Sizin reklam burada

“Kresloda oturmağı, əmr verməyi sevmirəm”

Title
Vüqar Nadirov MFL ilə bağlı planları açıqladı
Veteran futbolçu, vaxtilə Azərbaycan premyer-liqasında müxtəlif klubların və milli komandasının heyətində çıxış edən Vüqar Nadirov Mini Futbol Liqasının (MFL) direktoru təyin olunub. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Fəaliyyətə başladığı gündən MFL tərəfindən istər kişilərdən, istərsə də qadınlardan ibarət komandalar arasında müxtəlif turnirlər təşkil olunub və qurum qısa müddət ərzində həvəskar futbolçuların böyük marağına səbəb olan layihələr həyata keçirib. Təsisçilərin ümumi yığıncağında Vüqar Nadirovun direktor vəzifəsinə təyin edilməsi barədə qərar qəbul olunub. Xatırladıq ki, daha öncə bu vəzifəni Rəhman Hacıyev icra edirdi. MFL-in səhmlər paketinin 25 faizinin AFFA-ya məxsus olduğunu da əlavə edək.
Yeni vəzifəyə təyinatı ilə bağlı məlumat almaq üçün Vüqar Nadirovla əlaqə saxladıq. Gənc futbol funksioneri maraqlı layihələr həyata keçirəcəyini bildirdi: “Mənə etimad edənlərə təşəkkür edirəm. Əsasən də Elxan Məmmədova minnətdaram. Əlimdən gələni edəcəm ki, vəzifəmi layiqincə yerinə yetirim. AFFA-da mənə inananların etimadını doğrultmağa çalışacam. Hədəflərimiz böyükdü. Bunları bir-bir həyata keçirəcəyik. İndiki məqamda ancaq bu mövsümün mükafatlandırma mərasimini keçirəcəyik. Hər şeyə gələn mövsümdən başlayacağıq. Yarışların təşkili, ümumi nəzarət, hər şey vaxtında və qaydasında həyata keçiriləcək”.
Nadirov təsisçisi olduğu “Sportinq Baku” futbol məktəbinin fəaliyyətini davam etdirəcəyini də söylədi: “Mən orda məşq keçmirdim. Məşqçilərlə birgə proqramı tərtib etmişdik. Onlara nələrin necə olacağını izah etmişəm. Sadəcə, bəzən balaca uşaqlara motivasiya olsun deyə, məşqlərdə onlarla birgə futbol oynayırdım. Bəzi məqamları izah edirdim. Uşaqdılar da, gedib məktəbdə-filan deyirdilər ki, Vüqar Nadirovla futbol oynamışıq. Yekəxanalıq kimi çıxmasın, Azərbaycanda adı-sanı olan futbolçulardan biriyəm. Bu səbəbdən də futbolçularımızı sadə şeylərlə həvəsləndirməyə çalışırdım. Kresloda oturmağı, əmr verməyi sevmirəm. Çalışıram ki, görülən işdə mənim də payım olsun. Bu səbəbdən də məşqlərdə özüm də iştirak edirdim. İndi MFL-in rəhbəri təyin olunduğum üçün məşqlərə az-az qoşula biləcəm. Lakin məktəbimiz fəaliyyətini qaldığı yerdən davam etdirəcək”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.