Yığmanın məşqlərə başlaması üçün yenə icazə alınmalıdı
Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində səfərdə Yunanıstanı 3:0 hesabıyla məğlub edən yığmamız növəbti matçını martın 4-də Moldovaya qarşı keçirəcək. Komandamızın bəzi üzvləri hazırda istirahət edir, legionerlər isə klublarının düşərgəsinə yollanıb.
Milli komanda iki oyundan sonra turnir cədvəlində ilk pillədə qərarlaşıb. Moldova ilə ev oyunundan sonra komandamız səfərdə iki görüşə çıxacaq. Joze Alesio da Silvanın yetirmələri martın 9-da Moldovanın, aprelin 8-də Slovakiyanın qonağı olacaq. Milli qrupdakı son oyununu isə aprelin 14-də doğma meydanda Yunanıstana qarşı keçirəcək.
Gələn ay yığmanı iki çətin matç gözləyir. Moldovalılar da bizim kimi qrupda məğlub olmayıblar. Joze Alesionun komandasının liderlik uğrunda mübarizədəki əsas rəqibi də məhz moldovalılardı. Bir sözlə, martdakı qarşılaşmalarda bu rəqibi məğlub etsək, qrup mərhələsini lider kimi başa vuracağımız böyük ölçüdə dəqiqləşəcək.
Bəs millimiz Moldova haqda hansı informasiyaya malikdi? Bu komandanı məğlub etmək mümkün olacaqmı? Bu sualları yığma üzvlərinə ünvanladıq.
Rövşən Hüseynli: “Matça hələ bir ay qalır. İndidən bu qarşılaşma haqda danışmaq tezdi. Bu müddətdən istifadə edib, hazırlaşacağıq. Onların həm Slovakiya, həm də Yunanıstana qarşı keçirdikləri oyunları izləmişik. Sürətli rəqibdi. Dəfələrlə onlarla qarşılaşmışıq. Moldovadan həmişə üstün olmuşuq. Bu dəfə də çalışacağıq ki, hər iki oyunda maksimum nəticə göstərək. Bu matçlarda qalib gəlsək, qrup birinciliyini 80 faiz təmin etmiş olacağıq. Hazırda legionerlərimiz klublarının düşərgəsindədilər. Qarşıda yəqin milli komanda yenidən təlim-məşq toplanışına yığışacaq. Həmin müddətdə də rəqibin oyununu təhlil edib, qarşılaşmalara hazırlaşacağıq. Kağız üzərində favorit bizik. Lakin Moldovanın son iki oyununa nəzər yetirsək, vəziyyətin bir qədər dəyişdiyini görə bilərik. Son zamanlar bütün futzal millilərində irəliləyiş hiss olunur. Buna baxmayaraq, bizim qarşımıza qoyulan hədəf qrup lideri olmaqdı. Avropa çempionatına birbaşa vəsiqə qazanmaq istəyirik. Amma dediyim kimi, bunlar haqda danışmaq hələ tezdi. Ən azı moldovalılara qarşı oyunları keçirib, nəticəni gözləməliyik. Onlarla qarşılaşmalarımızdan 1 ay sonra isə Slovakiya ilə çətin səfər matçı bizi gözləyir. Futzal idmanın ən maraqlı və qəliz növlərindən biridi. Həmin vaxt heyətin necə olacağını bilmirik. Hər şey qaydasında gedərsə, uğurlu nəticələr əldə edə bilərik. Son iki matçda bunu sübut etdik. Heyətdə problem yaşamadıq və qələbə qazandıq. Moldova ilə iki matçdan və Slovakiyaya qarşı səfər oyunundan qələbə ilə ayrılıb, Yunanıstanla qarşılaşmaya kimi qrup liderliyini təmin etmək niyyətindəyik”.
