Sizin reklam burada

Suda boğulan saman çöpündən yapışır...

Title
Azərbaycan nədən Rusiya futbol ictimaiyyətinin yadına düşüb?
Rusiya klublarının avrokubokların son mövsümündə olduqca uğursuz çıxışı, eləcə də UEFA-nın gözlənilən islahatları bu ölkənin futbol ictimaiyyətini əndişəyə salıb. Ruslar futbolda geniş islahatlar aparmaq istəyirlər. Onların fikrincə, belə islahatların bir qanadı da postsovet məkanı ölkələrindən bəzilərindən klublar cəlb etməklə ortaq liqa yaratmaq ola bilər. Qəzetimizin ötən saylarından birində “Spartak”ın prezidenti Leonid Fedunun mövqeyini təqdim etmişdik. O, Çempionlar Liqası ilə bağlı gözlənilən islahatların zəngin klubları bir qədər də varlandıracağını, kasıbları isə daha da kasıblaşdıracağını düşünür. “Sport-Ekspress”in köşə yazarı Dmitri İvanov isə Belarus, Qazaxıstan və Azərbaycan (Ukraynanın adının niyə çəkilmədiyi aydındı) klublarını cəlb etməklə “böyük beşlik” ölkələrinin çempionatlarının səviyyəsinə yaxın turnir yaratmaq ideyasını irəli sürüb: “Burda üç variant var. 1-ci variant Rusiya və Belarus çempionatlarını birləşdirməkdi. 2-ci variant Avrasiya İqtisadi Birliyinin bazasında, yəni Rusiya, Qazaxıstan, Belarus, Ermənistan və Qırğızıstan (düzdü, sonuncu ölkə Asiya Futbol Konfederasiyasına daxildi və bu məqam obyektiv çətinlik yaradacaq) klublarının qatılacağı liqa yaratmaqdı. 3-cü variant isə UEFA reytinqinə əsasən Rusiya, Belarus, Qazaxıstan və Azərbaycanın aparıcı klublarını vahid bayraq altında birləşdirməkdi. Fikrimcə, bu üç variantdan sonuncusu daha perspektivlidi. Elə bu varianta da baxaq. Birləşmiş liqada 18 komanda olmalıdı – Rusiyadan 12-si, Belarus, Qazaxıstan və Azərbaycanın hər birindən 2-si. Bu gün üçün ölkəmizdə ən yüksək səviyyədə çıxış etməyə qadir, iqtisadi cəhətdən möhkəm 12 klub var. Qalanı isə “pul varsa, biz də varıq, pul yoxsa, biz də yoxuq” prinsipi ilə yaşayır. Əslində birləşmiş çempionat Rusiya ilə müqayisədə qonşularımıza daha sərfəlidi. UEFA-nın ÇL ilə bağlı islahat planı açıqlanandan sonra aydın məsələdi ki, Belarus, Qazaxıstan və Azərbaycan üçün qrupa düşmək əlçatmaz arzudu. Məhz bu üzdən futbol birləşməsinin təşəbbüskatı tərəfdaşlarımız olmalıdı. Onlar layihəni lobbiləşdirməli, maliyyə mənbələri tapmalı və əməkdaşlıq sxemləri təklif etməlidi. UEFA-nın rəhbərliyi artıq çempionatları birləşdirməklə bağlı variantlara baxmağa hazır olduğunu bildirib. Belçika ilə Hollandiyanın birləşməsi pilot layihə ola bilərdi, ancaq koronavirus işləri korladı. Hollandiya ilə Belçikanın təklifi ortaya çıxanda Nyonda demişdilər ki, yaxşı ideyadı, ancaq məsələnin daha detallı və dərindən öyrənilməsinə ehtiyac var. Qeyri-formal söhbətlərdə belə fikir səslənir ki, birləşmiş turnir həm oyunçuların “artırması”, həm də biznes baxımından daha faydalı olardı. Eyni zamanda onu da anlayırıq ki, belə məsələlər təkcə idman yox, siyasi çalar da daşıyır, dövlət orqanlarının mövqeyini öyrənməliyik. Və əlbəttə, Rusiya, Qazaxıstan, Azərbaycanın neft-qaz korporasiyalarıyla danışıqlara başlamaq lazımdı. Yeni liqa ayaq üstə qalxandan sonra kommersiya sponsorlarına da sıra çatacaq.
