Milli komandanın baş məşqçisi Canni de Byazi Türkiyənin Antalya şəhərinə yollanıb. İtaliyalı mütəxəssisin məqsədi orda təlim-məşq toplanışında olan klubların heyətində çıxış edən, yığmaya potensial namizəd sayılan futbolçuları izləməkdi. De Byazinin Antalyaya səfəri sırf iki futbolçu - Kamran Əliyev və Anatoli Nuriyevlə bağlıdı.
Bunu ötən sayımıza müsahibəsində millinin skautu İlqar Qurbanov açıqlamışdı. Hazırda De Byazi ilə birgə Antalyada olan yığmanın sabiq üzvü hər iki futbolçunu izləmək və razı salmaqla məşğuldu. O, siyahıda adını çəkdiklərindən əlavə, bir neçə oyunçunun da olduğunu demiş, hələ onlarla danışıq aparmadıqlarından adlarını açıqlamaq istəməmişdi. Bununla belə, digər futbolçuların da Rusiyada çıxış etdiklərini və tezliklə onlarla görüşəcəklərini vurğulamışdı. Göründüyü kimi, De Byazi ilk növbədə Kamran Əliyevlə Anatoli Nuriyevi millimizdə oynamaq üçün razı salmağa çalışır. Bəs bu futbolçular indiyə kimi hansı klublarda çıxış ediblər? Bir çoxları üçün hər iki şəxs o qədər də tanış deyil. Elə isə boşluğu aradan qaldıraq.
Kamran Əliyev
1998-ci ildə Bakıda anadan olub. 22 yaşlı hücumçu 178 sm boya malikdi. Onun həm Azərbaycan, həm də Rusiya vətəndaşlığı var. Əliyevin sağ ayağı işləkdi. O, sırf hücumçu deyil. Əsasən sağ və sol vinger, ikinci forvard kimi çıxış edir.
Kamran futbolun sirlərini ÇSKA-da öyrənməyə başlayıb. 7 yaşından burda çıxış edən vinger 3 il Moskova təmsilçisində top qovub. Daha sonra paytaxtın digər klubu “Torpedo”ya üz tutub. Burda 2011-ci ilə qədər çıxış edib. 22 yaşlı futbolçunun ilk peşəkar komandası Rusiya “Ximki”si olub. Klubun U-19 komandasında debüt edən Kamran 2014/15 mövsümündə əvəzedici heyətə cəlb olunub. 2017-ci il yanvarın 1-dən isə “Ximki”nin əsas komandasının üzvüdü. Maraqlıdı ki, Əliyev əvəzedici komandanın heyətində cəmi 3 matçda 90 dəqiqə meydanda olub. Bundan sonra azərbaycanlı futbolçu əsas heyətə cəlb olunub. O, Rusiyanın 1-ci divizionunda “Ximki”nin heyətində 69 qarşılaşmada çıxış edib. 3549 dəqiqə meydanda olan Kamran 14 qol vurub, 2 məhsuldar ötürmə verib.
2020/21 mövsümündən Rusiya premyer-liqasında çıxış edən “Ximki” Kamranın xidmətindən yetərincə yararlanmayıb. Yığmamızda oynamağa namizəd olan futbolçunun adı 19 qarşılaşmanın iştirak ərizəsinə salınsa da, sadəcə, 10 matçda meydanda olub. Bunların 4-də ilk “11-lik”də yer alsa da, 6 qarşılaşmada sonradan meydana çıxıb. Kamran Rusiya çempionatında rəqib qapısına 1 dəfə yol tapıb. Premyer-liqanın 5-ci turunda səfərdə keçirilən “Arsenal”a qarşı oyunda (1:1) komandasının yeganə qolunun müəllifi olub. Kubokda isə azərbaycanlı futbolçu 2 matçda meydanda olub. Qrupda “Zenit” (İrkutsk) ilə qarşılaşmada 90, “Nijni Novqorod”a qarşı oyunda isə 71 dəqiqə mübarizə aparıb. Əliyev bu mövsüm “Ximki”nin heyətində meydanda olduğu 12 qarşılaşmanın 8-də ikinci hücumçu, 3-də sol, birində isə sağ cinah vingeri kimi çıxış edib.
