“Qəbələ”nin baş məşqçisi “Şkendiya”nı keçməyi planlaşdırıbmış
“Qəbələ”nin U-19 komandasının cari mövsümdə ölkəmizi UEFA-nın Gənclər Liqasında təmsil edəcəyini ötən saylarımızda xəbər vermişdik. Onu da bildirmişdik ki, Şimali Makedoniya təmilçisi “Şkendiya” ilə qarşılaşacaq Famil Xəlilovun yetirmələri artıq bir ilə yaxındı bu yaş qrupunda ölkə çempionatı keçirilmədiyindən səfər oyununa daha yaxşı hazırlaşmaq üçün yoxlama görüşlərində qüvvəsini sınayır. Ancaq srağagün qitə futbol qurumu gözlənilmədən Gənclər Liqası ilə bağlı fərli qərar qəbul etdi. Ali futbol qurumunun rəsmiləri 2020/21 mövsümü üçün liqanın oyunlarını ləğv etməyi lazım bildi.
Heç şübhəsiz, bu qərar neçə müddətdi “Şkendiya” ilə oyuna hazırlaşan “Qəbələ”nin U-19 komandasına pis təsir edib. “Qırmızı-qaralar”ın yeniyetmələri Şimali Makedoniya təmsilçisi ilə qarşılaşmaya ciddi hazırlaşıb mərhələ keçmək haqda düşünürdü. Ancaq necə deyərlər, sən saydığını say, gör UEFA nə sayır...
Qitə futbol qurumunun məlum qərarı ilə bağlı bölgə təmsilçisinin U-19-unun baş məşqçisi Famil Xəlilovun fikirlərini öyrənməyi lazım bildik: “Sözün açığı, UEFA-nın belə qərar qəbul edəcəyini heç gözləmirdik. “Şkendiya” ilə oyunumuzun keçirilməsinə az vaxt qalmışdı. Əslində bu oyun ötən ilin oktyabrında keçirilməliydi. Pandemiya səbəbindən bu ilin martına təyin olundu. Ancaq nədənsə qitə futbol qurumu son anda fikrindən daşındı. Düzü, biz bu oyuna hazırlıq çərçivəsində bəzi yoxlama oyunları keçirmişdik, komandanın durumu istədiyimiz səviyyəyə çatmışdı. U-19 liqası koronavirus səbəbindən bir ilə yaxın müddətdi keçirilmir, uşaqlarımız rəsmi görüşlərdə meydana çıxmırlar. Boşluğu aradan qaldırmaq üçün çox çalışdıq, bəzi komandalarla sınaq matçları keçirdik. Hazırlıq durumumuzu nəzərə alıb, sizə açıq deyirəm ki, səfərdən ürəkaçan nəticə ilə geri dönəcəyimizi planlaşdırmışdıq. Rəqib bizə uyğun olduğundan mərhələ keçməyi hədəfləmişdik. “Şkendiya”nı təhlil etmiş, güclü və zəif tərəflərini müəyyənləşdirmişdik. UEFA-nın qərarı bizim üçün xoşagəlməz sürpriz oldu”.
Ali futbol qurumunun qərarından sonra “Qəbələ”nin U-19 komandası dünən sosial şəbəkədə paylaşım edərək, bu yaş qrupu üzrə ölkə çempionatının keçirilməsini istədiyini bildirib. Famil bəy bizimlə söhbətdə bu məsələyə də toxundu: “Yüz məşq bir rəsmi oyunu əvəz etmir. Bunu ilk dəfə dilə gətirən mən deyiləm. Yeniyetmələr məşqlərdə bizim tapşırıqlara əsasən nə qədər çalışsalar da, heç şübhəsiz, rəsmi görüşdə ab-hava fərqli olur. Bir ilə yaxındı ki, bu komanda ancaq məşqlə kifayətlənir. Belə deyək, uşaqlar artıq məşqdən zövq ala bilmirlər, özlərini daha ciddi sınaqlarda görmək istəyirlər. Rəsmi görüşlərdə futbolçu daha məsuliyyətli olur, təzyiq altında çıxış edir. Bəli, yoldaşlıq matçları ilə biz bu boşluğu aradan qaldırmağa çalışmışıq. Ancaq bayaq dediyim kimi, rəsmi görüşün ab-havası başqadı. Uşaqlar özlərini daha ciddi sınaqlara hazır sayırlar”.
Gəzən söz-söhbətlərə görə, UEFA-nın məlum qərarından sonra “Qəbələ”nin U-19 komandası da hərbi terminlə desək, “tərksilah olunacaq”. Rəhbərlik bir çox futbolçu ilə yolları ayırmaq niyyətindədi. Ancaq Xəlilov deyilənləri təsdiqləmədi və bunları söylədi: “Bizim komanda gənc oyunçulardan qurulub. Bizdə limitə düşən dörd-beş oyunçu var. Onların da əksəriyyəti əsas komandaya cəlb olunub. Bu uşaqların yaşı imkan verir ki, gələn il də onların xidmətindən yararlanaq. Biz əvvəlcədən bu kimi nüansları nəzərə alıb, bu addımı atmışıq. Komandadan ayrılacaq futbolçularımızın sayı çox azdı. 2002-ci təvəllüdlü futbolçularımızın arasında əsas komandaya düşə bilməyənlərlə yollarımızı ayırmağı düşünürük”.
RƏŞAD
“UEFA-nın qərarı bizim üçün xoşagəlməz sürpriz oldu”

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
"Futbolçular böyük həvəslə “Şkendiya” ilə matça hazırlaşırlar”
- 29 yan 2021 04:00
“Sumqayıt” sifariş ərizəsini təqdim etdi
- 26 avq 2020 07:03
Yunuszadə qeyri-adi hisslər keçirir
- 17 avq 2020 09:02
“Qəbələ” Nikosiyadan yaxşı nəticə ilə qayıdır
- 04 okt 2019 09:06
Yenə “Qarabağ”, yenə “Neftçi”!
- 05 avq 2019 08:59
“Qəbələ” ölkəmizi Çempionlar Liqasında təmsil edəcək
- 14 mar 2019 10:40
UEFA 25 min avro ayırdı
- 12 yan 2019 02:40
UEFA 25 min avro ayırdı, Antalyadakı bütün rəqiblər müəyyənləşdi
- 23 dek 2018 09:28
“Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı
- 16 noy 2018 02:52
Luka Pavloviç “Qəbələ”ni münasib rəqib sayır
- 07 sen 2018 03:38
“Qəbələ” Sloveniyaya yollanacaq
- 13 in 2018 11:58
“Qəbələ”dən iki rekord
- 06 may 2018 02:10
“Qəbələ”ni UEFA Gənclər Liqasına da Famil Xəlilov aparacaq
- 04 may 2018 11:18
“Qəbələ” istirahətə son qoydu
- 22 yan 2018 09:25
"Qəbələ" fasilədə yeddi yoxlama oyunu keçirəcək
- 18 dek 2017 08:51