Birləşmiş çempionat 40 milyon potensial yeni seyrçi deməkdi. Bu isə sponsorlar və iqtisadi inteqrasiya üşün tam fərqli maraqdı. Həm Azərbaycanda, həm də Qazaxıstanda futbola pul qoymaq istəyən, amma bu gün həmin sahədə perspektiv görməyən böyük biznesmenlər var. Ölkədaxili yarışlar o qədər də maraqlı deyil, orda çoxillik liderləri yerindən tərpətmək, demək olar ki, mümkünsüzdü. Birləşmiş liqa yaranacağı təqdirdə belə adamlar, məsələn, Rusiya komandalarına yatırım edə, bu yolla bizneslərini də irəli çəkə bilərlər. Çinə baxın. Bu ölkənin biznesmenləri artıq Avropada onlarla klub alıb, indi də MBA tərəfə baxırlar”.
Koloskov birləşmənin əleyhinədi
Rusiya Futbol İttifaqının (RFİ) fəxri prezidenti Vyaçeslav Koloskov isə birmənalı şəkildə birləşmə ideyasının əleyhinədi: “Xatırlayırsızsa, 2013-də Rusiya və Ukrayna çempionatlarının birləşməsi müzakirə olundu. Hətta bu məsələ üzərində inadla işləyən xüsusi qrup da yaradıldı. Bütün bunların nə ilə nəticələndiyi məlumdu. Rusiya futbolu ilə məşğul olmaq lazımdı – vəssalam. Şükür Allaha, RFİ-nin son konfransında məhz elə bu haqda danışıldı. Rusiyanın futbol sistemini dağıtmaqdan başqa heç nəyə yaramayan ideyaları unutmaq lazımdı. Niyə mən bu ideyanın qəti əleyhdarıyam? Almaniya və ya İspaniya ilə birləşsəydik, pis olmazdı. Bu təklifdən indi nə qazana bilərik?”
“Azərbaycanlılarla oyunda anşlaq olmadı”
Rusiyalı futbol şərhçisi Oleq Koşelyovun da bu mövzuda fikirləri maraqlıdı: “Rusiya klublarının avrokuboklardakı faciəvi çıxışı fonunda yenidən ölkə futbolunu necə xilas etməklə bağlı fəal müzakirələrə başlamışıq. Biz nə istəyirik? Səviyyəni qaldırmağı, futbolu azarkeşlər üçün daha cəlbedici etməyi və “Tambov”la bağlı tarixçənin təkrarlanmamasını. Tutaq ki, birləşmə baş verdi və avrokuboklarla bağlı kvotanı UEFA ilə necəsə razılaşdırdıq. Dərhal belə sual yaranır: “Zenit” Qazaxıstandan və ya Azərbaycandan olan komandalarla müntəzəm oynamağa başlayandan sonra ÇL-ə daha hazırlıqlı olacaqmı? Çətin ki. Azərbaycan və ya Belarus komandalarının varlığı rusiyalı azarkeşlərdə maraq doğuracaqmı? Düşünürəm ki, yox. Bizim “Arsenal”la “Neftçi” arasında iki il əvvəl keçirilən oyunu götürək. Tula futbol şəhəridi, orda stadiona çox həvəslə gedirlər. Bundan başqa, “Arsenal”ın tarixində ilk avrokubok oyunu idi. Ancaq azərbaycanlılarla oyunda anşlaq olmadı – tribunaların təxminən 80 faizi dolmuşdu. Aydın məsələdi ki, Moskvada şərti “Neftçi” ilə oyuna, ümumiyyətlə, heç kim getməyəcək. Bu oyunların futbol dəyəri olmayacaq, SSRİ çempionatı ilə bağlı nostalgiya isə 15 il əvvəl bitib. “Birlik kuboku”nun necə qeyb olduğunu xatırlamaq kifayətdi. Və onun ölümü tam təbiidi, sadəcə, azarkeşlər üçün maraqsızlaşdı. Avropa futbolunda böyük dəyişikliklər yetişib, Çempionlar Liqaının yeni formatı hazırlanır. UEFA uzun müddət müqavimət göstərsə də, klub Superliqasının kölgəsi Avropanın üzərinə çökdü və futbol bossları üçün böyük pullar ideyasına qarşı çıxmaq çətinləşdi. Bir sözlə, tezliklə buz tərpənəcək. ÇL-dəki islahatların ardından milli çempionatlarla bağlı dəyişikliklər də tam gözləniləndi. UEFA qonşu ölkələrin birgə turnirlər keçirməsi ilə bağlı mövqeyini yumşaldıb. Bu üzdən birləşmək variantına baxmaq doğru və uzaqgörən ideyadı. Ancaq indiki halda bu təşəbbüsdə Rusiya üçün maraqlı olan heç nə yoxdu. Odu ki, bu təşəbbüs ya UEFA-dan, ya da Rusiya ilə birləşmədən fayda götürəcək adı çəkilən qonşularımızdan gəlməlidi”.
ORXAN hazırladı

Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.