Sizin reklam burada

Ümit Karan Yunuszadəni Türkiyəyə dəvət edib

Title
“Keşlə”də yaya qədər oynayıb, sonra yenidən ölkə xaricinə yollanmaq fikrim var”
“Keşlə” bir neçə gün öncə yeni transferini açıqladı. Paytaxt klubu bir müddətdi ölkə xaricində çıxış edən Elvin Yunuszadəni heyətinə qatdı. 28 yaşlı futbolçu ilə mövsümün sonuna qədər müqavilə bağlanıb.
Dünən Elvinlə əlaqə saxlayıb, “Keşlə”yə keçidi, legioner karyerası, ölkə çempionatı və başqa mövzular ətrafında danışdıq.
- “Keşlə”yə keçidin necə alındı? Klubla nə vaxtdan danışıq aparırdın?
- “Şkupi”dən rəsmən ayrılana qədər heç bir klubla danışıq aparmadım, çünki etik cəhətdən düzgün olmazdı. Elə alındı ki, Şimali Makedoniya klubu ilə bütün məsələləri tam yoluna qoyduq və razılaşdıq ki, yolları ayırmaq ən doğrusudu. Bundan sonra “Keşlə” rəhbərliyi və məşqçilərlə söhbətimiz oldu, müzakirə apardıq və qərara gəldik ki, yaya qədər karyerama bu komandada davam edim.
- “Şkupi”dən rəsmən nə zaman ayrıldın?
- “Keşlə” ilə rəsmi müqavilə bağlamamışdan bir neçə gün əvvəl. Yeni olub, bir neçə gün öncə.
- Deyəsən, uzun müddətdi ölkədəsən, sadəcə, oynamırsan.
- Şimali Makedoniyada çempionat bitdikdən sonra qayıtdım Bakıya. Klubla maliyyə baxımdan bəzi problemlərimiz var idi. Rəhbərliklə danışdım, bildirdim ki, maliyyə ilə bağlı problemlər həll olunmasa, qayıtmaq fikrində deyiləm. Onlar da söz vermişdilər ki, tezliklə həll ediləcək. Gördüm ki, məsələ çox uzanır… Açığı, həll olunacağına inamım da yox idi. Ona görə də çox uzatmaq istəmədim, danışdım, belə qərara gəldik.
- Bəs ölkə xaricindən hansısa təklif vardı?
- Türkiyədən var idi. “Menemenspor” maraqlanırdı. Bu kluba Ümit Karan baş məşqçi gəldi. O da “Şkupi”də mənim məşqçim olub. Klubla danışığımız oldu, dəvət etdilər, amma bəzi nüanslar oldu ki, onlara görə alınmadı. Real təklif bu klubdan idi. Onlardan başqa ilk danışdığım klub “Keşlə” oldu. Bir də Qazaxıstandan “Aktobe”nin baş məşqçisi mənimlə əlaqə saxladı. BATE “Qarabağ”la oynayan zaman klubun baş məşqçisi idi. Onun özü ilə telefon danışığımız oldu. Dedi ki, səni “Qarabağ”da oynadığın vaxtdan xatırlayıram, komandamda görmək istəyərəm. Onlar da premyer-liqaya yeni vəsiqə qazanıblar. Qazaxıstanda çempionat gec başlayır, komanda təlim-məçq toplanışına gec getdi. Həmin məşqçi hələ orda deyildi. O, gələnə qədər artıq mən “Keşlə”ylə danışıq apardım, söz verdim. O məşqçini gözləmək mənə o qədər də sərf etmirdi. Çünki ola bilər, məşqçiylə danışım, amma klubla anlaşa bilməyim, ya da hansısa başqa problem çıxsın. Həm də orda çempionat gec başlayır. Bu qədər müddət gözləməmək üçün “Keşlə”ylə anlaşdım. “Keşlə”də yaya qədər oynayıb, sonra yenidən ölkə xaricinə yollanmaq fikrim var. Buna görə də klubla yaya qədər müqavilə bağladıq.
- Elə bir sualım da bununla bağlı idi. Azərbaycanlı futbolçuların ölkə xaricinə getməsi nisbətən daha çətindi. Yenidən ölkəyə qayıtmaq səni qorxutmur? Geriyə atılmış addım kimi qiymətləndirmirsən?