İsa Atayev: “Komandada yüksək əhval-ruhiyə var. Son iki oyunda qələbə qazanmağımız və qrup lideri olmağımız bunun əsas səbəbidi. Növbəti oyun martın 4-də keçiriləcək. Hazırlaşmaq üçün kifayət qədər vaxtımız var. Yəqin son görüşlərdə hiss etdiz, yığmanın oyunu istənilən səviyyədə deyil. Buna səbəb az məşq etməyimizdi. Məlum problemlərə görə uzun müddət təlim-məşq toplanışı keçə bilmədik. Taktiki olaraq bütün tapşırıqlar yadımızdadı, amma fiziki cəhətdən çatdırmırıq. Bunları oyunlar zamanı çox hiss etdik. Yəqin martın 4-nə kimi bütün problemlər aradan qaldırılacaq. Moldova ilə dəfələrlə qarşılaşmışıq. Onların məşqçilərini də, oyunçularını da yaxşı tanıyırıq. Allahın izni ilə qələbə qazanmaq istəyirik. Rəqiblə ardıcıl 2 çətin matçımız olacaq. Daha sonra Slovakiya səfərinə yollanacağıq. Əvvəlcədən nəsə demək üçün çox tezdi. Hələ yolun başlanğıcındayıq. Amma özümüzə inanırıq. Hər üç görüşdə qalib gəlib, 1-ci yerə sahib olacağıq. Bu, əsas hədəfimizdi”.
Xətai Bağırov: “Moldova ilə 2-3 dəfə qarşılaşmışıq. Demək olar ki, onları yaxşı tanıyırıq. Heyətləri də dəyişməyib. Avropa çempionatının seçmə mərhələsindəki bir oyununu izləmişik. Dəyişən, demək olar ki, çox az şey var. Başqa komandalarla müqayisədə moldovalılar daha çox inkişaf edib. Hazırda məşq etmirik. Yenidən icazə alınmalıdı. Hazırlıq eyni səviyyədə davam etsə, istənilən kimi məşq prosesi keçə bilsək, moldovalıları da məğlub edəcəyik. Çünki onlarla 3 dəfə qarşılaşıb, 2 oyunda qələbə qazanıb, 1 dəfə heç-heçə etmişik. Fikrimcə, Slovakiya onlardan daha güclü rəqibdi. Çünki slovakiyalılardan 2-3 nəfər legioner həyatı yaşayır. Moldovanın heyətində isə belə futbolçular yoxdu. Son oyunda onların slovaklarla heç-heçə edəcəklərini gözləmirdim. Ümumiyyətlə, qarşılaşma çox maraqlı məcrada keçdi. Slovakiyar hər dəfə hesabda öndə olsa da, moldovalılar cavab topunu vururdular. Ona görə də əvvəlcə Bakıdakı oyunda onları məğlub etməliyik. Bu, ilk pillədə möhkəmləməyimizə səbəb olacaq. Sözlərim rəqibin gücünü kiçiltmək kimi başa düşünülməsin. Yaxşı komandadı. Lakin bizim də özümüzə görə gücümüz var. Böyük ehtimalla onları həm evdə, həm də səfərdə məğlub edəcəyik. Bizim üçün hazırda əsas məsələ məşqlərin bərpa edilməsidi. Ümid edirəm ki, lazımi qurumlar buna icazə verərlər. Biz də hazırlaşıb, rəqibləri məğlub edərik. Sonra ardıcıl iki matçı səfərdə keçirəcəyik. Məncə, həmin qarşılaşmalarda ilk pilləni təmin edəcəyik. Düşünürəm ki, son oyun - Yunanıstanla matç formal xarakter daşıyacaq. Böyük ehtimalla qələbə qazanacağıq. Lakin yenə deyirəm, hər şey hazırlıqdan asılıdı. Slovakiya ilə oyuna tam hazır vəziyyətdə çıxmamışdıq. Demək olar ki, tam yüklənmişdik. Buna baxmayaraq, möhtəşəm qələbə qazandıq. Amma indi kifayət qədər vaxtımız var. Bundan istifadə edib, formamızı tam bərpa etməliyik. Fiziki məşqlərə ehtiyacımız var. 10-15 gün ərzində bütün tapşırıqları yerinə yetirmək çox çətindi. Ona görə də bizə icazə verilməlidi ki, məşq edək. Ondan sonra moldovalıları həm evdə, həm də səfərdə məğlub edə bilərik. Slovakiyadakı oyunda da yaxşı nəticə əldə edib, Avropa çempionatına vəsiqə qazanmağa ümid edirik”.
İLKİN SULTANLI