Ümumiyyətlə, Azərbaycan millisi Kamran Əliyev üçün yad deyil. Vinger Rəşad Sadıqovun dönəmində 21 yaşlılardan ibarət yığmamıza dəvət olunub. O, 2 qarşılaşmada meydanda olub, 1 qol vurub. 2020-ci il fevralın 14-də isə Rusiyanın 21 yaşlılardan ibarət milli komandasına dəvət olunub. Burda 3 qarşılaşmada meydanda olsa da, qol hesabını aça bilməyib.
Anatoli Nuriyev
1996-cı ildə Ukraynanın Mukaçeve qəsəbəsində dünyaya gəlib. 24 yaşlı yarımmüdafiəçi 182 sm boya malikdi. Ukraynalı futbolçunun sağ ayağı işləkdi. Daha çox pleymeyker mövqeyində çıxış edir. Anatolinin ilk peşəkar klubu “Qoverla” olub. U-19 komandasında 2016-ci ilə qədər çıxış edib. Daha sonra klubsuz qalan futbolçu 2018-dən etibarən “Stal”ın (Kamyanski) uğurları üçün tər töküb. 6 ay ərzində komandasının heyətində 7 matça çıxıb, lakin qol vura bilməyib. “Stal”da cəmi 131 dəqiqə meydanda olan yarımmüdafiəçi 1 məhsuldar ötürmə verməyi bacarıb. Mövsümün sonunda Ukraynanın digər klubu “Minay”a keçib. Yarımmüdafiəçi burda ilk iki mövsümdə divizonda 29 qarşılaşmada komandasının şərəfini qoruyub. Bu matçlarda ümumilikdə 2471 dəqiqə meydanda olub. Anatoli həmin oyunlarda 17 qol vurub, 1 assist edib. Yarımmüdafiəçi 2018/19 və 2019/20 mövsümlərində kubok matçlarında 8 qarşılaşmada komandasına kömək edib. Bu oyunlarda 629 dəqiqə meydanda olub. Anatoli həmin illərdə kubok matçlarında 2 qol vurub, 2 assist edib.
2020/21 mövsümündə “Minay”la Ukrayna premyer-liqasında mübarizə aparan Nuriyev komandasının əsas üzvlərindən biridi. O, bizə tanış olan futbolçular - Andrey Popoviç və Rüstəm Əhmədzadə ilə eyni klubda çıxış edir. Anatoli əsas çempionatda 12 qarşılaşmada forma şansı qazanıb. Bütün görüşlərdə meydana ilk “11-lik”də çıxıb. Bu matçlarda ümumilikdə 1019 dəqiqə top qovub. Azərbaycan yığmasına namizəd olan futbolçu 6 dəfə rəqib qapıçıları cəzalandırıb. O, “İnqulets”, “Kolos Kovalivka”, “Şaxtyor” və “Vorskla” ilə matçlarda 1 dəfə fərqlənib. 10-cu turda “Dnepr-1”ə qarşı keçirilən oyunda isə dubl edib. Ukrayna kubokunun 3-cü təsnifat mərhləsində “Polissya”ya, 1/16 finalda isə “Aleksandriya”ya qarşı matçlarda meydanda olub. Yarımmüdafiəçi iki qarşılaşmada cəmi 11 dəqiqə top qovaraq fərqlənə bilməyib.
Bu da millimizə dəvət almağa namizəd olan futbolçuların statistikası. Karyeralarına baxdıqda onların komandamıza xeyrinin olub-olmayacağını demək mümkün deyil. Dəfələrlə olub ki, daha yaxşı göstəricilərə malik futbolçular millimizdə uğursuzluqla üzləşiblər. Ümid edək ki, Kamranla Anatoli onlar kimi olmayacaqlar. De Byazinin təklifini qəbul edib, milli komandanı beynəlxalq arenada layiqincə təmsil edəcəklər. Bizə, sadəcə, səbr etmək qalır. Gözləyək, görək bu dəfə necə olacaq...
İLKİN SULTANLI