Qış “transfer pəncərəsi” dövründə ən çox adı hallanan futbolçu “Qarabağ”ın üzvü Mahir Emreli oldu. 10 qolla premyer-liqanın bombardirlər cədvəlinin önündə qərarlaşan forvard bir çox klubun maraq dairəsinə düşsə də, keçidi baş tutmadı. 24 yaşlı hücumçunun Türkiyənin “Beşiktaş”, Polşanın “Zaqlebiye”, “Rakuv”, Avstriyanın “Şturm” və İsrailin “Makkabi” (Hayfa) klublarının maraq dairəsində olması medianın əsas gündəmi idi. Lakin bu variantların heç biri baş tutmadı. Hər transfer dönəmində Emrelinin adı müxtəlif klublarla yanaşı hallansa da, sonda hansısa qüvvə onun keçidinə mane olur.
Bunun səbəbi nədi? Sualımızı futbolçunun meneceri Tural Əsgərova ünvanladıq. Agent əvvəlcə “Makkabi”nin (Hayfa) Emreli ilə maraqlanıb-maraqlanmadığı ilə bağlı məlumat verdi: “Bununla bağlı rəsmi heç bir məlumat yoxdu. Bizimlə heç kim əlaqə qurmayıb. Ola bilər ki, birbaşa klubla təmasa keçiblər. Ciddi bir məsələ olsaydı, “Qarabağ” bizi məlumatlandırardı”.
Tural bəy müştərisinin adının bir çox komanda ilə birgə hallanmasına baxmayaraq, “Qarabağ”da qalmasının səbəbini də açıqladı: “Mahirin komandası ilə müqaviləsi iyuna kimi qüvvədədi. Başqa sözlə, onun müqaviləsinin müddətinin sonuna kimi başqa kluba keçməsi üçün “Qarabağ”la razılıq əldə olunmalıydı. Bu baş vermədiyindən Ağdam təmsilçisi ilə yola davam edildi. Maliyyə məsələlərini açıqlaya bilməyəcəm. Bu, klublar arasında olan danışıqdı. Lakin “Qarabağ” oyunçunu satıb, müəyyən gəlir götürməkdənsə, yaya kimi onu heyətdə saxlamağa üstünlük verdi. Bu səbəbdən də fubolçunun başqa kluba keçidi alınmadı”.
İLKİN SULTANLI