Azərbaycan futbolu üçün 2021 “Benfika”nın “Zirə”nin şərəfini qoruyan Cəlal Hüseynovla maraqlanmasıyla bağlı xəbərlə başladı. Hətta “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov mediaya açıqlamasında müdafiəçinin tezliklə Portuqaliya təmsilçisinin düşərgəsinə yollanacağını, orda baxışdan keçəcəyini bildirdi. Lakin sonradan məlum oldu ki, 17 yaşlı futbolçu Şengen vizası ala bilmir. Fransa səfirliyi ona bu məsələdə problem yaradır. Məsələnin kökündə isə koronavirus pandemiyası dayanır. Portuqaliya hökuməti COVID-19 səbəbindən ölkədə qapanma tətbiq edib. Buna görə də Şengen ölkəsinə giriş üçün bəzi məhdudiyyətlər tətbiq olunub.
Ölkə kubokunun 1/4 finalının “Neftçi” - “Zirə” matçının 81-ci dəqiqəsində Cəlal Hüseynov Sərtan Taşkının əvəzinə meydana çıxdı. Bununla da müdafiəçinin hələ də ölkəni tərk edə bilmədiyini, “Zirə”də qaldığını öyrəndik. Görünən budu ki, “qartallar” hələ də Fransa səfirliyi ilə problemi yoluna qoya bilməyib. Futbolçunun Şengen vizası alması uzanır.
Dünən əlaqə saxladığımız “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadə gümanımızda yanılmadığımızı təsdiqlədi: “Problem olduğu kimi qalır. Portuqaliyada koronavirus pandemiyası səbəbindən karantin elan olunub. Bu üzdən də vizanın verilməsi ləngiyir”.
İLKİN SULTANLI