Sizin reklam burada

“Neftçi” axtardığı hücumçunu Bolqarıstanda tapdı

Title
Əhməd Əhmədovun maaşı 8 min dollar olacaq
"Neftçi” yeni transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, bolqarıstanlı futbolçu Əhməd Əhmədovla mövsümün sonuna qədər müqavilə bağlanıb. ÇSKA-ya (Sofiya) məxsus olan 25 yaşlı futbolçu icarə əsasında flaqmanın heyətində top qovacaq. Bolqarıstanlı futbolçu həmçinin ölkəsinin "Çernomorets” (2013-14), "Neftoximik” (2014-15; 18 oyun, 2 qol), "Pomorye” (2015-18; 85 oyun, 25 qol), "Dunav Ruse” (2018-20; 49 oyun, 14 qol) klublarında çıxış edib.
“Neftçi” “transfer pəncərəsi”nin son günlərində hücum xəttində yaranan boşluğu forvardı icarəyə götürməklə doldurub. Əhmədovun cari mövsümün ilk yarısındakı performansı çox da ürəkaçan deyil. Hər halda, ötən ilin əvvəlindən ÇSKA-nın formasını geyən oyunçunun birillik statistikası heç də qənaətbəxş deyil. Ötən mövsümün ilk 6 ayında cəmi 6 matçda meydanda olan 26 yaşlı futbolçu cari mövsüm də sofiyalıların əsas heyətində özünə yer edə bilməyib. Cari mövsümdə 19 oyunda iştirak edib ki, bunun 12-si çempionata, 7-si isə Avropa Liqasına təsadüf edib. Ümumilikdə 392 dəqiqə meydanda qalan Əhməd bunun yalnız ikisində bir hissədən artıq oynayıb, bir dəfə isə 45 dəqiqə mübarizə aparıb. Baş məşqçi ona, adətən, görüşlərin 70-ci dəqiqəsindən sonra şans verib. Dörd dəfə də sona 2-3 dəqiqə qalmış oyuna qoşulub.
Mərkəz hücumçusu ilə yanaşı, ikinci forvard kimi də oynamağı bacaran Əhmədov ÇSKA-nın heyətində cəmi 3 qol sevinci yaşayıb. Bunun 2-si Avropa Liqasının təsnifat mərhələsinə, biri Bolqarıstan çempionatına təsadüf edib. “Neftçi”də qol yükünü daşımalı olan forvard son dəfə 4 ay əvvəl – oktyabrın 4-də rəqib qapısından top keçirib. O, komandasının heyətində 2 assist də edib.
Burqas “Çernomorets”inin yetirməsi olan Əhməd ÇSKA-dan əvvəl iki il formasını geydiyi ilk elita komandası “Dunav”da da yüksək performans sərgiləməyib. O, son dəfə 90 dəqiqəni də məhz bu komandanın heyətində - 2019-cu il dekabrın 1-də keçirib. Futbolçu karyerası ərzində Bolqarıstanın yüksək liqasında ümumilikdə 78 matçda iştirak edib, 15 dəfə fərqlənib.
Statistik məlumatlar 26 yaşlı forvardın flaqmanın qol problemini həll edəcəyindən xəbər vermir. Lakin Samir Abasov amilinin Əhmədova təsir edəcəyini deyə bilərik. Çalışdırıcı qısa müddətdə futbolçunun komandaya uyğunlaşmasına çalışacaq. Mütəxəssisin oyunçularına özünəinam hissi aşıladığını nəzərə alsaq, forvardın mövsümün sonlarına yaxın özünü yaxşı tərəfdən göstərə biləcəyini deyə bilərik. Bunun baş verib-verməyəcəyini isə zaman göstərəcək.
Əhmədovun “Neftçi” ilə bağladığı müqavilənin detallarını da əldə etmişik. Bolqarıstan klubununda ayına 5 min dollar qazanan hücumçu “ağ-qaralar”da daha çox gəlir əldə edəcək. Forvardın aylıq qazancı 8 min dollar olacaq. Əhmədov mövsümün sonuna qədər istənilən çıxışı sərgiləsə, onunla 1 illik yeni müqavilə bağlanacaq. Bu, klublar arasında olan razılaşmada əksini tapıb.
