“Komanda ardıcıl səfər qarşılaşmalarında yol yorğunluğu yaşamayacaq”
Ötən həftə 21 yaşadək (U-21) futbolçular arasında 2023-cü ildə Gürcüstanda və Rumıniyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkü atıldı. Yığmamız Avstriya, Xorvatiya, Norveç, Estoniya və Finlandiya ilə A qrupunda mübarizə aparacaq. Artıq komandamızın keçirəcəyi qarşılaşmaların təqvimi də bəllidi. U-21 ardıcıl üç oyunu səfərdə keçirəcək. Milan Obradoviçin komandası iyunda Norveç, sentyabrda isə Xorvatiya və Avstriyanın qonağı olacaq. Təbii ki, belə təqvim narahatlıq doğurur. Axı, mümkün ardıcıl uğursuzluqlar yığmanın sonrakı nəticələrinə də təsir göstərə bilər. Sirr deyil ki, Azərbaycan yığmaları əvvəllər dəfələrlə belə problem yaşayıb. Bu görüşlərin səfərdə olması millinin nəticələrinə təsiri edəcəkmi? Ardıcıl 3 matçın rəqib meydanında keçirilməsi komandanın turnir perspektivinə zərbə vurmayacaq ki?
Bu sualları Milan Obradoviçə ünvanladıq. Serbiyalı mütəxəssis qəzetimizə açıqlamasında təqvimin belə olmasının rəhbərlik etdiyi komandaya müsbət təsir edəcəyini düşünür: “AÇ-2023-ün seçmə mərhələsinin təqvimi ilə bağlı bir sıra yeniliklər var. Çünki qrupda elə komandalar var ki, onlara qarşı ehtiyyatlı olmalıyıq. Ötən tsikldə belə bir təcrübə yaşamışdıq. Əvvəlcə evdə oynadıq, sonra səfərdə. Qarşılaşmaları bu sıralama ilə başa vurduq. Bunun sonu bizim üçün yaxşı bitmədi. Düşünürəm ki, səfərdə ardıcıl 2 qarşılaşma keçirmək, daha yaxşı olar. Sonuncu seçmə mərhələdəki oyunlara nəzər yetirsəz, doğru qənaətə gəldiyimizi görə bilərsiz. Baxın, İsveçrə, Fransa, Slovakiya əvvəlcə Azərbaycan, sonra Gürcüstan ilə qarşılaşıb. Bu normaldı. Avropadan Azərbaycana və Gürcüstana məsafə uzaqdı. Hər iki ölkə bir-birinə yaxındı. Rəqiblər də bundan istifadə etdilər. Oyunçularında yol yorğunluğu olmadı. Səfərləri asan keçdi. Uzun müddət yolda olmalıdılar, yorğunluq yaşamadılar. Biz də bundan istifadə etmək qərarına gəldik. Norveçlə ilk oyunda qarşılaşacağıq. Həmin ayda başqa matçımız yoxdu. Bu qarşılaşmanın hazırlığına indidən başlamışıq. Sentyabrda isə iki səfər matçımız var. Xorvatiya ilə Avstriya arasında o qədər də böyük məsafə yoxdu. Komanda ardıcıl səfər qarşılaşmalarında yol yorğunluğu yaşamayacaq. Matçlara hazırlaşmaq üçün də kifayət qədər vaxtımız olacaq. Çünki məsafə çox deyil və yolda vaxt itirməyəcəyik”.
Obradoviç oyun qrafikini əsas saymır: “Gəlin, başqa bir nümunə çəkim. Fransa ilə səfər oyununda böyük hesabla məğlub olduq. Sonra doğma meydanda Slovakiyanı üstələdik. İsveçrə və Fransanı büdrədə bilərdik. Yəni biz evdə yaxşı oynaya bilirik. Səfərdə isə rəqiblərlə bacarmırıq. Əsas məqsədimiz güclü komandalara qarşı rəqib meydanında oynamağı öyrənməkdi. Bu seçmə mərhələdə bu istiqamətdə işlər görəcəyik. Evdə yaxşı oynayırıq, qələbə qazanırıq. Amma səfərdə qazanılan xallara da ehtiyacımız var. Bu, asan deyil. Kiməsə rahat görünə bilər. Rəqiblər düşünə bilər ki, Azərbaycan qonağımız olacaq və biz onlardan asanlıqla 3 xal alacağıq. Məqsədimiz budu ki, səfərdə onlara qarşı yaxşı oyun sərgiləyib, nəticə əldə edək. Bəli, təqvimə görə ardıcıl 3 çətin rəqiblə səfərdə oynayacağıq. Lakin əsas qrafik deyil, mübarizə əzmimizdi. Öz oyun sistemimizə uyğunlaşmalıyıq. Rəqibləri məğlub etməyi öyrənməliyik. Mübarizə aparmaq metodumuzu inkişaf etdirməliyik. Bunu bacarsaq, özümüzə inansaq, harda oynamağımızın o qədər də əhəmiyyəti qalmayacaq. Yenə deyirəm, əsasən oyunumuzu inkişaf etdirməli, futbolçuları qarşılaşmalara hazır etməliyik. Bu hamımızın üzərinə düşən vəzifədi. Klublar da kömək olmalıdı. Onlar gənclərə şans verməlidi ki, matçlara hazır komanda çıxara bilək. Bu baş versə, istəyimizə rahat nail olacağıq. Bunun üçün isə hamımız bir olub, çalışmalıyıq”.
İLKİN SULTANLI