Elvin “Səbail”ə yenilginin əvəzini çıxacaqlarına inanır
Ölkə kubokunun 1/4 finalı çərçivəsində Sumqayıtda keçirilən oyunda qeydə alınan nəticə bir qədər gözlənilməz oldu. “Doğma divarlar” arasında daim inamlı təsir bağışlayan “kimyaçılar” “Səbail”ə minimal hesabla məğlub oldular. Ayxan Abbasovun yetirmələri xüsusilə ilk yarıda qətiyyən özünə bənzəmirdi. Komanda nə düz-əməlli hücum qura, nə də top saxlaya bilirdi.
“Sumqayıt”ın təcrübəli futbolçularından Elvin Məmmədov bizimlə söhbətdə artıq tarixin yaddaşına köçən həmin qarşılaşma ilə bağlı bunları söylədi: “Səbail”lə oyunlarımız həmişə çətin alınıb. Aftandil Hacıyevin komandası çox intizamlı və taktiki cəhətdən düzgün oynayır. Geridə qalan ilk oyunun birinci hissəsi bizim üçün çox qanqaraldıcı oldu. Demək olar ki, heç kimin oyunu alınmırdı. Futbolda belə şeylər olur. Məncə, həmin gün bizim günümüz deyildi. Adi epizodlarda uşaq səhvlərinə yol verirdik. Bəlkə də cari mövsümdə ən bərbad 45 dəqiqəni keçirdik. Düzdü, fasilədən sonra daha yaxşı təsir bağışladıq. Hücum qurmağı, rəqibi öz qapısına doğru sıxışdırmağı bacardıq. Təəssüf ki, bizə lazım olan qolu vura bilmədik və yekunda məğlub olduq”.
Təcrübəli yarımmüdafiəçi hələ heç nəyin itirilmədiyini, cavab görüşündə məğlubiyyətin əvəzini çıxa biləcəklərinə inandığını söylədi: “Kubok qarşılaşmaları çempionat görüşlərindən fərqlənir. Tarixdə çox nümunə var ki, ilk oyunda məğlub olan komanda cavab görüşündə əvəz çıxmağı bacarıb. Hər şey oyuna köklənmədən və kollektivdəki əhval-ruhiyyədən asılıdı. İnanıram ki, şənbə günü keçiriləcək cavab görüşündə daha yaxşı oynayıb, bizə lazım olan nəticəni əldə edə biləcəyik. Kubokda çıxışımızı davam etdirmək istəyirik. Artıq komanda ilk görüşdəki məğlubiyyəti unudub və ikinci qarşılaşmaya hazırlaşır. “Sumqayıt”ın mərhələ keçməyə potensialı var və inanıram ki, çətin olsa da, bu vəzifənin öhdəsindən gələ biləcəyik. Ancaq onu da unutmuruq ki, “Səbail” çox intizamlı və sona qədər mübarizə aparmağı sevən komandadı”.
RƏŞAD