“Bizim dövrümüzdə oyunlar daha çox zəhmət tələb edirdi”
Bu gün Azərbaycan futbolunun canlı əfsanələrindən Müzəffər Qasımov 80 yaşını qeyd edir. Uzun illər Gəncə futbolunun uğurları üçün tər tökən Müzəffər bəylə söhbətdə uşaqlıq illərinə səyahət etdik, futbol oynadığı dönəmi yada saldıq.
- İstərdik söhbətə futbolu seçməyinizdən başlayaq. Necə oldu ki, 7 yaşlı Müzəffər idman növlərindən məhz futbolu seçdi?
– İndi olduğu kimi, əvvəllər də bütün uşaqların arzusu futbolçu olmaq idi. Tovuz futbol rayonudu. Qərb bölgəsində əsas futbol mərkəzləri Gəncə və Tovuzdu. Bu rayonun yetirmələri hələ uzun illər öncə “Kəpəz”lə yanaşı, “Neftçi”də də çıxış edib. Bu gün də Tovuzdan çıxan futbolçular ayrı-ayrı klublarda, milli komandalarda oynayırlar. Deməli, rayon futbolla nəfəs alır. Sizə bir maraqlı faktı deyim. Tovuz “Məhsul”u 1957-58-ci illərdə rayon stadionunda hansısa komanda ilə qarşılaşanda tribunalarda kişilərlə yanaşı, qadınlar da matçı izləyirdilər. Stadionun azı 30 faizini məhz zəif cinsin nümayəndələri təşkil edirdi. Halbuki həmin illərdə Bakıda keçirilən oyunlara 5-10 xanım gələrdi, ya gəlməzdi.
– İlk məşqçinizi xatırlayırsız?
– Bəli, ilk məşqçim Təvəkkül Hüseynov olub. Məktəbdə 6-cı sinifdə oxuyanda Tovuzun yığmasına cəlb olunmuşam. O vaxtlar rayonun 12 komandası vardı. Top və forma cəhətdən çatışmazlıq olsa da, uşaqlar futboldan əl çəkmirdilər. Hər küçənin bir komandası vardı. Daim məktəbin stadionunda başqa komandalarla üz-üzə gəlirdik.
– Ancaq karyeranız Gəncə ilə bağlıdı...
– 1959-cu ildə Göygöldə (o vaxt Xanlar adlanırdı) “Məhsul” Cəmiyyətinin kubokunun final mərhələsi keçirilirdi. Həmin ərəfədə “Neftçi” Gəncə “Toxucu”su ilə yoxlama matçı keçirmək üçün ora gəlmişdi.Hər iki komandanın nümayəndələri məşqçimiz Təvəkkül Hüseynovu yaxından tanıyırdı. Ona demişdilər ki, gəlib oyununuza baxacağıq. Məşqçimiz də bizə bildirdi ki, özümüzü göstərsək, komandalara cəlb edə bilərlər. Elə orda məni həm “Neftçi”nin, həm də “Toxucu”nun məşqçiləri bəyənmişdilər. Bakılılar Gəncədən sonra Gürcüstana getməliydilə. Danışıq oldu ki, bir gün Tovuzda qalıb bizimlə yoldaşlıq oyunu keçirsinlər. “Neftçi”ni 3:2 udduq. Komandamız çox güclü idi. Bir həftə sonra “Toxucu” ilə yoxlama görüşü keçirdik. İki gündən sonra isə məni Tovuzun idman komitəsinə çağırdılar. Komitənin sədri rəhmətlik Qara müəllim durumu mənə anlatdı. Arxamca Gəncədən gəlmişdilər. Cəmi 18 yaşım vardı. Gəncəlilərin baş məşqçisi Valentin Xlıstov idi, özü məni görüb bəyənmişdi. Evə yollanıb anamla məsləhətləşəndən sonra razılıq verdim. Sevincim yerə-göyə sığmırdi. Rayondan olan sadə bir gəncin arzusu çin olmuşdu.
– Həmin dövrdə kimlərlə çiyin-çiyinə oynadız?
– Tofiq Axundov, Vladimir Mikuçadze, Nadir Nəbiyev və başqalarının adını çəkmək olar. Onlarla bir yerdə oynamaq mənim üçün şərəf idi. Onu da deyim ki, gürcü futbolçu 1960-cı ildə komandaya gəlmişdi. Mən ondan çox şey öyrəndim. Mikuçadze çox təcrübəli futbolçu idi. İlk vaxtlar əvəzetmələrdən oyuna girirdim, amma çox keçmədi ki, əsas heyətdə meydana çıxmağa başladım. Düz 1974-cü ilə kimi ilk “11-lik”də oynamışam. 1964-cü ildən də komandanın kapitanı olmuşam.
