Sizin reklam burada

Amil “Sabah”ın sabahını qaraltdı

Title
61. Səbail – Sabah (Bakı) 2:0 (1:0)
96. Nikolas Hagen – 5,0
3. Turan Manafov – 5,0
4. Ali Sisey – 5,0
55. Adil Nağıyev – 5,0
34. Urfan Abbasov – 5,0
19. Luka İmnadze – 5,0
(22. Əfran İsmayılov, 78) – qiymətsiz
23. Milovan Petroviç – 5,0
14. Rahid Əmirquliyev (k) – 5,0
28. Məqsəd İsayev – 5,5
(26. Kamal Qurbanov, 88) – qiymətsiz
27. Hendrik Ekşteyn – 5,0
(77. Ədilxan Qarəhmədov, 82) – qiymətsiz
29. Amil Yunanov – 6,0
Ehtiyat oyunçular
25. Elxan Əhmədov
44. Şamil Cəfərov
9. Florian Kadriu
17. Elçin Rəhimli
20. Ruslan Hacıyev
7. Mirsahib Abbasov
Baş məşqçi: Aftandil Hacıyev
Komandanın ən yaxşısı: Amil Yunanov

12. Alvaro Vilyet – 4,0
14. Slavik Alxasov (k) – 4,0
34. Bəxtiyar Həsənalızadə - 4,0
30. Mario Marina – 4,0
2. Amin Seydiyev – 4,0
(9. Xulio Sezar Rodriges, 73) – 4,0
23. Amadu Diallo – 4,0
(19. Təmkin Xəlilzadə, 46) – 4,0
48. Dmitri Klots – 4,0
28. Kevin Kubemba – 4,0
(9. Ramil Şeydayev, 85) – qiymətsiz
6. Şakir Seyidov – 4,0
10. Aleksey İsayev – 4,0
26. Fofana Tiemoko – 4,5
Ehtiyat oyunçular
94. Nicat Mehbalıyev
31. Rüstəm Samiqullin
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
7. Coşqun Diniyev
38. Arsen Ağcabəyov
77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Fofana Tiemoko
Qollar: A.Yunanov, 17 (1:0). A.Yunanov, 78 (2:0, M.İsayev).
Vərəqələr: L.İmnadze, 27 (qeyri-idman hərəkəti). F.Tiemoko, 37 (qeyri-idman hərəkəti). K.Kubemba, 38 (qeyri-idman hərəkəti). M.Petroviç, 46 (qeyri-idman hərəkəti). A.Yunanov, 57 (qeyri-idman hərəkəti). Ş.Seyidov, 66 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: RƏHİM HƏSƏNOV, Cəmil Quliyev, Eyyub İbrahimov, Tural Qurbanov (hamısı Bakı).
Hakim-inspektor: Ömər Paşayev (Bakı).
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev (Abşeron).
19 fevral. Bayıl. ASCO Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Sabah” mövsümün 2-ci yarısına səfər heç-heçəsi, “Səbail” isə acı məğlubiyyət ilə başlamışdı. “Zirə” ilə oyunda ümid verən “tələbələr” Bayılda bu mövsüm üçün iddialarının nə dərəcədə ciddi olduğuna aydınlıq gətirməliydilər. 90 dəqiqənin sonunda tabloda yanan 0:2 komandanın Visente Qomesin başçılığı altında heç bir hədəfinə çatmayacağını açıq-aydın göstərdi. İspan mütəxəssis oyundan sonra bəndənizin “siz “Sabah”ın prezidenti olsaydız, belə nəticələrə nail olan baş məşqçini postunda saxlayardızmı” sualına utanıb-çəkinmədən “mən prezident deyiləm və yəqin heç vaxt da olmayacam, belə təcrübəm yoxdu”, - deyə yayğın cavab verdi. Bu öz yerində, əvvəlcə meydanda yaşananların xronikasıyla tanış olun.
Qarşılıqlı, amma ciddi təhlükə doğurmayan hücum cəhdləri fonunda “Səbail” nisbətən üstün görünürdü. Odu ki, Amilin 17-ci dəqiqədə hesabı açması heç kimi təəccübləndirmədi. Hərçənd bu epizodda Petroviçin yerinə yetirdiyi künc zərbəsindən sonra topu çox inamsız şəkildə Yunanovun önünə qaytaran Vilyetin “əməyini” də qeyd etmək lazımdı. Düşünmək olardı ki, qol qonaqları ayıldacaq. Amma yox, cəmi 2 dəqiqə sonra Məqsəd cağ cinahda uzun reyd edib, yenə Amilin zərbə vurmasına şərait yaratdı. Dəqiqələr ötür, “Sabah” heç cür hücumların kəsərini artıra, daha doğrusu, normal hücum qura bilmirdi. Əvəzində 35-ci dəqiqədə “dənizçilər” növbəti qolu vurmağa yaxın oldu. Sol cinahla qurulan hücum zamanı Turanın qapı önünə ötürməsindən sonra Seydiyevdən dönən top İmnadzenin önünə düşdü. Amma gürcü futbolçu 13-14 metrdən “çərçivə”yə düşə bilmədi. İlk yarıda “Sabah” adına yeganə qeyd olunası məqam 37-ci dəqiqədə Adil Nağıyevin kobud səhvindən sonra topu ələ keçirən Fofananın cərimə meydançasına daxil olan kimi özünü yerə atması idi. Rəhim Həsənov aldanmadı və qaradərili hücumçunu simulyasiya cəhdinə görə cəzalandırdı.
“Sabah” elə bərbad oynayırdı ki, şəxsən mən baş məşqçinin 2-ci hissəyə heyət və taktika ilə bağlı radikal dəyişikliklərlə başlayacağını gözləyirdim. Visente Qomes Diallonu Təmkinlə əvəzlədi. Zaman bu dəyişikliyin “Sabah” üçün faydalı yox, ziyanlı olacağını göstərəcəkdi.
Düzdü, qonaqlar 2-ci hissəyə fəal başladı. 48-ci dəqiqədə cərimə meydançasına daxil olan Fofana başqa variant düşünmək əvəzinə ilk yarıdakı kimi yenə özünü Siseyə çırpdı və yerdə qaldı. Bu dəqiqələrdə “Sabah” müəyyən ərazi üstünlüyünə malik olsa da, yenə də təhlükəli vəziyyət yaratmaqda çətinlik çəkirdi. 62-ci dəqiqədə Təmkin gözəl ara ötürməsi ilə Slavikin cərimə meydançasına daxil olmasına şərait yaratsa da, o, zərbə vurmaq əvəzinə irəlilədi və belədə Urfan təhlükəni aradan qaldırdı. 73-cü dəqiqədə Kubemba rəqib qapısına yol tapsa da, hakim haqlı olaraq ofsayd qərarı verdi. Bundan dərhal sonra Qomes təzyiqi artırmaq üçün Seydiyevi Rodrigeslə əvəzlədi. Halbuki Ramili də meydana buraxmaqla təzyiqi daha da artırmaq olardı. İspan fərqli düşündü və 78-ci dəqiqədəki qoldan sonra artıq heç bir variantın işə yaramayacağı aydınlaşdı. Bu qol istisnasız Təmkinlə Slavikin vicdanına yazılmalıdı. Məqsədin təzyiqi ilə üzləşən Təmkin topu ehtiyatsız şəkildə komanda yoldaşına ötürdü, təzyiqi davam etdirən İsayev isə Amili zərbə mövqeyinə çıxardı. 2:0 və bu artıq “Səbail”in qələbəsi idi. Oyunboyu “yatan” “Sabah”ın son 12 dəqiqədə iki qolun əvəzini çıxacağı inandırıcı görünmürdü. Qonaqlar heç təsəlli qolunu da vura bilmədi. Hədəfindən bir qədər də uzaqlaşan “Sabah”ın rəhbərliyinin bu baş məşqçiyə nə qədər dözəcəyini indi hər kəs böyük maraqla gözləyir...
HUŞƏNG

