Sizin reklam burada

Menecerlər, yoxsa maklerlər?

Title
Azərbaycanın futbol ictimaiyyəti hər ili ümidlərlə açır, amma məyus halda qapayır. Hər il bizə elə gəlir ki, məhz bu dəfə, nəhayət, futbolumuzda inqilabi sıçrayış olacaq, yığmalar və klublar Avropanın yaşıl meydanlarında fırtına kimi əsəcək, bir yox, onlarla azərbaycanlı legioner oyunu ilə qitəyə səs salacaq. Amma illər, adamlar, baş məşqçilər dəyişir, taleyimiz isə dəyişmir ki dəyişmir. Mayası bədbinliklə yoğrulan, uğursuzluq gözü uğur gözündən qat-qat ağır gələn taleyimiz...
Bəli, il başlayanda Cəlal Hüseynovun “Benfika”nın düşərgəsinə yollanacağı haqda söz-söhbət gəzirdi. Koronavirus qadağaları və ya hansısa başqa səbəbdən alınmadı. Sonra təxminən bir ay Mahir Emrelinin personası ətrafında söz-söhbət dolaşdı. Onsuz da populyar idi, transfer söhbətlərinə görə bir qədər də populyarlaşdı. Sonra aydın oldu ki, “Qarabağ” əsas hücumçularından birini əcnəbilərə vermək istəmir, mövsümlük hədəflərinə məhz onunla çatmaq fikrindədi. Hərçənd deyilənə görə, qitənin bir neçə ölkəsinin klubları növbəyə durubmuş... Bir ara Bəhlul Mustafazadənin Danimarkaya mümkün transferi ətrafında da söhbət getdi. Transfer deyəndə ki, “Veyle” hazıra nazir olmaq istəyirdi, bizim bəzi azərbaycanlılar da müdafiəçinin kluba qara qəpik də qazandırmadan getməsinə çalışırdı. Açığı, belə fikirlərə tanış olanda az qalır tüstüm təpəmdən çıxsın. Görəsən, “Sabah” indiyə qədər ən azı 300 min manat xərclədiyi oyunçusunu danimarkalılara niyə havayı, daha dəqiqi, 20-30 min icarəhaqqı əvəzində verməlidi? Onsuz da futbol sənayesindən pul qazanmayan Azərbaycan klublarının əməyini niyə belə ucuz tutur, niyə özümüzə qənim kəsilirik? Lap tutaq ki, “Sabah” Avroliqaya vəsiqə hədəfindən bir qədər uzaq düşüb. Məgər bu məqam “Bəhlulu havayı ver” nidası ilə klubun üzərinə hücum çəkməyə əsas verir? Təbii ki, heç bir halda vermir. Futbolçu mənimdi, istəsəm, verərəm, istəməsəm, vermərəm. Yaxşı bir məsəl var, onu da yazmasam, ürəyim partlar: mal mənimdi, belə yeyirəm, əritmirəm, kərə yeyirəm!
Yox, kimsə “vətən, millət, Sakarya” ab-havasına giribsə, onda Bəhlulun transfer pulunu öz cibindən ödəsin, ya da futbolçunu buna məcbur etsin. Kəsəsi, futboldan pul qazanmayan ölkə klublarını bu qədər də aşağılamaq olmaz!
Əlbəttə, mən də yığmanın, ölkə futbolunun maraqları kimi yayğın ifadələrdən, onlarla legionerimiz olacağı təqdirdə nəticələrdə müəyyən irəliləyiş ola biləcəyindən xəbərdaram. Amma onu da bilirəm ki, son illərdə tək-tük futbolçunun ölkədən kənara çıxması da enində-sonunda futbolumuzun yox, ayrı-ayrı menecerlərin maraqlarına xidmət edib. Əslində bizdə menecerlik institutunun varlığından danışmaq böyük şişirtməyə yol verməkdi. Azərbaycanda menecerlər yox, maklerlər var. Üç-beş yararlı futbolçunu da klubların əlindən qapıb, əcnəbilərə su qiymətinə satmağa, həmin puldan faizini qoparmağa çalışan maklerlər! İstedadlı gənclərin baxışa gediş-gəliş xərclərini belə AFFA-nın boynuna yükləyən maklerlər!
Menecer deyilən şəxs müştərisinin qayğısını ayrı-ayrı epizodlarda yox, karyerası boyunca çəkməlidi, həmin futbolçunun istər futbol ictimaiyyəti arasında, istərsə də toplumda təbliğ olunmasına, ölkə daxilində və xaricində xoş imicinin formalaşmasına çalışmalıdı. Mənə belə gəlir ki, futbol inkişafın son həddi olmayan idman növblərindəndi. Bu gün Messi, Ronaldo kimi ulduzlar da daim öz üzərində işləyir, yaşın möhürü istisna olmaqla başqa keyfiyyətləri itirməməyə, əksinə, oyuna yenilik gətirməyə çalışırlar. Bizdə isə futbolçular 3-5 manatın, iki evin və iki xarici maşının yiyəsi olandan sonra dayanırlar. Hətta inkişaf üçün hər cür potensiala malik olanlar da. Məsələn, mən çox istəyirəm ki, ölkədaxili oyunlara azacıq istedadını, potensialını gördüyüm, oyuna rəngarənglik qatan hansısa futbolçulara görə baxım, onları müntəzəm izləyim, qeyri-adi hərəkətlərinə, virtuoz bacarıqlarına sevinim. Amma heç kimi tapa bilmirəm. Müntəzəm sabit və yüksək səviyyədə oynayan üç azərbaycanlı futbolçu yoxdu! Təsəvvür edin ki, vaxtilə istedadı göz qamaşdıran Əfran İsmayılov səviyyəsində “texnar” olan da yoxdu!
...Deyəsən, mövzudan bir qədər uzaqlaşdım. Onu demək istəyirdim ki, futbol ictimaiyyəti olaraq, inkişaf üçün münbit şərait yaradana qədər bizimkilərdən heç kim ölkə xaricinə çıxa bilməyəcək. Yığmalar və klublar daim nəticələri ilə məyus edəcək, menecerlər isə olan-qalan istedadları əcnəbilərə təslim etməyə çalışacaqlar. Menecerlər deməzdim, sadəcə, hazıra nazir olmaq istəyən maklerlər!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.