Əslində “Neftçi” rəhbərliyi bolqarıstanlı forvardın keçidini qısa müddətdə həll edib. Flaqmanın əsas istədiyi futbolçu isə Kule Mbombo olub. 24 yaşlı konqolu hücumçu ilə maliyyə məsələsində razılıq əldə olunmayıb. Latviyanın “Riqa” klubunda bu mövsüm 1 oyunda meydana çıxan Mbombo Bakı təmsilçisindən aylıq 12 min dollar maaş tələb edib. Lakin “ağ-qaralar”ın rəhbərliyi bu məbləği oyunçuya vermək istəməyib. Bu səbəbdən də konqolu forvardın keçidi alınmayıb. Samir Abasov hücum bölgəsində çatışmazlığın aradan qaldırılması üçün Əhmədin transferinə razılıq verib. 26 yaşlı hücumçunun oyun praktikasının, qol duyumunun daha çox olması, “flaqman”ın maliyyə şərtlərinə uyğun gəlməsi təcrübəli mütəxəssisin qərarına təsir edən əsas məqamlardandı. Son matçlarda Mirabdulla Abbasovun özünü yaxşı tərəfdən göstərə bilməməsi də mütəxəssisin fikrinə təsir edib. Samir bəy mövsümün ikinci yarısında qol vurmaqda problem yaşayacaqlarını düşünərək Əhmədovun komandasına qoşulmasına razılıq verib.
Yeri gəlmişkən, forvard “Neftçi”nin rəsmi televiziyasına transferi ilə bağlı açıqlama verib. Əhməd komandaya keçidinin çox qısa müddətdə gerçəkləşdiyini diqqətə çatdırıb: "Neftçi"də oynayacağım üçün xoşbəxtəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. İnşallah, xeyirli olar. Bir də mövsümün sonunda çempion olarıq. Fevralın 9-da ÇSKA rəsmiləri ilə bir araya gəldik. Hər şey qısa müddətdə həllini tapdı. Klublar öz aralarında anlaşdıqlarından, mənim üçün də razılıq vermək çətin olmadı. Transferimə klubun prezidenti razılıq verdi. "Neftçi"nin rəhbəri ilə də danışdıq və məsələ qısa zamanda həllini tapdı. Başqa klubların mənimlə maraqlanıb-maraqlanmadıqları önəmli deyil. Əsas məsələ odu ki, artıq "Neftçi"dəyəm".
26 yaşlı hücumçu yeni komandası barədə yüksək fikirdə olduğunu bildirib: "Neftçi" böyük klubdu. İnşallah, daha böyük uğurlar yaşayarıq".
1,84 metr boya malik, solaxay olan Əhmədov daha çox hücumda və bəzən hücumçuların arxasında çıxış etdiyini diqqətə çatdırıb. O, mərkəz hücumçusu kimi özünü daha yaxşı hiss etdiyini vurğulayıb. Yeni transfer hələ forma nömrəsi seçmədiyini, kapitan Emin Mahmudova məxsus “8”, hazırda boş olan “9” və “23” nömrəli formalarda çıxış etməyi çox sevdiyini sözlərinə əlavə edib.
Hazırda Bolqarıstanda olan türk əsilli hücumçu Bakıya gələn həftə gələcəyinə ümid etdiyini deyib: "Bu, sənədləşmə işlərinin tamamlanacağı vaxtdan asılıdı. Ən qısa zamanda yeni komandama qoşulacam".
Göründüyü kimi, forvard "Neftçi"nin fevralın 13-də lider "Qarabağ"la premyer-liqanın 15-ci tur matçını buraxacaq. Bununla belə, Əhməd yeni klubunda çempionluğu hədəflədiyini vurğulayıb: "Çox danışmağı sevmirəm. İnanıram ki, klubum səfər oyunundan qalib ayrılacaq və mövsümün sonunda qızıl medal qazanacağıq. Uğurlu olmağa çalışacam".
Samir Abasov kimi tələbkar baş məşqçi ilə çalışmağı özü üçün qürur sayan yeni transfer birgə uğur qazanacaqlarına əminlik ifadə edib. Sonda o, "Neftçi" azarkeşlərinə ilk növbədə uğur və sağlamlıq arzulayıb.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.