“Kəpəz” də meydana çıxa bilmədi
Ötən sayımızda 1-ci divizionun 13-cü turunun Tovuzda keçirilən “Turan Tovuz” – “Sumqayıt-2” matçının hava şəraitinin əlverişsiz olması səbəbindən 51-ci dəqiqədə təxirə salındığını xəbər vermişdik. Onu da bildirmişdik ki, Peşəkar Futbol Liqasının qərarına əsasən matç dünən qaldığı yerdən davam etdirələcək. Nəhayət, yazının sonunda vurğulamışdım ki, axşama yaxın səngiyən qar gecə saatlarında yenidən yağmağa başladığından, çox güman, qarşılaşma yenə baş tutmayacaq. Ehtimallarım özünü doğrultdu və görüş növbəti dəfə təxirə salındı. Oyunun nə vaxt keçiriləcəyi ilə bağlı əlavə məlumat veriləcək. Bu qərar verilənə qədər yaşananları sizlərin diqqətinə çatdırmaq istəyirəm.
Deməli, qonaq komanda məcburiyyətdən daha bir gün Tovuzda qalmalı oldu. Sragagün “Sumqayıt-2”nin rəsmilərinə bildirilmişdi ki, hava düzələcəyi halda görüş qaldığı yerdən saat 12.30-da davam etdirələcək və bu haqda “kimyaçılar”a saat 10.00-a qədər məlumat veriləcək. Saatın əqrəbləri deyilən vaxtdan ötsə də, mənimlə eyni oteldə qalan komanda stadiona yollanmağa tələsmirdi. Arada imkan edib klub rəsmilərindən nə vaxt yola düşəcəklərini soruşduqda məlum oldu ki, stadionda təmizlik işləri davam edir, meydan hazır olandan sonra onlara məlumat veriləcək və qonaqlar stadiona yollanacaqlar. Bu söhbətdən təxminən 40 dəqiqə sonra, daha dəqiq desəm, saat 12-yə 20 dəqiqə qalmış qonaqların avtobusu otelin həyətini tək etdi. Onların ardınca isə mən də “yəqin oyun planlaşdırlan vaxtda başalayacaq” düşüncəsi ilə Tovuz şəhər stadionuna yollandım. Arenaya çatanda gördüklərim məni çaş-baş saldı. Süni örtüklü meydan “ağ yorğana bürünmüşdü”. Stadionun əməkdaşları meydanın kənar və cərimə meydançasının xətlərini təmizləsələr də, qazonun üzərində təxminən 15 sm qalınlığında qar var idi. Oyunun AFFA nümayəndəsi Mübariz Hüseynovun təkliyə çəkilib, kiminləsə telefonla danışması gözümdən yayınmadı. Həmin vaxt meydan sahiblərinin icraçı direktoru Nadir Nəbiyev də “Sumqayıt-2”nin baş məşqçisi Zaur Hidayətovla söhbət edirdi. Onlara yaxınlaşıb, oyunun baş tutub-tutmayacağını soruşmaq istəyirdim ki, özümdən asılı olmadan dialoqa, türklər demiş, qulaq müsafiri oldum.
N.N. – Bayaqdan mən bunlara başa sala bilmirəm ki, bu meydanda futbol oynamaq olmaz.
Z.H. – Kim deyir ki, mütləq oynamalıyıq. Sən bir meydanın durumuna bax (həmin an sumqayıtlı futbolçular meydanda qartopu oynayırdılar). Bu vəziyyətdə oyun keçiriləcəkdisə, dünən niyə təxirə salınırdı? Elə qalan dəqiqələri də oynayıb, geri dönərdik.
N.N. – Sən yox idin, tək danışırdım, yaxşı ki, sən də gəlib etirazını bildirdin. Hamı deyir oyun mütləq baş tutmalıdı. Qardaş, futbolçulardan kimsə zədələnsə, onun müalicəsini kim edəcək? Mən futbolçuya adi, ucuz iynə-dərman almaqda çətinlik çəkirəm, ağır zədənin əməliyyatına hardan pul tapacam? Özün də bilirsən ki, bu meydanda zədə almaq ehtimalı çox yüksəkdi.
Z.H. – Formallıq xatirinə istəyirlərsə, hər iki komanda meydana çıxıb topu ortada bir-birinə ötürsün. Ancaq görünən odu ki, heç “pas” vermək də mümkün olmayacaq. AFFA nümayəndəsi PFL-lə danışıb vəziyyəti onlara izah etsin və bizə bir bir çey desin.
Qeyd etdiyim kimi, özümdən asılı olmayaraq ikili arasında yaşanan söhbəti dinlədikdən sonra Nəbiyevə “örtüyün altında istilik sistemi yoxdumu” sualını verdim və “yoxdu” cavabını aldım. Qonaqlar və meydan sahiblərinın nümayəndələri yarımsaatdan artıq tribunanın qarşısında dayanıb, AFFA nümayəndəsinin PFL-lə danışığının nəticəsini gözlədi. Bu ərəfədə sumqayıtlı futbolçular qar keyfini çıxarmaqla məşğul idilər. Qartopu oynayan kimi, qardan adam düzəldən kim. Ən maraqlısı isə o idi ki, hamı belə meydanda oyunun keçirilməsinin qeyri-mümkün olduğunu dərk edirdi. Buna baxmayaraq, heç kim yerindən tərpənmir, “gedərəm, birdən məni günahkar çıxararlar” düşüncəsi ilə Xəzər sahilindən gələcək xəbəri gözləyirdi. Nəhayət, hamının səbirsizliklə gözlədiyi xəbər gəldi və Mübariz bəy komandaların nümayəndələrini yanına çağırıb, PFL-in oyunu təxirə saldığını bildirdi.
Yeri gəlmişkən, PFL dünən birinci divizionda keçirilməli olan 13-cü turun digər oyununu da təxirə salıb. “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması da arzuolunmaz hava şəraiti üzündən ertələnib.
RƏŞAD, Tovuz
Yarımçıq qalan oyunu davam etdirmək mümkün olmadı

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Qar “Sumqayıt”ın əvəzedicilərini Tovuzda saxladı
- 20 fev 2021 09:34
PFL divizionun təqvimini açıqladı
- 12 okt 2020 10:43
“Alyans” ciddi cəzalana bilər
- 03 mar 2019 07:20
Tovuzda danışılmış oyunlarla bağlı seminar
- 20 yan 2019 09:33
“Sumqayıt-2” ilk yoxlama görüşündə “sülh”ə razılaşdı
- 19 yan 2019 12:53
“Kəpəz” Tovuzda uduzdu
- 16 yan 2019 10:46
Lider büdrədi, izləyicisi fərqi 2-yə endirdi
- 02 dek 2018 06:33
Bir oyun təxirə salındı, məkan dəyişdi
- 18 noy 2018 12:08
Bir oyun təxirə salındı
- 08 noy 2018 09:22
Tura Tovuzda start veriləcək
- 01 noy 2018 08:45
“Sumqayıt-2”nin zirvəyə əli çatmadı
- 26 okt 2018 09:15
Orxan Sadıqlı “Sumqayıt”da
- 13 avq 2018 07:11
“Kəpəz” rəhbərliyinin iclası təxirə salındı
- 08 in 2018 12:27
Yığma üzvlərinə görə “Neftçi” – “Sumqayıt” oyunu təxirə salındı
- 18 mar 2018 05:44
U-19 liqasının oyunu Rəşad Sadıqova görə təxirə salınıb?
- 02 mar 2018 12:00