“Komandanın əldə etdiyi nəticələr bunu labüd edir”
Azərbaycan kubokunun 1/4 finalının “Qəbələ” - "Qarabağ" matçında Ağdam təmsilçisinin yeni mətbuat katibi Gündüz Abbaszadə rəsmən debüt etdi. Tanınan şərhçi “köhlən atlar”ın sözcüsü kimi Qurban Qurbanovu media nümayəndələrinə təqdim etdi.
Təyinatdan sonra mediada və “Qarabağ” azarkeşləri arasında fikir ayrılıqları yaşandı. Bir çoxları seçimi qınasa da, bu addımın tərəfdarları da oldu. Rəhbərliyin bu seçimi etməkdə əsas məqsədi klubun nəznində telekanalın qurulmasıdı. Abbaszadə də televiziya sahəsində çalışan peşəkarlardan biri olduğundan qərarın düzgün olduğunu deyə bilərik.
Artıq yeni mətbuat xidmətinin rəhbərinin təyinatından bir həftədən çox vaxt keçib. Abbaszadəylə görəcəyi və kanalın yaradılması ilə bağlı işlər barədə danışdıq: “Hələlik yeniliklər barədə danışmaq istəmirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam. Ötən açıqlamamda da bildirmişdim ki, Nurlan bu 15 illik müddətdə mükəmməl işləyib. Əlindəki imkanlarla hər şeyin ən yaxşısını etməyə çalışıb. Biz həmin tendensiyanı qorumaq şərtilə, üstünə bir az da qoymağa cəhd edəcəyik. Fikrimcə, hər bir klubun, o cümlədən "Qarabağ"ın da televiziyasının olması vacibdi. Komandanın əldə etdiyi nəticələr də bunu labüd edir. İndidən bununla bağlı geniş danışmaq istəmirəm. Amma məsələ gələcəkdə hədəfimizdədi. Bu istiqamətdə işlər görəcəyik. Çalışacağıq ki, komandanın adına layiq televiziya yaradaq. Bu yöndə dəyişiklik olan kimi xəbər tutacaqsız”.
İLKİN SULTANLI