Sizin reklam burada

Azərbaycan futbolu yeni üsyana “hamilədi”?!

Title
“Neftçi”nin “Qarabağ”ı məğlub etməsiylə Azərbaycan premyer-liqasına intiriqa, həyəcan, mübarizə qayıtdı. Çoxdan bunun həsrətindəydik. Hadisələrin bu ssenari ilə inkişafı təkcə “Neftçi”yə könül verən azarkeşləri sevindirmir. Ölkə çempionatındakı proseslərin maraqlı şəkil alması həm idman mətbuatının böyük əksəriyyətinin, həm də bitərəf futbolsevərlərin ürəyincə oldu. Onsuz da koronavirus pandemiyası, sərt karantin qaydalarının gətirdiyi qadağalar olan-qalan sevincimizi də əlimizdən alıb, yaşamaq həvəsimizi öldürüb. Bu mənada premyer-liqadakı çempionluq mübarizəsinin qızışması, rəqabətin yaranması lap yerinə düşdü. 16-cı turda yaşananlar da bu ləzzətin hələ uzun müddət davam edəcəyinə işarə idi. “Qarabağ” Sumqayıt səfərində çətinliklə üzləşdi. Düzdü, “köhlən atlar” səviyyə fərqini ortaya qoyub, 90 dəqiqə ərzində üstün görünməyi bacardı. Amma bu üstünlük qola çevrilmədi ki, nəticədə tərəflər meydandan qolsuz heç-heçə ilə ayrıldı. Belədə “Neftçi”nin rəqibindən bir qədər də aralanmaq fürsəti yarandı. Heç şübhəsiz, Samir Abasov və onun yüksək motivasiya ilə meydana çıxardığı futbolçular bu fürsəti qaçırmamaq üçün əllərindən və ayaqlarından gələni edəcəkdilər.
“Bakcell Arena”dakı 90 dəqiqə bu gözləntiləri doğrultdu. Əsas heyətin əhəmiyyətli üzvlərini “Qarabağ”la oyundakı qırmızı vərəqələr üzündən itirən “xalq komandası” üçün “Qəbələ” ilə oyun çətin keçdi. Bölgə təmsilçisi qələbə üçün meydana çıxan rəqibi ilə 90 dəqiqə ərzində başabaş mübarizə apardı. Hətta zaman-zaman “Qəbələ” “Neftçi”dən üstün də göründü. Amma “qırmızı-qaralar” İnqilab Məmmədovun final fitindən sonra üzülən tərəf oldu. Meydandan azı 1 xalla ayrılmağa layiq olan qonaqlar sonda məğlubiyyətlə barışdılar. 93 dəqiqə ərzində rəqibin təzyiqinə dözən “Qəbələ” üçün son saniyələrdə hər şey alt-üst oldu. Daha doğrusu, kapitan Emin Mahmudovun fantastik zərbəsi 1 xal ümidlərinin də üstündən qalın bir xətt çəkdi. Kapitan sonradan özü də bildirib ki, 90 dəqiqə ərzində toplanan bütün qəzəbini, enerjisini həmin zərbə ilə çıxarmağa çalışıb, var gücüylə topa zərbə vurub. “Neftçi” üçün böyük xoşbəxtlik oldu ki, həmin zərbə “çərçivə”yə getdi və çempionluq yolunda vacib olan 3 xal qazanıldı. “Qəbələ”nin bu məğlubiyyəti haqda növbəti yazılarımızda mütləq danışarıq. Çünki yetərincə ciddi səbəblərə dayanan və geniş mövzudu. “Qırmızı-qaralar”ın düşdüyü durumun üzərindən ötəri keçmək olmaz.
Qayıdaq premyer-liqanın hazırkı görüntüsünə. Düzdü, gərginlik və rəqabət artır, buna paralel olaraq çempionatdakı mübarizə daha maraqlı şəkil alır. Hər şey yaxşıdı, hətta əladı. Pis odu ki, elitada fit çalan, bayraq qaldıran ədalət təmsilçiləri bu gərginliyə hazırlıqlı görünmürlər. İndiyə qədər çempionatın mübarizəsiz, səs-küysüz, gərginlik olmadan keçməsi onların da başının altına yumşaq bir yastıq qoyub. Hakimlər və Hakim-İnspektorlar Komitəsinin əcnəbi sədri Frits Stuxlik də başverənlərə müdaxilə etmək iqtidarında deyil. Elitada mübarizə aparan klubların əksəriyyətinin AFFA-nın nəzarətində olması, klub rəhbərlərinin “eyni qab”dan çörək yeməsi Stuxliki də, onun sevimlilərini də arxayınlaşındırıb. Bir sədr ki, açıq-aşkar “hakimlər səhv edirlər, bundan sonra da onlardan səhv gözləyin”, - deyə sevimlilərinin kobud səhvlərinə göz yumub, onları cəzasız qoya, bunun sonunun acınacaqlı olacağı da bəlli idi. Azərbaycan hakimliyinin hazırkı simasında xarizma, qətiyyət çatmır. Səhvlər bir-birini əvəz edir, futbolçuların əziyyəti və futbola xərclənən pullar boşa gedir. Bu tur kobud səhvə yol verən hakim görürsən ki, bir həftə sonra yenə məsul oyunda söz sahibidi. Belədə hakimlərin hansı məsuliyyətindən, hakimliyin hansı inkişafından danışmaq olar?
“Qarabağ” - “Neftçi” qarşılaşmasında hamı meydan sahiblərinin vurduğu qolu, qonaqlara verilən vərəqələri müzakirə etdi. Epizodların birində Zubirə qarşı cərimə meydançasında kobudluq, “Qarabağ”ın hücumu zamanı fransalı oyundankənar vəziyyətdə olmaya-olmaya, havaya qalxan bayraq unuduldu. “Neftçi” - “Qəbələ” qarşılaşmasında da hakimlərin “gözlə görünməyən” səhvlərindən çox danışmaq olar. İlk yarının sonunda top Mamadu Mboca dəyərək meydandan çıxdı. İnqilab Məmmədov və köməkçisi korner əvəzinə qapıdan zərbə təyin etdi. Halbuki yorğun və gərgin meydan sahiblərinin əleyhinə olacaq künc zərbəsi “Qəbələ” üçün qol ümidi ola bilərdi. Samir Abasov tez-tez texniki zonanı tərk etməyi sevən çalışdırıcıdı. Elə Emin Mahmudovun qolundan sonra çalışdırıcı meydana daxil oldu. Təbii ki, cəzasız qalmadı. Elmar Baxşıyevə də texniki zona qaydalarını pozduğuna görə vərəqə göstərildi, davamında isə gənc mütəxəssis tribunaya göndərildi. Təsadüfi deyil ki, Baxşıyev oyundan sonrakı mətbuat konfransında etiraz səsini ucaldıb, mətbuat nümayəndələrinə şikayətlənməklə ürəyini boşaldıb. Bu etiraz bir oyunda yığılan mənfi enerjinin nəticəsi deyil.
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov da “Keşlə” ilə görüşdən sonra “oyunlarımızda qəribə qərarlar olur” deyib. Görünən odu ki, Azərbaycan premyer-liqası yeni üsyanlara, etiraz dalğasına “hamilə” qalıb. Turlar irəlilədikcə, hakim səhvləri sıralandıqca bu üsyan daha da alovlanacaq. Sonra deməyin ki, xəbərdar etmədik!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.