Sizin reklam burada

Azərbaycan derbisinə Elçin Məsiyev damğa vurub

Title
Şahin Diniyev: “Qarabağ”ın çempionluq yolunda zərbə aldığını deməzdim”
Tahir Süleymanov: “Neftçi”nin çempionluq taleyi artıq öz əlindədi”

Premyer-liqada 15-ci tur geridə qaldı. Turun mərkəzi görüşündə “Qarabağ”la “Neftçi” qarşılaşdı. Lider olan Ağdam təmsilçisi doğma meydanda ikinci pillənin sahibini sınağa çəkdi. Bakılıların 2:1 hesablı qələbəsi ilə başa çatan oyunda 4 qırmızı vərəqə göstərildi. Qonaqlar 3 xal qazansa da, kobud oyuna görə 3 futbolçusundan məhrum oldu. Ömər Buludov, Mamadu Kane və Voislav Stankoviç meydanı vaxtından əvvəl tərk etdi. Meydan sahiblərindən isə Kevin Medina birbaşa qırmızı vərəqə alaraq, komandasını çətin vəziyyətdə qoydu. Bu səbəbdən hakimliklə bağlı da müzakirələr oldu.
Bütün bunlarla bağlı mütəxəssislərə tribuna verdik. Şahin Diniyev “ağ-qaralar”ın xarakter hesabına 3 xal qazandığını söylədi: “Elə oyun oldu ki, konkret nəsə demək olmur. Gözəl oyun alınmadı, amma qarşılaşmada bir çox nüanslar oldu: futbolçu səhvləri, qırmızı vərəqələr, qollar, penalti və s. “Neftçi” xarakter göstərib, qələbə qazandı. Azlıqda qalsalar da, düzgün müdafiə qurmağı, müdafiədə etibarlı oynamağı bacardılar. Komandanın motivasiyası yüksək səviyyədə idi, futbolçular meydanın hər qarışı uğrunda mübarizə aparırdılar. Bunun hesabına da qələbə qazandılar. O ki qaldı çempionluğa, mövsümün sonuna hələ çox var. “Neftçi”nin qələbəsi böyük fərq yaratmır. “Qarabağ”ı tanıyırıq, necə komanda olduğunu bilirik. “Qarabağ” tez sınan komanda deyil, əksinə, tez toparlanıb, irəliləyir. Sadəcə, həmin gün “Qarabağ”ın günü deyildi. Komanda sıx müdafiə olunan “Neftçi”nin müdafiəsini yara bilmədi. “Qarabağ”ın çempionluq yolunda zərbə aldığını deməzdim. Bu komanda hansı vəziyyətlərdən çıxdığını, necə çətin dövrləri arxada qoyduğunu göstərib. Əslində “Qarabağ”ın vəziyyəti də faciəvi deyil, müəyyən qrafiklə irəliləyirlər. Komanda belə vəziyyətlərə daha ciddi yanaşmağı, situasiyadan çıxmağı bacarır. “Qarabağ”ın bu oyunda qalib gəlməsi çempionluq uğrunda rəqabəti azaldacaqdı”.
Diniyev oyunun hakimliyi ilə bağlı da fikirlərini bildirdi: “Hər kəsin fikri fərqli ola bilər. Oyuna canlı baxdım, hakim çox qətiyyətli, inamlı idarəçilik etdi. Hakim deyiləm, detalları xırdalaya bilmərəm. Amma referi ümumilikdə oyunu çox yüksək səviyyədə idarə etdi. Ən sevdiyim nüans isə hakimin özünə inanması, qərarlarda tərəddüd etməməsi, soyuqqanlı davranması oldu. Belə deyək, o, komandaların adından qorxmadı. Çox ədalətli, futbol naminə vacib qərarlar verdi”.
