“Məni işdən çıxarmayıblar, özüm istefa vermişəm”
AFFA Hakimlər və Hakim-inspektorlar Komitəsinin sədri Firts Stuxlikin köməkçisi olan Elçin Məmmədov vəzifəsindən ayrılıb. Bu haqda məlumatı qəzetimizə açıqlamasında sabiq FIFA referisi özü verdi. O, Futzal Federasiyanda işinə davam edəcəyini söylədi: “Mediada yazılıb ki, işdən qovulmuşam. Bu, belə deyil. Hamı hər şey yazır. Öz istəyimlə istefa vermişəm. Həm AFFA Hakimlər və Hakim-inspektorlar Komitəsində, həm də Futzal Federasiyasında çalışırdım. İki işi bir yerdə görmək alınmırdı. Bu üzdən ərizəmi yazıb, ordan ayrıldım. Mənə etimad göstərdiklərinə görə AFFA rəsmilərinə, Elxan Məmmədova təşəkkürümü bildirirəm. Futzal Federasiyasındakı vəzifəmə davam edəcəm. Orda hakimlərin əlaqələndiricisi kimi çalışacam. Bir daha deyirəm, məni işdən çıxarmayıblar, özüm istefa vermişəm”.
Məlumat üçün qeyd edək ki, mediada dolaşan xəbərlərdə AFFA-nın fəaliyyətində ciddi nöqsanlara yol verən sabiq referini cəzalandırdığı bildirilib. Qurumun Elçin Məmmədovu Hakimlər və Hakim-İnspektorlar Komitəsi üzvlüyündən kənarlaşdırmaq haqda qərar verdiyi vurğulanıb. Məmmədovun özünə aid olmayan məsələlərə qarışması və işinə ciddi yanaşmaması səbəbindən uzaqlaşdırıldığı deyilir. Xəbərlərdə quruma Elçin Məmmədovun əvəzinə sabiq FİFA referisi, hakim-inspektor Babək Quliyev gətirildiyi bildirilib.
İLKİN SULTANLI