- Hazırkı vəziyyət də bunu tələb etdi. Mən özüm də Azərbaycana qayıtmağın tərəfdarı deyildim. Ümumi götürsək, bizim çempionat da yaxşıdı, amma ordan Avropaya çıxış daha rahatdı. Bilmirəm, bu, futbol piarıdı, ya futbolumuz o qədər də güclü deyil, amma bizim ölkədən Avropaya çıxmaq çətindi. Yeni gedəndə bir futbolçu “Fənərbaxça” ilə müqavilə imzaladı, halbuki bizdən hansısa futbolçunun bu kluba keçməsi real görünmür. Həmin futbolçu çox güclü futbolçu da deyildi, orta səviyyəli idi, onun kimi futbolçu Azərbaycanda da var. Sadəcə, orda futbola baxış daha fərqlidi.
- Həm Bosniya və Hersoqovinada, həm də Şimali Makedoniyada oynadın. Bu iki ölkənin çempionatı və Azərbaycan premyer-liqası arasında necə müqayisə aparardın?
- Açığı, Bosniya və Hersoqovinada oynamaq şansım olmadı. Orda çempionat gec başlayır, başlayan kimi də koronavirusa görə dayandırdılar. Orda heç çempionatı bərpa da etmədilər. Elə yaxşı yadıma düşdü, “Çelik”dəki baş məşqçim Ümit Özatla münasibətim qalmışdı. Həmin vaxt açıqlama da vermişdi ki, hara getsəm, Elvini də özümlə aparacam. Elə oldu ki, mən “Şkupi”yə gedəndən sonra Ümit Özat da Türkiyəyə - “Adana Dəmirspor”a baş məşqçi getdi. Təxminən dekabrın əvvəli mənə zəng etdi ki, səni komandamda görmək istəyirəm, gəlmək istəyərsən? Mən də bildirdim ki, qış fasiləsi başlasın, gəlmək istəyərəm. “Şkupi”nin rəhbəri ilə də əvvəldən danışmışdıq ki, mənə təklif olsa, problem yaratmayacaqlar. Amma elə alındı ki, heç bir həftə keçmədi Ümit Özat komandadan ayrıldı (gülür). Arada fikirləşirəm ki, bəlkə özümdə şanssızlıq var. O iki çempionatla bizim liqa arasındakı müqayisəyə gəlincə, Bosniya və Hersoqovina haqda çox danışmağım düzgün olmaz. Çünki çox şey görə bilmədim. Şimali Makedoniyada isə klubların səviyyəsi eynidi. Məsələn, “Şkendiya” “Sumqayıt”a qalib gəldikdən sonra pley-offa qədər gedə bildi. Daha səviyyəli komanda idi, yaxşı futbolçuları vardı. Amma ümumi götürsək, bizim çempionat daha yaxşıdı. Orda pul baxımdan vəziyyət yaxşı deyil. Stadionlar, maliyyə şərtlərində biz daha irəlidəyik. Elə təsəvvür edin ki, ora Azərbaycan çempionatının 10 il əvvəlki formasıdı, sadəcə, Avropanın digər çempionatlarına çıxış daha asandı.
- Bəs bizim premyer-liqanın hazırkı vəziyyətini necə qiymətləndirirsən?
- Bizdə futbol ictimaiyyəti klubları transfer baxımından qınayır. Mətbuatdan oxuyuram, baş məşqçilərə sual verirlər ki, filan mövqeyə niyə transfer etmirsiz? Onları qınamağa ehtiyac yoxdu. Mən özüm də orda maraqlanırdım ki, futbolçular bizim çempionata getmək istəmirlər, halbuki bizim liqa ordan yaxşıdı. Baxirlar ki, çempionatda 8 komanda var, ən yaxşısı “Qarabağ”dı, gəlmək istəmirlər. Bizim çempionata güclü liqa kimi baxmırlar. Fikirləşirlər ki, Türkiyədə, məsələn, 20 komanda var, oyunlar çoxdu, azarkeşlər, stadionlar, bölgələr fərqlidi, oranı üstün tuturlar. Avropa fikirli olan futbolçular belə məsələlərə daha çox önəm verirlər. Bəzi futbolçularla danışdım, Türkiyəyə getmək istəyəni oldu, amma Azərbaycana gəlmək istəyən olmadı. Bizi aşağı tutmuram, sadəcə, vəziyyət budu. Bizim futbolçulara da məsləhət görürəm ki, pula və ya başqa məsələlərə fikir verməyə ehtiyac yoxdu, gedin, normal bir mövsüm keçirin, sonra irəliləyəcəksiz. Klublar da Azərbaycana baxırlar, onların beynində fikir formalaşır ki, 8 komandanın olduğu çempionatdan nə futbolçu alaq? Ona görə də ələ düşən fürsətlərdən istifadə etmək lazımdı. Sırf komandaların az olması onların bizlə bağlı fikrini dəyişir.
