Həm də Bakısız qala bilmərəm”. Vətəninə bağlı insan idi. Gözəl yumor hissi var idi. Rafiq Əlizadə (“Neftçi”nin sabiq hücumçusu) ilə tez-tez zarafat edərdi. Zarafatla ona deyirdi ki, “Rafiq, sən necə hücumçusan? 15 ilə 4-5 qol vurmusan”. Rafiq də gülərək cavab verirdi: “Nə olsun az qol vurmuşam, əsas odu ki, 50 dəfə penalti qazanmışam. Sən də qazandığım bütün penaltiləri qola çevirib “Fedotov klubu”na (karyerası ərzində minimum 100 qol vuran sovet və rus futbolçuların qeydə alındığı siyahı – red.) düşmüsən”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.