Sizin reklam burada

Nuriyev yığmanı nurlandıracaq?

Title
Heç danışmaq istəmir, qalmışdı nurlandırması...
“Minay” Ukrayna çempionatının elitasında aşkar autsayder olsa da, bəlkə də indi ölkəmizdə “Şaxtyor”la “Dinamo”dan daha populyardı. Təbii, bunun özəl səbəbi var. Bildiyiniz kimi, “Minay”ın cari mövsümdə 6 qol vuran, deyilənə görə, Azərbaycanla bağlılığı olan 25 yaşlı hücumçusu Anatoli Nuriyev bir aya yaxındı yığmamızın potensial üzvü kimi diqqət mərkəzindədi. Şəxsən mən onun oyununu görməmişəm, bunu özümə nöqsan sayıram və imkan olsa, ən yaxın günlərdə futbolçu keyfiyyətlərindən xəbər tutmaq istəyirəm. Bu məsələnin bir tərəfi. Sadəcə, məsələnin daha ilginc və adamı laqeyd olmağa qoymayan ikinci tərəfi də var. Dediyinə görə, Azərbaycan yığmasında oynayacağı ilə bağlı hələ bir il əvvəl başlayan söhbətlər Anatolinin yekun qərara gəlməsi üçün kifayət etməyib. Əvvəlcə onun ölkəsində verdiyi açıqlamaya baxaq: "Açığı, özümü beynəlxalq səviyyədə sınamaq istəyimə baxmayaraq, hələlik şərh ediləsi xüsusi bir şey yoxdu. Azərbaycan millisində oynaya biləcəyimlə bağlı söhbətlər ilk dəfə 1 il öncə başladı. Axı ata tərəfdən bu ölkə ilə bağlılığım var. Bu işlə AFFA məşğul olur. Ona görə də detalları açmaq istəmirəm. Mənim işim "Minay" üçün oynamaq və peşəkarlığımı göstərməkdi. Düşünürəm ki, məsələ yazda - DÇ-2022-nin seçmə mərhələsi başlayanda dəqiqləşəcək. Çünki təqvimə görə Azərbaycan martın 24-də səfərdə Portuqaliya, 30-da isə evdə Serbiya ilə qarşılaşacaq".
Sirr deyil ki, Anatoli yığmamızın formasını geysə belə, bu onun atasının babasının tarixi vətəninə sevgisindən yox, Ukrayna yığmasına düşə bilməməsindən irəli gələcək. Ukraynanın futbolçu resursları bəllidi, Nuriyev nəinki yaxın, heç uzaq gələcəkdə də özünü o formada görə bilməməkdə haqlıdı. Amma bir halda ki, söhbət Azərbaycan yığmasının formasını geymək perspektivindən gedir, heç olmasa, bu ölkə ilə bağlı bir-iki xoş söz söyləyə bilərdi. Ukrayna mediasına verdiyi açıqlama ilə tanış olanda düşündüm ki, yəqin Azərbaycanla bağlı duyğularını dilə gətirib. Sadəcə, ölkəmizi gözü götürməyən hansısa jurnalist onun fikirlərini yazıya almayıb. Dünən “report”a verdiyi müsahibəni oxuyanda isə bir daha əmin oldum ki, bu adam yığmamızın formasını geymək üçün can çəkir, qınayan olmasaydı, bəlkə də özünü öldürərdi. İnanmırsızsa, seçmələrə baxın: “İndiyədək heç vaxt Azərbaycanda olmamışam. Deyəsən, hazırda orda yaşayan yaxınlarımız var. Amma ailələr arasında əlaqə, gediş-gəliş yoxdu. Hələ milli komanda ilə bağlı suala cavab vermək istəmirəm. Qəti qərar verildikdən sonra bu barədə danışmaq olar. İndi şərh vermək tezdi”. Həmkarımızın “Azərbaycan yığmasının baş məşqçisi Canni de Byazi Antalyada oyununuzu izləyib və çox bəyənib, onunla görüşmək imknanınız oldumu” sualını isə belə cavablayıb: “Az öncə də dediyim kimi, milli barədə danışmaq istəmirəm. Məsələ həllini tapsın, sonra istədiyiniz suala cavab verəcəyəm”.
Həftə ərzində verdiyi iki açıqlamada Azərbaycanla bağlı bircə xoş söz deməyən adamın sabah yekun qərardan sonra nələr danışacağı mənim üçün həm maraqlıdı, həm də maraqsız. Ona görə maraqlıdı ki, seçimini necəsə əsaslandırmalıdı. Ona görə maraqsızdı ki, futbolu təkcə peşə bacarıqları ilə yox, həm də ürəklə, sevgi ilə oynamalısan. Sevmədiklərin üçün necə fədakarlıq göstərə bilərsən?!
HUŞƏNG
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.