Oyun və hakim idarəçiliyi ilə bağlı Tahir Süleymanovun da fikirlərini öyrəndik: “Qarabağ” - “Neftçi” qarşılaşması nəinki turun, qış fasiləsindən sonra çempionluq yolunda ən vacib oyunlardan biri, birincisi idi. “6 xallıq oyun” deyimini bir qədər incələyək. “Qarabağ” qələbə qazansaydı, yaxın izləyicisindən 5 xal önə çıxacaq, əlavə bir məğlubiyyət, bir heç-heçə limiti qazanacaqdı. Üstəgəl, əsas rəqib psixoloji tarazlığını itirəcək, hər dəfə stress altında növbəti matçlara çıxmaq məcburiyyətində qalacaqdı. Hətta bütün oyunları qələbəylə bitirəcəyi halda belə, taleyi öz əlində olmayacaq, rəqibin 2 yox, minimum 3 görüşdə büdrəməsini gözləyəcəkdi. “Qarabağ”ın hər növbəti qələbəsi bu şansı azaldacaqdı. Ağdamlılar böyük üstünlüyü qaçırdı. “Neftçi” isə meydanı 3 xalla tərk edərək rəqibini qeyd olunan imtiyazlardan məhrum etdi, minimal üstünlüklə özü liderliyə yüksəldi, özünəinam qazandı”.
Süleymanovun fikrincə, “Neftçi”nin qələbəsində tənqid amili böyük rol oynayıb: “Çox vaxt haqlı tənqidlərə görə “Neftçi” daxilindən gileylənirlər. Matçdan öncə ictimai qınaq olmasaydı, flaqman meydanda bu səviyyədə xarakter nümayiş etdirməyəcəkdi. Tam əminliklə deyirəm, komanda “Zirə” ilə kubok oyunundan öncə silkələnsəydi, mərhələni keçəcəkdi. Klub arxayınlaşanda məsuliyyət hissini itirir. “Neftçi”nin adıyla yanaşı, iddialar yaşıl meydanlarda üst-üstə düşməli, daha da artmalıdı”.
Sabiq FİFA referisinin hakimlik haqda fikirləri isə belə oldu: “Qarabağ” - “Neftçi” görüşü yüksək oyun keyfiyyəti ilə yadda qalmadı. Əvəzində hakim idarəçiliyi matça damğa vurdu. Gənc FİFA referisi qətiyyəti ilə seçilirdi. İlk yarıda “Neftçi”nin futbolçularına göstərilən sarı vərəqələrin bir-ikisi şifahi xəbərdarlıqla əvəz edilə bilərdi. Əsasən müdafiəçi və dayaq futbolçularının sarı vərəqə alması oyunçulara, ümumi komanda oyununa təsirsiz ötüşmür. Futbolçular ikinci “sarı”dan “sığortalanmaq” üçün daha ehtiyatlı davranmağa məcbur olurlar. Emosiyalara uyanlar isə meydandan kənarlaşdırılır. Bu da dolayısı ilə rəqibə üstünlük qazandırır. Elçin Məsiyev oyundan-oyuna təcrübə qazandıqca, bu cür hakimlik nüansları mənimsəniləcək, aradan qaldırılacaq. Penalti epizodu və hər iki qırmızı tam haqlıydı. Mahir Emrelinin vurduğu qol çox müzakirə edildi. Futbol qaydalarında kifayət qədər boşluqlar var, bu da ikili standartlara yol açır. Maksim Medvedevin birbaşa topa müdaxilə etmədiyini nəzərə alan hakimlər briqadası məsləhətləşəndən sonra qolu qeydə aldı. Qərar əks tərəfə verilsəydi də, baş hakim qınanılmayacaqdı. FİFA, UEFA bu tip epizodlara daha həssas yanaşmağı, incələməyi tövsiyə, tələb edir. Futbolun gözəlliyi qoldu. Ümumilikdə baş hakimin cəsarəti qeyd olunmalıdı. Hakimlər briqadasının hansısa komandaya tərəfkeşliyindən söhbət gedə bilməz. Görüş maraqlı alınmasa da, tarixdə nəticə qalır. “Neftçi”nin çempionluq taleyi artıq öz əlindədi”.
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.