Sizin reklam burada

“Əlimizdən gələni etməliyik ki, premyer-liqada ən azı 10 komanda olsun”

Title
Vaqif Sadıqovun dediyinə görə, limitlə bağlı müzakirələr gedir
Birinci divizionda tətbiq olunan limit məsələsi sön iki ildə futbol ictimaiyyəti arasında ən çox dartışılan mövzulardan biridi. Bəzi mütəxəssislər yeniliyin ölkə futboluna xeyir verdiyin söyləsə də, əksəriyyət islahatın əleyhinədi. Bu il yanvarın 29-da keçirilən AFFA-nın konfransından sonra jurnalistlərlə onlayn şəkildə görüşən assosiasiyanın icraçı vitse-prezidenti Elxan Məmmədov aşağı dəstədə limitlə bağlı sualı “bu mövzuda vitse-prezident, Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov və AFFA-nın idman direktoru Cahangir Həsənzadə ətraflı məlumat verər”, - deyə cavablamışdı. Onu da bildirmişdi ki, növbəti mətbuat konfranslarında adı çəkilən rəsmilər jurnalisilər qarşısına çıxacaq. AFFA rəhbərliyinin media nümayəndələri ilə növbəti görüşünü gözləmədən qeyd etdiyimiz mövzuda və bizi maraqlandıran başqa suallar ətrafında Vaqif bəylə danışmağı lazım bildik.
- Ölkə kubokunun 1/4 final mərhələsinin nəticələrinə münasibətinizi bilmək istərdik.
- Çox maraqlı oyunlar alındı. Birinci divizion təmsilçisinin bu mərhələyə yüksəlməsi istər-istəməz ölkə kubokuna rəng qatdı. Ola bilsin, “Kəpəz” yeni sensasiyanın astanasında idi. Ancaq iki komanda arasında səviyyə fərqi həlledici oldu. İstər Rəhmanın, istərsə də “Keşlə”nin vurduğu ikinci qol səviyyə fərqini ortaya qoydu. Onu da deyim ki, gəncəlilər bu iki oyunda simasını qorudu. “Kəpəz” yaxşı təşkilatlanmış, nizam-intizamlı oyunu ilə seçildi. Yenə də yekun mərhələdə səviyyə və keyfiyyət sözünü dedi. Bu mərhələdə çox maraqlı oyunlardan biri “Zirə” – “Neftçi” qarşılaşması idi. Hamı bu görüşün nəticəsini maraqla gözləyirdi. Nəticə bəllidi, yarımfinala “Zirə” vəsiqə qazandı. Hər iki komanda oxşar taktiki addımlarla yadda qaldı. Oyunun gedişindən də hiss olunurdu ki, hər iki kollektivin çalışdırıcısı bir-birini yaxşı tanıyır. “Zirə” praqmatik oyunla bu marafonda yoluna davam etməyə nail oldu. “Neftçi” cavab görüşündə pis görünməsə də, arxa xətdə sıx və intizamlı oynayan rəqibin müdafiəsini yara bilmədi. Buna baxmayaraq, hər iki komandanın oyununu qeyd etmək lazımdı. Əsas odu ki, meydanda çox yaxşı mübarizəyə şahidlik etdik. Hər iki qarşılaşmada “ağ-qaralar” yarımfinala vəsiqə qazanmağa layiq oyun sərgiləsə də, bu imtahandan “Zirə” alnıaçıq çıxmağı bacardı. “Qarabağ” – “Qəbələ” cütündə favoriq ağdamlılar idi ki, cavab görüşündəki erkən qol onları yarımfinala bir addım da yaxınlaşdırdı. Həmin qol imkan verdi ki, Qurban Qurbanovun komandası oyunu rahat sona çatdırsın. Elə buna da şahidlik etdik. “Səbail” – “Sumqayıt” qarşılaşmasına gəlincə, sumqayıtlılar ilk oyunda məğlub olsa da, cavab görüşündə tam gücünü qoymaqla müsbət nəticə əldə etməyə çalışacaqdı. Belə deyək, əsl kubok qarşılaşması idi. Sumqayıtlılar 13 dəqiqə ərzində iki qol vurmaqla cütün taleyyini həll etdi. Yarımfinalçıların hər birinə uğurlar arzulayıram və inanıram ki, bu mərhələdə də maraqlı, gərgin oyunlar izləyəcəyik.
