Azərbaycanda “transfer pəncərəsi” bağlanıb, premyer-liqanın 3-cü dövrəsi də start götürüb, amma Cəlal Hüseynov hələ də “Benkifa”nın düşərgəsinə qoşula bilməyib. “Zirə” müdafiəçinin Şengen vizası ilə bağlı problemini həll edə bilməyib. İki aydan artıqdı buna çarə tapılmır.
Bu müddət ərzində Azərbaycanda viza problemi ilə bağlı iki durum yaşanıb. Həmin prosesləri diqqətinizə çatdırırıq:
1. Fərid Nəbiyev müqavilə ilə məxsus olduğu “Viktoriya”nın (Jijkov) heyətinə qoşula bilməyib. 21 yaşlı yarımmüdafiəçi yanvarda Çexiyaya yollanmaqda problem yaşayıb. Futbolçunun meneceri Vaqif Heydərli qəzetimizə açıqlamasında onun viza ilə bağlı probleminin olduğunu bildirmişdi. Nəbiyev bir müddət paytaxtda qalaraq məsələni həll etdi və Çexiyaya yollandı. Hətta bir neçə gün öncə komandasının heyətində meydana da çıxdı.
2. “Neftçi”nin yeni transfer Əhməd Əhmədov Bolqarıstandan Azərbaycana gəlməkdə problem yaşayıb. Klub “transfer pəncərəsi”nin son günündə keçidi açıqlasa da, oyunçunun ölkəmizə gəlişi bir qədər yubandı. “Neftçi” rəhbərliyi hücumçunun komandaya tez qoşulması üçün əlindən gələni edərək istəyinə nail oldu.
Yuxarıda sadaladığımız problemlər həllini tapıbsa, Cəlal Hüseynovun məsələsi niyə uzanır? Bəlkə “Zirə” futbolçusunu “Benfika”ya göndərməkdə maraqlı deyil? Portuqaliya təmsilçisi müdafiəçidən imtina etməyib? Bu sualları klubun mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə ünvanladıq: “Portuqaliyaya getmək üçün Fransa səfirliyi viza verməlidi. Bunun qaydası belədi. Hazırda koronavirus pandemiyasına görə Portuqaliyada vəziyyət böhran həddindədi. Bu səbəbdən də vizanın verilməsində problem yaşanır. Nə “Benfika”, nə də “Zirə” keçidin gerçəkləşməsindən imtina edib. Viza problemi həll olunan kimi məsələ yoluna qoyulacaq”.
Cəlal Hüseynovun məsələsi ilə bağlı kiçik araşdırma apardıq. Hər kəsə bəllidi ki, bu problemlərin yaranmasının əsas səbəbi koronavirus pandemiyasıdı. Bəzi ölkələr COVID-19-a görə sərhədlərini əcnəbilərin üzünə bağlayır. Şengen zonası dövlətlərində bununla bağlı sərt qaydalar tətbiq olunub. Ən çətin vəziyyət isə Portuqaliyada yaşanır. Hətta “Porto”dan başqa bütün klubların ev oyunları ölkədə keçirilməyəcək. Bu səbəbdən də Portuqaliya hökuməti vizaların verilməsində sərt qaydalar tətbiq edib. Buna görə də “Zirə” rəhbərliyini qınamaq düzgün deyil. Sadəcə, Cəlal Hüseynov bəxtindən küsməlidi ki, dünyanın ən məşhur klublarından olan “Benfika”nın diqqətini cəlb etməsi pandemiya dönəminə düşdü. Azərbaycanda doğulduğuna görə Şengen dövlətlərinə səyahət edə bilmir.
İLKİN SULTANLI