- “Keşlə”nin turnir cədvəlindəki hazırkı mövqeyi yaxşı deyil. Bəs komandanın cari mövsümdəki hədəfi nədi?
- Çox adam fikirləşir ki, “Keşlə” çempionatdan əlini üzüb, amma mən belə düşünmürəm. Səkkizinci yerlə üçüncü yer arasında xal fərqi çox azdı. İki oyunda qalib gəlib, birbaşa 4-cü yerə yüksələ bilirsən. Buna görə də çempionatda hər şeyi itirməmişik. Mən də əlimdən gələn hər şeyi edəcəm ki, komandaya fayda verim və irəliləyək.
- Səndən qısa müddət əvvəl komandaya yeni baş məşqçi gəldi. Komandada ab-hava necədi?
- Düzdü, Sənan müəllimlə ilk dəfə işləyirəm. “Qəbələ”dən tanıyırdım, yaxşı münasibətimiz var. O da kluba məqsədli gəlib, komandanı irəli daşımaq istəyir. Futbolçulara yanaşmasından, məşqlərdə tapşırıqlarından bunu görürük. Döyüşə gedəndə daha çox əsgərlər irəli gedir, amma burda komandir hamıdan daha çox istəyir ki, nəticə olsun, komanda yaxşı çıxış etsin. Onun bu istəyi bizə də stimul verir. Ümumi ab-hava da yaxşıdı, futbolçuların əksəriyyəti ilə birlikdə oynamışıq, tanıyıram. Hər şey yaxşıdı, mehriban ab-hava var.
- Kubokda da mübarizə aparırsız. Növbəti mərhələdə rəqib “Zirə”di. Yəqin xəbərin var, “Neftçi”ni mübarizədən kənarlaşdırdılar. “Zirə”ylə oyunlar barədə nə düşünürsən? Şansları necə qiymətləndirirsən?
- “Zirə” hazırda çox yaxşı vəziyyətdədi. Rəşad Sadıqov yaxşı heyət formalaşdırıb. Azərbaycan futboluna yaxşı bələd olan insandı, azərbaycanlı futbolçuları tanıyır, illərdi bu işin içindədi və gənc nəsli bilir. Bunlar nəticə qazanmaq baxımından vacib amillərdi. Dörd komanda yarımfinala gəlibsə, onlar arasında favorit seçmək çətindi. “Zirə”ylə oyun çətin olacaq, amma biz də yaxşı hazırlaşacağıq. Ümid edirik ki, finala vəsiqə qazanarıq.
- Sonda milli komanda ilə bağlı fikirlərini bilmək istəyirik...
- Deyin-deyin, yaralı yerimizdən danışaq (gülür).
- Komandanın indiki vəziyyəti barədə nə düşünürsən?
- Hazırkı vəziyyətlə bağlı ən yaxşı fikirləri De Byazi ilə işləmiş biri deyə bilər. Baş məşqçi kim olur-olsun, millidə qazanılan hər bir qələbə Azərbaycanın adını qaldırır. Biz də futbolçu kimi çalışmalıyıq ki, yığmanın və Azərbaycanın adını yüksəkdə tutaq. İnanıram ki, həm milli üzvləri, həm də De Byazi bunun üçün çalışacaq. Məncə, torpaqlarımız qaytarıldıqdan sonra millinin oyunlarına daha fərqli çıxacağıq. Ümid edirəm ki, yaxşı olar.
- Bəs növbəti seçmə mərhələ ilə bağlı hansısa gözləntin var?
- Bir neçə il əvvəl “niyə də yox?!” şüarı ilə çıxış edərkən də kimsə gözləmirdi ki, komanda qrupda elə oyunlar göstərəcək. İndi mən də “niyə də yox?!” deyirəm. Futbol elə oyundu ki, hər nəticə ola bilər. İslandiya, Albaniya kimi millilər də uğura nail olublar. Mümkünsüz heç nə yoxdu. Çalışılsa, istənilsə, hər şey mümkündü. Həmişə rəhbərlərin, baş məşqçilərin belə fikri olur ki, qrupdan çıxmasaq belə, qoy hamı mübarizəni, istəyi görsün. Biz də belə düşünməliyik. Məğlub olsaq belə, bunu rahat etməməliyik.
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.