Sizin reklam burada

Məğlub olanda da alqışlanan “Qəbələ”

Title
“Qəbələ” ölkə kubokunun 1/4 finalında “Qarabağ”a rəqib olandan işini çətinə salmışdı. Bu cütdə kimin favorit olduğunu bilmək, yarımfinala hansı komandanın adlayacağını proqnozlaşdırmaq üçün elə də dərin təhlillər lazım gəlmirdi. Bəli, bir neçə il əvvəl komandalar arasında amansız rəqabət vardı. Bölgə təmsilçisinə yaxşı pullar ayrılırdı, Heydərovlar ailəsi “Qəbələ”nin Avropa səviyyəli kluba çevrilməsi üçün səxavətini əsirgəmirdi. Klubların büdcəsiylə bağlı bizdə konkret məlumat olmur. Amma təxmin edirdik ki, “Qarabağ”a “əlcək atan” “Qəbələ”nin büdcəsi yetərincə genişdi. İstedadlı ukraynalı Roman Qriqorçukun çalışdırdığı “qırmızı-qaralar”ın heyətində yerli futbolun “qaymağı” toplaşırdı, səviyyəli legionerlər “Qəbələ”dən gələn transfer təklifini sevə-sevə qəbul edirdi. Məhz bütün bunların sayəsində “Qəbələ” ardıcıl iki mövsüm təsnifat mərhələsindən mübarizəyə başladığı Avropa Liqasının qruplarına qədər yüksəldi. Bu göstəriciyə görə təmsilçimiz Avropanın diqqətini üzərinə çəkməyi bacardı. Həmin vaxt “Qarabağ”la “Qəbələ”nin çempionluq mübarizəsi xeyli baxımlı və gərgin alınırdı. Bu iki komanda mövsümün az qala bütün oyunlarında qələbə qazanır, qızıl medalların taleyinə şəxsi görüşlərdə aydınlıq gəlirdi. İntriqa aprelin sonuna qədər davam edir, çempionun hansı komanda olacağı finişə az qalmış məlum olurdu.
İndi həmin günlərin həsrətindəyik. Azərbaycan çempionatında nə mübarizə var, nə də intiriqa. Mövsüm başlayır, “Qarabağ”ın başı qışa qədər avrokubokların qrup mərhələsinə qarışır. Bunun da sayəsində bəzi oyunlarda “köhlən atlar” xal itirir, büdrəyir. Qışdan sonra hər şey öz axarına düşür, “Qarabağ” mübarizəyə ağırlığını qoyan kimi rəqiblərindən uzaqlaşmağa başlayır. “Qəbələ”nin çempionata rəng qatdığı, “Qarabağ”a liderlik kürsüsü uğrunda amansız mübarizə təklif etdiyi günlər artıq keçmişdə qalıb. Düzdü, ötən müddət ərzində “Qarabağ” da zəifləyib. Hazırda Qurban Qurbanovun sərəncamında Dino Ndlovu, Riçard Almeyda, İbrahim Şehiç və ya Reynaldo səviyyəsində legionerlər yoxdu. Rəşad Sadıqovun futbolçu karyerasını bitirməsiylə də “Qarabağ”ın heyətində doldurulması uzun müddət mümkün olmayacaq boşluq yaranıb. Bununla belə, Ağdam komandası indi də Azərbaycan çempionatının ən yaxşısıdı, başqalarını azı ikibaş üstələyir. Sözsüz, bunda “Qəbələ”nin zəifləməsinin, daha doğrusu, kasıblamasının böyük rolu var.
Düzdü, hər nə qədər zəifləsə də, kasıblasa da, “Qəbələ” yenə də sayılıb-seçilən klublarımızdandı. Ölkənin ən yaxşı futbol infrastrukturu bu kluba məxsusdu. Əminliklə söyləmək olar ki, Qəbələdəki futbol meydanları, akademiya və onun yetirmələri heç bir Azərbaycan klubunda yoxdu. Bu gün hansı yaş qrupu üzrə millinin heyətinə baxsaq, orda Qəbələdəki futbol akademiyasının yetirməsi var. Elita təmsilçilərinin az qala hamısı yerli futbolçu limitini bu akademiyada yetişənlərin sayəsində doldurur. “Qəbələ”də yetişən yerli gənclər həmyaşıdları arasında seçilənlərdi. Çünki düzgün futbol məktəbi görüblər, yaxşı mütəxəssislərin nəzarətində olublar. Onların yeməyinə-içməyinə, yuxu rejiminə nəzarət olunub, vaxtında məktəbə gediblər, orda dərs alıblar. “Qəbələ”nin yetişdirdiyi futbolçular sayəsində bu gün klublarımız meydana buraxmağa azərbaycanlı gənc tapır, aşağı yaş qrupları üzrə millilərin məşqçiləri müəyyən seçim edirlər. Təəssüf ki, bütün bunların fonunda “Qəbələ”nin əsas komandası ildən-ilə zəifləyir, nəticələr pisləşir. Kubokun 1/4 finalında “Qarabağ”a iki oyunun nəticəsinə görə 1:6 hesablı məğlubiyyət də məhz bu səbəbdən gözlənilməz olmadı.
Amma diqqət etdizsə, “Qəbələ” – “Qarabağ” qarşılaşmasında nəticə arxa plana keçdi, “qırmızı-qaralar”ı ağır məğlubiyyətə görə asıb-kəsənlərin sırası elə də geniş olmadı. Bunun bir səbəbi “Qarabağ”la aradakı uçurumun hər kəsə bəlli olmasıdısa, digər səbəb Qəbələdəki görüşdən əvvəl yaşanan duyğusal anlar idi. Klub rəhbərliyi Vətən müharibəsində iştirak etmiş qaziləri və şəhid övladlarını unutmamışdı. Qarşılaşmadan öncə onlar mərkəz dairəsinə dəvət edildilər, “Qəbələ” rəhbərliyinin hədiyyələri qəhrəmanlarımıza təqdim olundu. Qazilərimiz və şəhidlərimizin övladları hiss etdilər ki, onlar unudulmayıb. Bu təltifetməni ikiqat dəyərli edən məqam o idi ki, hədiyyələri onlara təqdim edən insan özü də Vətən müharibəsinin iştirakçısı olub. “Qəbələ”nin prezidenti Fariz Nəcəfov bu ranqdan olan yeganə futbol adamıdı ki, 44 günlük müharibə zamanı əlinə silah alaraq ön cəbhəyə yollanmışdı. Özü də təvazökar Fariz bəy bu addımını uzun müddət mətbuatdan gizli saxlaya bilmişdi. Bizim “Qəbələ”yə və onun qəhrəman prezidentinə sayğımızı artıran əsas məqamlardan biri də məhz budu. Yazımın bu yerində Fariz bəyə də, onun rəhbərlik etdiyi kluba da hər şeyə görə bir daha minnətdarlığımı bildirirəm. Siz uduzanda da alqışlandız, başınızı dik tutmağa haqqınız var!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.