Sizin reklam burada

Aronyanın anası coşdu və yazdı

Title
“Nə hökumətyönlü, nə də müxalif media onun qələbələrini işıqlandırır”
Son günlər Ermənistanda Levon Aronyanın personası ətrafında yaşananlardan az-çox xəbərdarsız. Qonşu ölkənin ən titullu şahmatçısının Ermənistan vətəndaşlığından imtina edərək ABŞ bayrağı altında çıxış etmək niyyəti ilə bağlı yayılan xəbərlər gündəmin əsas mövzusudu. Ermənistan mediasında yer alan bu yazını Azərbaycan oxucusuna çatdırmaqda hədəf yalançı canıyananlıq və ya hansısa başqa niyyət deyil, sadəcə, qonşu ölkədə yaşananlardan xəbər tutun.
Seda Aronova - ən güclü erməni şahmatçının, üçqat olimpiya çempionu, FİDE kubokunun ikiqat qalibi Levon Aronyanın anası “feysbuk” hesabında son günlər oğlu ilə bağlı gəzən çoxlu söz-söhbətə aydınlıq gətirib.
Ana oğlunun guya Ermənistana çatası vəsaiti mənimsəməsi ilə bağlı iddiaya cavab olaraq qeyd edib ki, Levon komandanın kapitanı kimi cəmi 200 min dram (385 dollara yaxın) alıb, “astronomik məbləğ” ilə bağlı qalan suallar isə ona yox, başqalarına ünvanlanmalıdı: “Həmin pul Ermənistan Şahmat Federasiyasına o məqsədlə verilib ki, xüsusi serverdən yararlanmağa icazə alınsın. Həmin serverdən yararlanmaq icazəsi təkcə Levonda olmayıb. Yeri gəlmişkən, icazənin müddəti 2020-ci ildə bitib”.
Bugünlərdə Ermənistan KİV-i bu ölkənin İdman və Gənclər işləri üzrə Nazirliyinin təşəbbüsü əsasında hökumətin ehtiyat fonddan Levon Aronyanın 2019-da dünya şahmat tacına iddialıların turnirində iştirakı üçün 133,2 min dollar ayırdığı haqda xəbər yayıb. Həmin pul Ermənistan Şahmat Federasiyasına yönəldilib ki, qurum Aronyan üçün hədsiz güclü kompüter alsın və onun məşqçisinin maliyyə öhdəliklərini qarşılasın. Yenə də KİV-in yaydığı xəbərə inansaq, baş nazir Nikol Paşinyan Aronyanla görüşdə güclü kompüterin alınmasını və məşqçinin xidmətlərinin ödəniləcəyini vəd edib, amma sözünü tutmayıb.
Aronova oğlunun xeyriyyə məqsədləri üçün xərclədiyi pullardan da bəhs edib: “Onun daim xeyriyyəçiliyə xərclədiyi pulun məbləğini açıqlamaq fikrindən uzağam. Yalnız onu qeyd edə bilərəm ki, məhz “Artsax”a yardım etmək üçün o, fərqli dəvətləri qəbul edib, məsələn, Amerika Basketbol Assosiasiyası üçün mühazirə oxuyaraq, qonorarını xüsusi fonda köçürüb”.
Sedanın dediyinə görə, Levon şəxsi vəsaiti hesabına Ermənistan və “Artsax” üçün xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur və bu yolda dünya şahmatındakl nüfuzundan yararlanır.
Aronova həmçinin Levonun və məşhur qrossmeyster Qabriel Sarkisyanın fədakarlığı hesabına fəaliyyət göstərən məktəbin 2018-də qapadıldığını xatırladıb – onu artıq sayıblar. Nəticədə erməi qrossmeysterlər bütün dünyaya səpələnib. Onlardan biri – Armen Yegiazaryan Qazaxıstanda dünyasını dəyişib və onun nəşi ötən il Ermənistana gətirilib.
Seda deyir ki, bu gün erməni qrossmeysterlər başqa ölkələrdən olan uşaqları çalışdırır: Vladimir Akopyan ABŞ-dan, Qrant Melkumyan Avstraliyadan, Sergey Movsisyan Çexiyadan olan uşaqlarla məşğuldu, gənc erməni qrossmeyaterlər üçün məşq yeri rolunu isə Aronyanın mənzili oynayır: “Levon bu gün Ermənistandadı, erməni bayrağı altında uğurla çıxış edir, ancaq nə hökumətyönlü, nə də müxalif media onun qələbələrini işıqlandırır. Sifariş faktı ortadadı”.
Seda oğlunun başqa ölkələrin yığmalarından dəfələrlə artıq maaş müqabilində onların şərəfini qorumaq təklifi aldığını da gizlətməyib: “O, indiyə qədər belə təkliflərdən imtina edib. Bu gün hansı qərar verəcəyini deyə bilmərəm. Levon Ermənistanın şahmat həyatında federasiyanın prezidenti Serj Sarkisyanın piarını aparmaq üçün yox, Ermənistanın dünyadakı şərəfi və nüfuzu naminə iştirak edib. Məhz bu qələbələr sayəsində dünya ictimaiyyəti Ermənistanı qiymətləndirib”.
Aronova onu da xatırladıb ki, Ermənistan yığması Levonun rəhbərliyi altında 2006, 2008 və 2012-ci illərdə üçqat olimpiya çempionu olub. Aronyanın sayəsində Ermənistan yığması 2012-də İstanbulda keçirilən Şahmat Olimpiadasında qalib gəldiyindən bağlanış mərasimində türklər Ermənistan himnini ayaqüstə dinləməyə məcbur olub: “Levon artıq 15 ildi dünyanın ən yaxşı şahmatçılarının “10-luğ”una daxildi, şahmat tarixi ərzində əmsalına görə 4-cü şahmatçı (Karlsen, Kasparov və Karuanadan sonra) sayılır”.
Sedanın dediyinə görə, bir çox erməninin soyadındakı sonluğu fərqli şəkildə dəyişməsinə baxmayaraq, yarı yəhudi olan oğlunun Aronov soyadını Aronyana dəyişməsi də maraqlı məqamdı.
Xatırladaq ki, bugünlərdə Ermənistanın bir çox “teleqram” kanalları Levon Aronyanın ABŞ-a köçmək, bu ölkənin bayrağı altında çıxış etmək istəyi haqda xəbər yayıb. Qrossmeyster özü və ya Ermənistan Şahmat Federasiyası bu xəbəri rəsmi şəkildə nə təsdiq edib, nə də təkzib.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.