– Hər bir futbolçunun unutmadığı oyun və qol var. Sizdə hansılardı?
– SSRİ birinciliyinin birinci dəstəsinə və yüksək liqasına çıxmaq, kiçik qızıl medalı almaq tək mənim yox, bütün Gəncə futbolu üçün unudulmazdı. Deyim ki, 1967-ci ildə yüksək dəstəyə vəsiqə qazanacağımızı gözləmirdik. Tədricən oyunlar göstərdi ki, buna gücümüz çatar. Baltikyanı respublikalara dörd səfər oyununun üçündə qalib gəlib, birində heç-heçə edəndən sonra hiss etdik ki, birinci yeri tuta bilərik. Sonda Karaqanda “Şaxtyor”u ilə eyni xal topladığımızdan Daşkənddə əlavə oyun keçirəsi olduq. Rəqibi 1:0 hesabı ilə udub məqsədimizə çatdıq. O ki qaldı şəxsi xatirələrə, 1965-ci ildə Bakı “Dinamo”su ilə oynayırdıq. SSRİ çempionatının birinci dəstəsinə çıxmaq uğrunda əlavə görüş idi. İlk oyun heç-heçə nəticələndi. Ertəsi gün komandalar arasında təkrar görüş keçirildi. Qarşılaşma yenə qalibi müəyyənləşdirmədi. Penalti seriyası olmadığından püşk çəkəsi olduq. Bəxtim gətirmişdi, mənim çəkdiyim kağızda “qələbə” sözü yazılmışdı. Yaddaqalan digər oyunda, Kiyev SKA-sı ilə matçda hesab 2:2 olanda oyunun sonuncu dəqiqələrində hakim lehimizə penalti təyin etdi. Üzümü futbolçularımıza doğru çevirəndə hamının geri çəkildiyini gördüm. Yəni heç kim zərbəni vurmaq istəmirdi. “Nöqtə”yə özüm yaxınlaşıb həyəcanlı şəkildə zərbəni dəqiq yerinə yetirdim. Halbuki oyunu 2:0 hesabı ilə uduzurduq. Nəticədə Karaqanda klubu ilə eyni xal topladıq.
– “Şaxtyor”a qalib gəlməklə komandanın yüksək dəstəyə yüksəlməsi münasibəti ilə Gəncədə sizi izdihamlı şəkildə qarşılayıblar…
– Elədi. Əvvəlcə bildirim ki, Mərkəzi Komitədən birinci katib Tofiq Bağırovu Daşkəndə göndərmişdilər. İki gün orda qaldı. Evə dönəndə dəmiryol vağzalından şəhərin mərkəzinə kimi yollar bağlanmışdı. Bizi qarşılamağa təxminən 15 min azarkeş küçələrə çıxmışdı. Üstüaçıq hərbi avtomobillər xüsusi bəzədilmişdi. Gəncə qəhrəmanlarını qarşılayırdı. Sonra teatr binasında da komanda ilə görüş oldu.
– Futbolda qazandıqlarınız və itirdikləriniz nə olub?
– Hər şeyə görə futbola borcluyam. Ad-san qazanmışam, ev almışam, ali təhsilə yiyələnmişəm. Mənəvi qazanclarım da çox olub. İnsanlar bu gün də məni bayırda görüb salamlaşırlar, hal-əhval tuturlar. Bu məni fərəhləndirir ki, unudulmamışam. İtirdiyim sağlamlığım olub desəm, bəlkə də düz çıxmaz. Çünki zədələnib, xəstə düşüb oyun buraxdığım olmayıb. Özümə yaxşı baxırdım, futbolçu kimi nizam-intizama riayət edirdim, qorunurdum. Necə deyərlər, başımı hər yerə salmazdım (gülür). O vaxtlar vərəqə cəzası yox idi. Komandanı cəzalandıranda futbolçunu müəyyən vaxta kənara çıxarırdılar. 1968-ci ildə yüksək liqada Sankt-Peterburqda “Zenit”lə oynayanda bir dəfə cəzaya məruz qalmışam. Futbolçularımız hakimin qərarına görə onu itələmişdilər. Oyundan sonra İntizam Komitəsinin iclası keçirilmişdi və kapitan kimi məni öz vəzifəmin öhdəsindən gələ bilmədiyimə görə dörd oyun uzaqlaşdırmışdılar.
– Gəncə təmsilçisi o dövrlər SSRİ-nin aparıcı komandaları ilə kubok yarışlarında da qarşılaşıb. Belə oyunlardan biri Kiyev “Dinamo”suna qarşı olub...