- Kubok oyunlarını da göstərdi ki, birinci divizonda limit tətbiq olunmadığı halda, aşağı dəstə təmsilçiləri elita klublarına müqavimət göstərmək iqtidarındadı. “Kəpəz”in timsalında bunu əyani şəkildə gördük. Bugünlərdə Elxan bəy də jurnalistlərin limitlə bağlı sualını cavablayarkən sizin və Cahangir Həsənzadənin adını çəkdi. Divizonda tətbiq olunan limit ölkə futboluna xeyir verirmi? Onu da qeyd edək ki, bir çox mütəxəssis limitin əleyhinədi...
- İndi yalnız onu deyə bilərəm ki, bu məsələ ilə bağlı müzakirələr gedir. Klub rəsmiləri ilə də bu haqda çox danışırıq. Ancaq onu da qeyd edim ki, istər “Kəpəz”in, istər “Zaqatala”nın, istərsə də “Turan Tovuz”un heyətində kubok görüşlərində yetərincə istedadlı gənclər gördük. Məhz indiki limit sayəsində onları üzə çıxarmağı bacarmışıq. Tətbiq olunan limit bir tərəfdən kiməsə mane olursa, digər tərəfdən ölkə futboluna fayda verir. Yenə deyirəm, bu mövzuda klublarla müzakirə aparılır. Onların da fikirləri bizim üçün önəmlidi. Qarşıdakı mövsümlərdə bu yöndə dəyişikliklər ola bilər.
- De Byazi hazırda Antalyadadı, milliyə potensial namizəd olan futbolçuları izləyir. Sizcə, onun bu addımı gələcəkdə milliyə fayda verəcək?
- De Byazi bu təcrübədən artıq bir dəfə yararlanıb. İtalyan mütəxəssis Albaniya yığmasında çalışanda Avropada çıxış edən alban futbolçuları yığmaya cəlb etməklə adını çəkdiyimiz yığmanı qitə çempionatının final mərhələsinə çıxarmağı bacarmışdı. Ən azı kənarda oynayan Azərbaycan əsilli oyunçuları milliyə dəvət etməklə düşərgədə rəqabəti artırmaq mümkündü. Rəqabət isə inkişaf deməkdi. Ancaq onlar da sübut etməlidilər ki, yığmada oynamağa layiqdilər. Onları çağırmaq o demək deyil ki, artıq qürbətçi-futbolçuların millidə yeri hazırdı. Onlar sübut etməlidilər ki, yerli futbolçulardan bir baş üstündülər. Arada fərq yoxdusa, kənardan futbolçu dəvət etməyin heç bir faydası yoxdu. Yalnız sağlam rəqbət olan yerdə güclü komanda yarada bilərik. Bir də ən əsası dəvət olunan qürbətçi-futbolçunun ürəyi milli ilə döyünməlidi. Bu da əsas və vacib şərtdi.
- Futbol camiəsini ən çox narahat edən məsələlərdən biri də premyer-liqada cəmi 8 komandanın mübarizə aparmasıdı. Elxan bəy son mətbuat konfransında bildirdi ki, növbəti mövsümdən 10 komandanın olmasına çalışırıq. Bu nə dərəcədə realdı?
- Fikrimcə, bu məsələ çoxdan reallığa çevrilməliydi. Ona görə ki, İcraiyyə Komitəsinin iclasında bu haqda məsələ qaldırılıb və hamı tərəfindən qəbul olunub. Əlimizdən gələni etməliyik ki, ilk addım kimi premyer-liqada ən azı 10 komanda olsun. İlk mərhələdə bunu reallaşdırmaq lazımdı. Ondan sonra sayı artırmaq barədə düşünmək olar.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.