Sizin reklam burada

PFL-dən təqdirəlayiq addım

Title
Amma qüsurlar da aradan qalxmalıdı
Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsidi. Əvvəllər hər ailə televizorun başına yığışaraq müxtəlif verilişləri, proqramları izləyirdisə, indi dövr dəyişib. Artıq hər kəs ya kompüterdə, ya da telefonda fərqli sosial şəbəkələr vasitəsi ilə informasiya qəbul edir, biliklərə sahib olur. Yuxarıda sadaladıqlarımı nəzərə alıb, deyə bilərəm ki, Azərbaycanda ən çox inkişaf etmiş sosial şəbəkə “yutub” platformasıdı. Bizim xalq görməyi, izləməyi daha çox sevir. “Yutub” da bizə başverənləri göstərir, göstərərək də öyrətməyə çalışır. Həm də istifadə çox rahatdı. Daxil ol, izləmək istədiyini axtarışa ver, mütləq arzuladığın mövzuda nəsə tapacaqsan.
Videolar toplusundan ibarət bu platforma futbola da təsir edib. Artıq dünyanın nəhəng klubları burda özlərinə rəsmi kanallar açaraq, azarkeşlərinə maraqlı kontentlər hazırlayırlar. Matçlardan öncə və sonra canlı yayın təşkil edərək oyunçularından alınan müsahibələri, açıqlamaları təqdim edirlər. Azərbaycan futbolunda “yutub”a keçid dövrü yaşanır. “Neftçi”nin bu platformadakı kanalı peşəkar televiziyalardan heç də geri qalmır. Hətta flaqmanın ikinci komandasının 1-ci diviziondakı qarşılaşmaları burda izləyicilərə canlı təqdim olunur.
“Yutub”un ölkəmizdə sürətlə populyarlaşması PFL-in də nəzərindən yayınmayıb. Düzdü, qurum uzun müddətdi həm premyer-liqa, həm də birinci divizion üçün ayrıca kanal açaraq qarşılaşmaların icmallarını orda yayınlayır. Ötən mövsüm Azərbaycanın ikinci çempionatının bir neçə matçı PFL-in rəsmi kanalı vasitəsi ilə tamaşaçılara canlı təqdim olunmuşdu. Lakin PFL hazırda kanalın fəaliyyət istiqamətini genişləndirib. Qurum “CBC Sport” telekanalında yayınlanan oyunları eyni zamanda “yutub” istifadəçilərinə təqdim edir.
PFL artıq birinci divizion görüşlərini də müntəzəm “yutub”da canlı yayınlayacaq. 14-cu turun üç oyununu rəsmi kanal vasitəsi ilə izləyicilərə təqdim etməyi planlaşdırmışdılar. Çərşənbə axşamı “Zaqatala” - “Qarabağ-2”, çərşənbə günü “Turan Tovuz” - “Qaradağ Lökbatan” oyunu canlı yayınlanıb. MOİK - “Kəpəz” dueli üçün canlı yayın nəzərdə tutulsa da, hava şəraiti qarşılaşmanın təxirə salınmasına səbəb olub. Buna baxmayaraq, bu, birinci divizion tarixində bir ilk idi. İndiyə kimi heç bir kanal Azərbaycanın səviyyəcə ikinci çempionatının bir həftə ərzində 3 qarşılaşmasından yayın təşkil etməmişdi. Ya edə bilməmişdi, ya da etmək istəməmişdi. Bunu kanal rəhbərlərinin özləri bilər. Amma premyer-liqaya yüksəlməyə namizəd olan 3 komandanın oyununu futbolsevərlərə izlətməyəcə cəhd edən PFL-ə xüsusi təşəkkür düşür.
İndi də keçid alaq yayınların müsbət və mənfi tərəflərinə. Əvvəlcə onu qeyd edim ki, oyunlar iki kamera ilə çəkilsə də, görüntünün kefiyyəti heç də peşəkar kanallardakından geri qalmır. Amma epizodların, qolların təkrarı göstərilmir. Bu isə izləyici üçün qarşılaşmanın gərginliyini öldürür. “Neftçi TV” bunu öz yayınlarında edə bilirsə, PFL kimi qurumun da bacarması çətin olmaz. Ən çatışmayan amil isə oyunlarda şərhçinin olmamasıdı. Bu problem yayını maraqsız edir, həyəcanı öldürür. Ən azı studiya şəraitində PFL əməkdaşlarından kimsə qarşılaşmanı şərh edə bilər. Bu olsa, izləyici sayı da artar, yayın axıcı olar. Müsbət məqamlara gəlincə, PFL-in bu yayınları təşkil etməsi həqiqətən alqışalayiqdi. Birinci divizionda başverənlərin canlı şahidi oluruq. İzləmə sayı da kifayət qədərdi. Çempionatın hər tur iki-üç daim izləyicilərə təqdim olunsa, bu say daha da artacaq. Bu təşəbbüs müəyyən mənada PFL-in büdcəsinə də xeyir verə bilər. Yəqin “yutub”un qazandıran platforma olduğundan xəbərdarsız. Həm dünyada, həm də ölkəmizdə burdan kifayət qədər gəlir əldə edən şəxslər, şirkətlər var. Kontenti özünə məxsus olan, heç bir yerdə göstərilməyən kadrları izləyicilərinə təqdim edən kanallar burdan daha çox qazanc götürürlər. Düzdü, platforma Azərbaycandan yayınlanan videolar üçün çox az məbləğdə pul verir. Lakin PFL-in rəsmi kanalları canlı yayınları ilə istənilən səviyyədə gəlir əldə edə bilər. Məsələn, məhz oyunları göstərərək 1-ci divizion üçün sponsor da tapmaq olar. İzləyici sayını istənilən səviyyəyə çatdırandan sonra ölkədəki şirkətlər, əsasən də enerji içkiləri ilə əməkdaşlıq etmək mümkündü. Həmin qurumlar “yutub”da bir çox kanallarla əməkdaşlıq edirsə, birinci divizionun oyunlarına maraq göstərərlər. Yaxşı olar ki, qarşılaşmalardan sonra həm futbolçularla, həm də baş məşqçilərlə fləş-müsahibələr təşkil olunsun. Bu, birinci divizionun rəsmi kanalına marağı daha da artırar. Və ya həftədə bir dəfə əyləncə xarakterli proqram hazırlanması izləyicilərin çoxalmasına səbəb ola bilər.
İstənilən halda, PFL-in “yutub”da fəaliyyətə başlaması təqdirəlayiq haldı. Birinci divizion oyunlarının canlı təqdim olunmasına görə isə quruma ayrıca təşəkkür düşür. Təki belə təşəbbüslər çox olsun və biz də yaxşı-pis tərəflərini dilə gətirək...
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.