Vəkil detallı təqdimatı CAS-a göndərib
Bildiyiniz kimi, UEFA “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimovu Vətən müharibəsi zamanı “feysbuk”da yazdığı posta görə futboldan ömürlük uzaqlaşdırıb, klubu isə 100 min avro cərimələyib. İki həftə öncə Avropanın ali futbol qurumu “köhlən atlar”ın apellyasiya şikayətini təmin etməyib. Nəticədə klub cəriməni ödəmək məcburiyyətində qalıb. “Qarabağ” rəsmiləri hələ ki məsələylə bağlı CAS-a müraciət edib-etməyəcəkləri haqda rəsmi açıqlama verməyiblər. Lakin Nurlan İbrahimov özünə görə apellyasiya şikayəti vermiş, UEFA qərarını dəyişməmişdi. “Qarabağ”ın sabiq mətbuat xidmətinin rəhbəri məsələ ilə bağlı CAS-a müraciət edib. Artıq şikayətdən 2 aydan çox müddət keçib. Məsələ ilə bağlı hansı yeniliklərin olduğunu öyrənmək üçün İbrahimovun vəkili Fərid Haqverdiyevlə əlaqə saxladıq: “CAS məsələlərində iki mərhələ olur. Birinci əsas istiqamətdə tələbləri qeyd edirsiz, ikinci hissədə isə artıq etirazları, dəlilləri və sübutları göstərirsiz. Yenilik kimi ancaq detallı təqdimatımızı CAS-a verdiyimizi deyə bilərik. Başqa yenilik yoxdu. İndi gözləyirik ki, işə baxacaq 3 nəfərlik heyət formalaşsın. Həmin şəxslər bəlli olandan sonra UEFA-ya vaxt veriləcək ki, onlar da öz etirazlarını və şikayətlərini təqdim etsinlər. Daha sonra məsələ ilə bağlı yekun qərar veriləcək. İndi, sadəcə, heyətin formalaşmasını gözləyirik. Bunun nə vaxt həll olunacağı ilə bağlı dəqiq məlumat hələ ki yoxdu. Hazırda, sadəcə, gözləmə mövqeyindəyik”.
Tanınmış idman vəkili UEFA-nın “Qarabağ”ın cərimə ilə bağlı apellyasiya şikayətini geri çevirməsinin Nurlan İbrahimovun məsələsinə təsir etməyəcəyini də bildirdi: “Burda heç bir problem olmayacaq. Düzdü, “Qarabağ”ın cəzalanmasına səbəb Nurlan İbrahimov olub. Lakin əvvəlcədən proses ayrı-ayrı istiqamətlərdə getdiyi üçün problem yaşanmayacaq. Biz əvvəlcədən Nurlan bəyin cəzalanmaması üçün müraciət etmişdik. “Qarabağ” CAS-a öz məsələsi ilə bağlı müraciət etməsə, bu, müvəkkilimin işinə təsir etməyəcək. Yəni burda heç bir problem yaşanmayacaq. CAS-dakı işimiz öz axarı ilə davam edəcək”.
İLKİN SULTANLI