Elxan Abdullayev növbəti toplanışı da Tovuzda keçirmək istəyir
Elxan Abdullayevin çalışdırdığı U-18 bir həftədi Tovuzda təlim-məşq toplanışı keçir. Geridə qalan müddətdə 18 yaşa qədər futbolçulardan formalaşdırılan komanda bir yoxlama görüşü keçirib. “Turan Tovuz”la üz- üzə gələn yığma heç-heçə edib - 2:2. Tovuza səfər çərçivəsində baş məşqçi Elxan Abdullayevlə də görüşdüm, toplanış barədə fikirlərini öyrəndim, millinin gələcək planları haqda bilgi əldə etməyə çalışdım.
- Əvvəlcə təlim-məşq toplanışının gedişiylə bağlı məlumat verərdiz.
- Fevralın 9-dan təlim-məşq toplanışına start vermişik və 19-na qədər davam edəcək. Tovuzda yeni akademiya açıldığından toplanışı burda keçirməyə qərar verdik. Çox yaxşı şərait yaradılıb. Pandemiya səbəbindən Bakıda yer qıtlığı yaşanır. “Dalğa Arena”da və ya başqa məkanda uzunmüddətli toplanış keçmək mümkün deyil. Bütün nüansları nəzərə alanda Tovuz bizim üçün çox yaxşı seçim oldu. O ki qaldı uşaqlara, toplanışda ümumilikdə 26 futbolçu iştirak edir. Bu toplanış seleksiya xarakteri daşıyır. Bildiyiniz kimi, “Qəbələ” martın 4-də UEFA Gənclər Liqasında səfərdə “Şkendiya” ilə qarşılaşacaq. Komandanın oyuna daha yaxşı hazırlaşması üçün toplanışa ordan futbolçu dəvət etməmişik. Bundan başqa, bəzi klubların əsas həyətində oyunçular var ki, yaxından tanıyırıq. Onları Tovuza gətirməyi lazım bilmədik. Səviyyəsinə bələd olduqlarımızın əvəzinə başqa uşaqları yoxlamağı məqsədəuyğun saydıq. U-19 liqasında çempionatın olmaması işimizi çətinləşdirib. Biz bu yaş qrupuna uyğun gələn futbolçuları heç yerdə izləyə bilmirik. Düzdü, bəziləri əvəzedici komandada da çıxış edir. Ancaq 19 yaşa qədər futbolçuların daim oynaya biləcəyi çempionat hələ keçirilmədiyindən oyun təcrübəsi sarıdan axsayırlar. İndiki toplanış da məhz bunun üçün nəzərdə tutulub. Ancaq onu da deyim ki, 10 günlük toplanış azdı. Çox çalışdıq ki, yoxlama younlarının sayı çox olsun. Ancaq iki kollektivlə razılaşa bildik. “Turan Tovuz” rəhbərliyinə, məşqçilər korpusuna “çox sağ ol” deyirəm ki, istəyimizi geri çevirmədilər və ilk görüşdə onlarla üz-üzə gəldik. Sabah (bu gün) isə “Qəbələ”nin U-19 komandasıyla qarşılaşmalıyıq. Təbii ki, hava şəraiti imkan versə. Fevralın 19-da isə komanda Bakıya dönəcək.
- Növbəti toplanış nə vaxta planlaşdırılıb?
- Martın 9-dan 19-na kimi komanda toplanışda olacaq. Böyük ehtimalla yenə Tovuza üz tutacağıq. Budəfəki toplanışda özünü yaxşı tərəfdən göstərən yeniyetmələri martda da düşərgəyə dəvət edəcəyik.
- Toplanış bölgədə olanda yoxlama oyunu keçirmək çətin olur ki, özünüz də bir qədər əvvəl bunu qeyd etdiz. Buna baxmayaraq, martda da Tovuza qayıtmağı düşünürsüz...
- Bəli, belə çətinliyimiz var. Bakıda rəqib tapmaqda problem yaşamırıq. Lakin pandemiyanı, bayaq qeyd etdiyim stadion məsələsini nəzərə alsaq, Tovuz ən optimal variantdı. Bir nüansı da diqqətdən qaçırmayaq ki, bizim təlim-məşq toplanışları zamanı nə divizionda, nə də premyer-liqada “pəncərə” yoxdu. Buna görə də müraciət etdiyimiz komandaların bizimlə yoxlama oyunu keçirməyə vaxtı olmur. Onlar həftəiçi növbəti tura hazırlaşmaq məcburiyyətindədilər.
- U-19 liqasının keçirilməməsi baş məşqçi olduğunuz yığmanın hazırlıq planına nə dərəcədə təsir edir?
- Çox ciddi təsir edir. Məntiqlə biz məşqçilər yığmaya namizədləri adlara görə yox, oyunlardan seçib düşərgəyə dəvət etməliyik. Milliyə dəvət olunan futbolçuda sabitlik olmalıdı. Bir oyunda pis, o birində yaxşı təsir bağışlayan oyunçunu yığmaya çağırmaq nə dərəcədə düzdü? Buna görə də deyirəm ki, namizədləri ardıcıl oyunlarda izləyib qərar vermək lazımdı. İndiki məqamda sabitlikdən söhbət edə bilmərik. Təsəvvür edin ki, bu uşaqların əksəriyyəti sonuncu dəfə ötən ilin martında meydana çıxıb. Beynəlxalq oyunlardan heç söhbət etməyə dəymir. Başa düşürük ki, bunun obyektiv səbəbləri var. Ancaq bizim işimizə nəzərəçarpan dərəcədə təsir edir.
- Öz aramızda söhbət edərkən bildirdiz ki, bu komanda noyabrda İspaniyaya qarşı oynayacaq. Necə düşünürsüz, qrup oyunlarında bu uşaqlar nəsə edə biləcəklər?
- Siz niyə təkcə İspaniyanı qeyd edirsiz? Qrupumuzda onlardan başqa Belçika və Lüksemburq da var. İspaniya və Belçikada futbolun səviyyəsi barədə danışmaq, məncə, yersizdi. Bu iki ölkədə yetişən gənclər bu gün Avropanın top-klublarının şərəfini qoruyurlar. Əksəriyyəti artıq skautların diqqət mərkəzindədi. Lüksemburq isə son illərdə Avropa futbol ailəsinə qoşulmaq yolunda inamlı addımlar atır, klubları artıq qitəmiqyaslı turnirlərdə diqqətçəkən nəticələr göstərirlər. Odu ki, yer aldığımız qrup yetərincə güclüdü. Qrupdakı perspektivə gəlincə, mən bu komandanın baş məşqçisiyəm, yetərincə nikbin insanam. Bu üzdən deyə bilərəm ki, əlimizdən gələni etməyə çalışacağıq ki, uğurlu nəticə qazanaq. Gəlin hər şeyə real yanaşaq. Bilirik ki, həmin İspaniya, Belçika bizdən qat-qat üstün komandadı. Ancaq bu o demək deyil ki, meydana çıxıb onlardan qorxacağıq, qarşılarında yarpaq kimi əsəcəyik. Çalışacağıq qrup oyunları başlayana kimi daha yaxşı hazırlaşaq, yığmaya ən layiqli oyunçuları dəvət edək.
RƏŞAD