“Müsbət qərar verilənə kimi komanda açıq havada məşq edəcək”
Ölkəmizin futzal yığmasının Avropa çempiontının seçmə mərhələsində keçirəcəyi növbəti oyunun başlama vaxtı bəlli olub. Yığmanın martın 4-də Bakı İdman Sarayında Modovanı qəbul edəcəyini xəbər vermişdik. Oyun saat 19.00-da start götürəcək.
Ötən sayımızda yığma üzvləri növbəti oyunlarda nəticə qazanmaq üçün qapalı arenada, normal meydanda məşq etməyin vacibliyini bildirmişdilər. Onların fikrincə, Operativ Qərargah bu məsələdə güzəşt etməlidi.
Görəsən, Futzal Federasiyası bu yöndə işlərə başlayıb? Operativ Qərargaha yenidən müraciət olunub? Sualları qurumun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova ünvanladıq: “Ötən həftə yenidən Operativ Qərargaha millimizin Moldova ilə oyuna hazırlığının qapalı məkanda təşkili üçün müraciət olunub. Qurumdan hələ cavab gəlməyib. Müsbət qərar verilənə kimi komanda açıq havada məşq edəcək. Ötən dəfə konkret Slovakiya ilə oyun üçün müraciət olunmuşdu. Həmin vaxt Moldova ilə qarşılaşma nəzərdə tutulmamışdı. Cavab gözləyirik. Qərar verilən kimi ictimaiyyət məlumatlandırılacaq”.
İLKİN SULTANLI