Gözdən qaçmadı
* 17-ci dəqiqədə İmnadze komanda yoldaşına ötürmə vermək istəyərkən top uğursuz mövqe seçən Rəhim Həsənova dəydi. Zərbənin gücündən fit referinin əlindən düşdü ki, bu da istər-istəməz gülüş doğurdu.
* Stadionun tablosu nə 1-ci, nə də 2-ci hissənin əvvəlində işlədi. Həmin tablo ilə “CBC Sport”un xronometrajının hakimin protokola yazdığı dəqiqələrlə üst-üstə düşməməsi isə bir başqa dərddi.
* 81-ci dəqiqədə Məqsəd İsayevlə Slavik Alxasov arasındakı atışma təhdidlərlə müşayiət olundu. Təmkin araya girməsəydi, münaqişə dava-dalaşa çevriləcəkdi.

Reaksiyalar
Visente Qomes: “İlk yarıda qol vurmaq imkanlarımız olmadı, amma rəqib səhvimizdən yararlandı. 2-ci hissədə oyunun axarını dəyişməyə çalışdıq və yenə qapımızda qol gördük. Təkcə “Kəpəz”lə oyundan sonra yox, rəhbərliklə hər həftə danışırıq. Ümumilikdə oyunumuzdan narazıyam. Ayrı-ayrı oyunçuları günahlandırmaq istəmirəm. Mən də daxil meydana çıxan futbolçular daha çox şey etməliyik. Mən prezident deyiləm və yəqin heç vaxt da olmayacam, belə təcrübəm yoxdu”.
Aftandil Hacıyev: “Bu gün həqiqətən hər iki komandanın ifasında maraqlı oyun alındı. Heç kim məğlub olmaq istəmirdi. Futbolçular tapşırıqlarımı dəqiq yerinə yetirməyə çalışdılar. Səhvlərimiz minimuma enmişdi. Demək olar ki, qapımız önündə qol vəziyyəti yaranmadı. Hücumda fəal olduq və istədiyimiz qələbəni qazandıq. Bəlkə də qışdan sonra ən ağır qrafiklə biz oynayırıq. Bu gün 6-cı oyuna çıxmışdıq. Kasad heyətlə həm rotasiya etmək, həm də nəticə qazanmaq olduqca çətindi. Bu gün qapımızı toxunulmaz saxlamaq məni sevindirdi. Meydanda bu “Səbail”i görmək istəyirdim. İlk yarıda daha yaxşı oynadıq. Rəqib 2-ci hissədə sistemi dəyişdi, 5-li müdafiədən 4-lü müdafiəyə keçdi və meydanın mərkəzində çoxaldılar. Həmin ərəfədə səhvsiz oynadıq. Biz 2-ci qolu vurandan sonra artıq rəqib sakitləşdi. İstədiyimiz qələbəni gözəl oyunla qazandıq. Autsayder olduğumuzu deməzdim. Qarşımıza Avroliqaya vəsiqə qazanmaq vəzifəsi qoyulmasa da, sona kimi mübarizə aparacağıq. Kadriu qışa qədər aparıcı oyunçularımızdan biri idi. Amma bəzi oyunlarda ondan istədiyimi ala bilmədim. Bu gün onun əvəzinə meydana çıxan Məqsəd İsayev meydanda ən yaxşılardan idi”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.