– 1962-ci ildə “Neftçi”ni udub “Dinamo”ya rəqib olduq. Kiyevliləri Gəncədən 2:1 hesabı ilə məğlub yola saldıq. Onlar Kirovabadda belə bir komandanın olduğuna inanmırdılar. Yaxşı yadımdadı, SSRİ yığmasının baş məşqçisi Qavriil Kaçalin oyunlarımızdan birinə baxandan sonra o vaxtkı baş məşqçimiz İsay Abramaşvili ilə söhbətləşib. Ona “komandanız mənə balaca Braziliya yığmasını xatırladır” deyib. Doğrudan da çox güclü idik. Təəssüf ki, kubokda mübarizəni 1/4 finalda dayandırdıq.
– Belə söhbət gəzir ki, Kiyev “Dinamo”su bura gələndə şəhər rəhbərliyi onlara çox yaxşı qonaqpərvərlik göstərib. Futbolçulara Hacıkənddə və Göygöldə ziyafət verilib. Bu hörmətin qarşılığında şəhər rəhbərliyi qarşıdakı oyunda yerli komandaya az qol vurmağı xahiş edib. Bu nə dərəcədə doğrudu?
– Bəli, belə bir şey olub. Qonaqlar da deyib ki, “narahat olmayın, çıxıb sakitcə oynayacağıq”. Bizə yuxarıdan aşağı baxırdılar, ona görə də meydana çox arxayın çıxmışdılar. Çünki SSRİ-nin ucqarında yaxşı komandanın olduğuna inanmırdılar və bizi rahat udacaqlarını gözləyirdilər. 2:0 udurduq, oyunun sonuna yaxın künc zərbəsindən qol buraxdıq.
– Karyeranızı başa vurandan sonra ayrı-ayrı vaxtlarda Gəncə klubunda müxtəlif vəzifələrdə işləmisiz. O cümlədən baş məşqçi olmusuz.
– Ən çətini, məsuliyyətlisi baş məşqçi işləməyim olub. Futbolçu olmaq çox asandı. Məşqdən, oyundan sonra gedirsən evə. Baş məşqçinin isə əziyyəti daha çoxdu. Hamıya və hər şeyə görə cavabdehlik daşıyırsan.
– O dövrlə indiki futbol arasında nə kimi fərqlər var, nə dəyişib?
– İndi çox şey dəyişib. Heç nədən qol vurulur, anidən hansısa təhlükəli epizod yaranır. Bizim dövrümüzdə belə deyildi. Oyunlar daha çox zəhmət tələb edirdi. Qol vurmaq üçün kombinasiyalar düşünülürdü. Məşqlərdə bunun üzərində işləyirdik. İndi topu götürüb qol vururlar, sanki heç meydanda müdafiəçi yoxdu.
– Azərbaycan futbolunun tarixi kimi, Gəncə futbolunun tarixi də iki dövrə bölünür: sovet və müstəqillik illərinə. SSRİ zamanında bu şəhərin təmsilçisinin ən böyük uğuru yüksək liqada oynamaq olub. Müstəillik illərində şəhərin komandası üç dəfə çempion olmaqla yanaşı, dörd dəfə kuboku başı üzərinə qaldırıb. Sizcə, Gəncə futbolunun ən böyük uğuru hansıdı?
– SSRİ dövründə çempionatda 15 respublikanın komandaları çıxış edirdi. Rəqabət daha çox idi. Rusiya və Ukraynanın güclü təmsilçilərinə qarşı oynayırdın. Nailiyyətləri bir-birindən seçmək istəmirəm, hərəsinin öz yeri var.
– Oğlunuz Rəşad Qasımov da bir ara futbol sahəsndə çalışırdı. Qısa müddət “İnter”in prezidenti oldu. Həmin vaxt sizdən məsləhət alırdı?
– Rəşad özü də futbol oynamışdı. Futbolçu ailəsində böyüdüyündən bu sahənin incəliklərindən xəbərdar idi. Açığı, məsləhət üçün bir o qədər müraciət etmirdi. Bir də ki mən Gəncədə, o Bakıda. Bəzən elə olur ki, ailə üzvləri bir yerə yığılır. Təsadüfi hallarda futboldan danışarıq.
– 80 yaşda nə arzularınız var?
– Allah hamının canını sağ etsin, əsas budu. O vaxt rəqib futbolçuların bir sözü vardı, deyirdilər ki, Gəncəyə çatanda ayaqlarımız əsir. Həmin dövr bir də gələcək. Fikrimcə, növbəti mövsüm ölkənin ən köklü klublarından biri olan “Kəpəz” elitada çıxış edəcək. Bir də gəncəli azarkeşləri yaddan çıxarmaq olmaz. Onlar istər biz oynadığımız zaman, istərsə də müstəqillik illərində komandanın yanında olublar.
RƏŞAD