Sizin reklam burada

Ümitlərin Elvin sevgisi

Title
“Kasıb evlənəndə gecə də qısa olar” (Atalar sözü)
Ümit Özat zamanında Türkiyənin sayılıb-seçilən futbolçularından idi. Ucaboy müdafiəçi etibarlı oyunu, xarizmasıyla həm “Fənərbaxça”nın heyətində, həm də milli komandada özünü azarkeşlərə sevdirə bilmişdi. “Ankaragücü”nün futbol məktəbində yetişən sol cinah müdafiəçisi 1995-ci ildə, 19 yaşında “Gənclərbirliyi”nin təklifini qəbul etdi və növbəti 6 ildə bu komandanın qara-qırmızı formasını geydi. Elə həmin komandada oynayarkən millinin məşqçilərinin də diqqətini cəlb etdi. Əvvəlcə gənclər yığmasının liderlərindən biri oldu, daha sonra da “ay-ulduzlular”ın əsas komandasına dəvət aldı. Sizin də yadınızda olar, 2002-ci ildə Türkiyə millisi dünya çempionatında bürünc medal qazananda Şenol Günəşin çalışdırdığı komandanın heyətində Ümit Özat da yer alırdı. Həmin mövsümü “Bursaspor”un heyətində keçirdi. 2001-ci ildə isə İstanbul nəhəngi “Fənərbaxça” istedadlı müdafiəçiyə dəvət göndərdi. “Gənclərbirliyi”ndə 6 mövsümə 166 oyun keçirən Özat “Fənərbaxça”nın heyətində şəxsi rekordunu da təzələdi. Kapitan sarğısını qoluna taxan Ümit 2001-ci ildən 2007-yə qədər “Fənər”in əsas simalarından biri sayıldı və 182 oyunda “sarı-lacıvərtlilər”in formasını geydi.
Ümit Özatın “Fənərbaxça”lı günləri dünyanın ən yaxşılarından biri sayılan Roberto Karlosun İstanbula gəlməsiylə sona çatdı. Mövqeyini əldən verən müdafiəçi Almaniyaya yollandı və “Köln”ün heyətində iki il oynadıqdan sonra futbolçu karyerasını bitirdi. Bütün bunları sizə nə üçün xatırlatdığımı az sonra biləcəksiz. Bu yerdə daha bir məqamı diqqətinizə çatdırım, daha sonra sözümün canını da deyəcəm. Deməli, Ümit Özat 1995-ci ildə “Ankaragücü”dən “Gənclərbirliyi”nə keçib və 14 il yüksək səviyyədə futbol oynayıb. Bu müddət ərzində müdafiəçi cəmi beş klubun şərəfini qoruyub. Sadiqlik baxımından yaxşı göstəricidi. Heç şübhəsiz, müxtəlif təkliflər alıb, amma tez-tez klub dəyişməkdə maraqlı olmayıb. 6 il “Gənclərbirliyi”nin, elə bu qədər də “Fənərbaxça”nın heyətində çıxış edib. 2009-cu ildə butslarını mismardan asan Özat məşqçiliyə başlayıb və özünü ilk olaraq elə “Köln”də sınayıb. Maraqlısı da bundan sonra başlayıb. Futbolçu kimi 5-6 il öz iş yerinə sadiq qalan Özat məşqçi olduqdan sonra bu adətindən əl çəkib. Rəqəmlərə baxanda adam bilmir ki, gülsün, yoxsa ağlasın.
Ümit hoca 12 ildi məşqçilik edir. Daha doğrusu, etməyə çalışır. Amma nə sirri-xudadısa, heç yerdə möhkəmlənmir, uzun müddət qərar tuta bilmir. 2009-cu ildən özünü məşqçilikdə sınayan Özat bu müddət ərzində 14 dəfə iş yeri dəyişib. 12 ilə 14 dəfə işdən çıxıb, yeni işə başlamaq o deməkdi ki, adam bir yerdə 10 ay güclə davam gətirir. Özü də Özatın çalışdırdığı komandaların heç biri qarşısına yüksək hədəflər qoymayıb. “Boluspor”a 2015-ci il iyunun 22-də baş məşqçi təyin olunan mütəxəssis iyulun 13-də komandadan ayrılmışdı. Səbəbləri incələyib, günahkarın kim olduğunu araşdırmaq fikrində deyiləm. Onun çalışdığı klubların sırasında az-çox gözə dəyən, adı ciddi səslənən “Gənclərbirliyi”di. Ankara klubu da qısa zaman kəsiyində Özatı iki dəfə baş məşqçi postuna gətirib, sonra da yola salıb. Bizdə bu cür işlər Bəhmən Həsənovun başına gəlirdi. Hamı da Həsənovu da, onu baş məşqçi postuna gətirənləri də topa tuturdu. Yəni bizim tərəflərdə belə davranışları heç də alqışlamırlar, qeyri-peşəkarlıq kimi qiymətləndirirlər.
Kim bilir, bəlkə həqiqətən də Ümit Özat yaxşı məşqçidi, futbolun bilicisidi. Sadəcə, ona işləməyə imkan vermirlər. Yaxud da bəxti gətirmir. Bütün bunlar futbolda olan hadisələrdi. Bizi maraqlandıran məsələnin o tərəfidi ki, türkiyəli mütəxəssis bir yerdə uzun müddət qərar tuta bilmir. Elə onun adaşı Ümit Karan da belə futbol adamlarındadı. Futbolçu kimi ardıcıl 8 mövsüm “Qalatasaray”ın formasını geyən Karan məşqçi olandan sonra sabitliyini itirib. Bir gün “Şkupi”dədi, sabah “Menemenspor”da. Bizim Elvin Yunuszadə də ümidini Ümitlərin məşqçilik karyerasına bağlayıb. Gözləyir ki, Özat, yaxud da Karan hansısa komandanın baş məşqçisi təyin olunacaq, sonra da ona dəvət göndərəcəklər. Ötən ilin bu vədələrində Elvin “Çelik”i Ümit Özata görə seçdiyini elə bizim qəzetimizə müsahibəsində demişdi. Bu ilin fevralında isə Ümit Karanın ona Türkiyədən, “Menemenspor”dan dəvət göndərdiyini deyir. Adam bir vaxtlar “Neftçi” ilə Avropa Liqasının qrupunda, “Qarabağ”la Çempionlar Liqasında oynayırdı. Amma xaricdə karyera qurmaq cəhdlərinin heç biri uğurlu alınmadı. Onu komandaya çağıran baş məşqçilər gedən kimi Elvin də orda heç kimə lazım olmadı. Ruhdan düşmə, ay Elvin, Allah “Keşlə”yə, “Səbail”ə bərəkət versin!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.