Sizin reklam burada

Kimdi bu il çempion?

Title
Sanki futbol tanrısı dualarımızı eşitdi. Az qala hər yazıda, futbolla bağlı hər söhbətdə Azərbaycan premyer-liqasında rəqabətin olmamasından şikayət edirdik. Elə ötən həftə “Qəbələ”nin ölkə kubokunda “Qarabağ”a məğlub olmasından bəhs edərkən də bu şikayətimi dilə gətirmişdim. Başlıq yerində istifadə etdiyim sual da “Qəbələ”nin “Qarabağ”a rəqabət təklif edə bildiyi, çempionluq uğrunda amansız mübarizənin getdiyi günlərin xatirəsidi. “Qırmızı-qaralar” Roman Qriqorçukun formalaşdırdığı güclü heyətlə “Qarabağ”a əməlli-başlı həyəcan yaşadırdı. “Köhlən atlar” mövsüm ərzində əsl rəqabət hiss edir, “Qəbələ” ilə çempionluq uğrunda amansız mübarizə aparırdı. Özü də bu mübarizə təkcə yaşıl meydanda hiss olunmurdu. Səməd Nəsibov, Anar Hacıyev, Səbuhi Səfiyarlı və Nail Kərimov da meydandan kənarda, mətbuatda, sosial şəbəkələrdə həmin o amansız mübarizəni davam etdirirdi. Tez-tez ara qarışır, qarşılıqlı atmacalar, ikibaşlı açıqlamalar eşidirdik. Amma hamısı sivil formada, əsl Avropa standartlarına uyğun. “Kimdi bu il çempion?” şüarı da həmin unudulmaz günlərin yadigarıdı. “Qəbələ” xal fərqini qoruduqca sosial şəbəkələrdəki paylaşımları bu sualın əks edildiyi həştəqlər bəzəyər, meydandakı 90 dəqiqənin bitməsiylə mübarizə qəzet səhiflərinə, sayt manşetlərinə ötürülərdi.
“Gəl, əzizim. Yada salaq ötənləri dönə-dönə. Ötən günə gün çatarmı, calasan da günü günə...” – rəhmətlik Oqtay Ağayevin ifasında dinləyib, sevdiyimiz o unudlmaz mahnıda belə deyir. Azərbaycan futbolunun yaxın keçmişdəki rəqabətli, hay-küylü günlərini xatırlayanda da biz o vəziyyətə düşürük. 12 gün ərzində “Sumqayıt”la “Səbail” düz üç dəfə qarşılaşdı. Yalan olmasın, televizorumuzun kanalını nə vaxt “CBC Sport”a çevirdik, bu iki komandanın bir-biriylə oynadığına şahid olduq. Sözsüz, belə bir vəziyyətdə azarkeşlərin diqqətini Azərbaycan futboluna çəkmək xeyli çətindi. Eyni komandalar bir-biriylə nə qədər qarşılaşar? Heç şübhə etmirəm ki, futbolçular da belə vəziyyətdən bezirlər. İdman mətbuatının da işi belədə xeyli çətinləşir. Bu qarşılaşmalarda nəyi təhlil edəsən, nəyi araşdırasan? Yavaş-yavaş bu acınacaqlı vəziyyət AFFA rəhbərliyini də narahat edir. Son həftələrdə aparılan müzakirələr, səslənən açıqlamalar qəlbibimizdə ümid işığı yandırır ki, gələn mövsüm çempionatda iştirakçıların sayı artacaq. Xüsusən də bölgə təmsilçilərinin elitada iştirak etməsi, çempionata rəng qatması vacibdi. Bu həqiqəti təkzib etmək üçün bütün dəlillər zəif və mənasızdı. Daha əl boyda Bakıda nə qədər komanda olmalıdı? Ümid edirik ki, çox tezliklə bu mövzuda şad xəbərlər eşidəcəyik, Azərbaycan premyer-liqasına yeni nəfəs gələcək.
Son günlərin bizi sevindirən hadisəsi təkcə bu məqam deyil. “Qarabağ”ın Respublika stadionunda “Neftçi”yə uduzması neytral azarkeşlərin, ölkə çempionatında rəqabət arzulayanların ürəyincə oldu. Razılaşaq ki, bizim premyer-liqada rəqabətin zəifləməsində, çempionata marağın azalmasında “Qarabağ”ın hegomonluğunun əzici üstünlüyə çevrilməsinin də böyük rolu var. Buna görə nə “Qarabağ” rəhbərliyini günahlandıra bilərik, nə də Qurban Qurbanovu və futbolçularını. Adamlar sistemlərini qurub, heyəti formalaşdırıb və “köhlən atlar”ı, rəhmətlik Böyükağa Hacıyevin təbirincə desək, “hazır maşın”a çeviriblər. Rəhmətlik bir vaxtlar “Neftçi” barədə belə deyərdi. “Xalq komandası”nı uğura daşıya bilməyən məşqçiləri qınayardı ki, komandanın gücündən düzgün istifadə edə bilmirlər. Zaman-zaman “Neftçi”nin problemləri daha da dərinləşdi. “Ağ-qaralar” çempionatdakı mövqelərini əldən verməyə, azarkeşlərinin sırasını seyrəltməyə başladı. İş o yerə gəlib çatdı ki, “Neftçi”nin tarixinə qısa müddətdə 0:6, 0:8 kimi acınacaqlı məğlubiyyətlər yazılmağa başladı. Nə əcnəbi məşqçi Roberto Bordinin “sükan arxasına” gətirilməsi kömək etdi, nə də çoxsaylı əcnəbi futbolçular.
Deyəsən, vəziyyət bir qədər dəyişib. Özü də bunu italyan Roberto Bordin yox, yerli mütəxəssis Samir Abasov bacarmaq üzrədi. “Neftçi” “Qarabağ”a “əlcək atdı” və çox vacib bir qarşılaşmada qələbə qazandı. Azlıqda qalan “ağ-qaralar” sona qədər döyüşdü, rəqibin favorit adından bir saniyə belə çəkinmədi. Son saniyələrdə “Qarabağ”ın bərabərlik qolunu vurması çoxlarının ürəyincə olmayacaqdı. Söhbət heç də Ağdam komandasına antipatiyadan, yaxud “Neftçi”yə azarkeşlikdən getmir. “Neftçi”nin qələbəsi Azərbaycan premyer-liqasına yeni həyəcan gətirdi, rəqabətin vaxtından xeyli əvvəl ölməsinə imkan vermədi. Mübarizə hələ davam edir. Bu mübarizə “Qarabağ”ı da daha diqqətli və məsuliyyətli olmağa məcbur edəcək. Sözsüz, bizi irəlidə gərgin oyunlar, maraqlı çempionluq mübarizəsi gözləyir. Sərlövhədə səsləndirdiyim suala indidən cavab vermək heç də asan deyil.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.