Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup, 2-ci tur
Yunanıstan – Azərbaycan 0:3 (0:2)
Yunanıstan: 12. Dimitris Zervas, 7. Kostas Panu, 8. Takis Artinos, 11. Antonis Manos, 16. Marios Ntatis; 1. Teofilu Dimitrios, 2. Spiridon Kondulatos, 3. Dimitros Karavidas, 4. Kostas Malovits, 5. Takis Qusis, 6. Xaralampos Stavrakopulos, 9. Yannis Delaportas, 10. Vasilis Asimakopulos, 14. Andreas Tarnanidis.
Baş məşqçi: Yannis Siavas.
Azərbaycan: 12. Rövşən Hüseynli, 13. Qalo, 9. Rafael Vilela, 10. Vassura, 6. Eduardo Borges; 1. Emin Kürdov, 3. Bolinya, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 7. Ramiz Çovdarov, 20. Tofiq Mikayılov, 2. Oqtay Rüstəmli.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: Vassura, 1:04 (0:1). E.Borges, 1:38 (0:2). R.Çovdarov, 25:58 (0:3).
Vərəqələr: D.Karavidas, 13:45. V.Asimakopulos, 38:24 – sarı.
Hakimlər: İbrahim Əl Jilali, Lars Van Leeuven (hər ikisi Niderland), Vasilios Xristodulis (Yunanıstan).
2 fevral. Afina. Daiis İdman Sarayı.
Yanvarın 29-da doğma meydanda Slovakiyanı 4:1 hesabıyla məğlub edən yığma fevralın 2-də səfərdə Yunanıstanla üz-üzə gəldi. Oyundan öncə favorit göstərilən Joze Alesionun yetirmələri proqnozları doğrultdu. Oyunboyu böyük ərazi üstünlüyünə malik olan milli ilk yarının ikinci dəqiqəsində rəqibi iki dəfə məyus etməklə hesabda önə çıxmağı bacardı. Əvvəlcə Vassura, 34 saniyə sonra isə Borges meydan sahiblərini meydanın mərkəzinə dəvət etdilər. İkinci yarıda yunanlar hesab arasında tarazlığı bərpa etmək üçün irəli atılsalar da, 26-cı dəqiqədə qapılarında növbəti qolu gördülər. Bu dəfə Çovdarov adını tabloya yazdırdı. Qalan dəqiqələrdə Alesionun komandasının fərqlənmək üçün şansları olsa da, matçda hesab dəyişmədi və yığma ardıcıl ikinci oyunda qələbə qazanmaqla ilk pillədəki mövqeyini möhkəmləndirdi.
Qrupun digər oyununda Slovakiya “doğma divarlar” arasında Moldovanı qonaq edib. Matçda 8 qol vurulmasına baxmayaraq, qalibi müəyyənləşdirmək mümkün olmayıb – 4:4. Moldovalılar 4:2 irəli çıxsa da, sonda iki qol buraxıblar.
Sonda onu da xatırladaq ki, Alesionun yetirmələri növbəti turda Bakıda Moldova ilə qarşılaşacaq. Görüş martın 4-də Bakı İdman Sarayında keçiriləcək. Elə həmin gün Slovakiya da Yunanıstanı qəbul edəcək.
Reaksiyalar
Yannis Siavas: “Məğlubiyyətdən sonra heç vaxt xoşbəxt ola bilməzsiz. Amma rəqibin ritminə uyğunlaşmağımız çox vacibdi. Azərbaycan futzalçılarının potensialına bələd idik. Rəqib bu matçı və bütün qarşılaşmaları yüksək tempdə oynayan keyfiyyətli komandadı. Yalnız futbolçularımın səylərindən məmnun qala bilərəm. Önəmli olan böyük komandalarla aramızdakı səviyyə fərqini gündən-günə azaltmağı bacarmağımızdı.Təcrübə toplamalıyıq. Bu dönəmdə xal yığsaq, özümüzə inam artacaq və stimul üçün daha yaxşı olacaq".
Joze Alesio da Silva: “Yunanıstana qarşı kollektiv şəkildə yaxşı oynadıq, fiziki hazırlığımız da ürəkaçan idi. Taktiki planda da futzalçılar verilən tapşırıqları yerinə yetirdilər. Əsas problem yaratdığımız imkanları yenə qola çevirə bilməməyimizlə bağlıdı. Bunun üzərində işləyəcəyik. Çünki növbəti rəqibimiz daha çətin olacaq və o cür oyunlarda imkanları düzgün dəyərləndirməsək, istədiyimiz nəticəni qazana bilməyəcəyik. Yunanlara qarşı müdafiədə daha səliqəli oynadıq, rəqibə təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Qapımıza tərəf maksimum 2-3 zərbə oldu. 10 gün ərzində tam formalaşmaq, toparlanmaq çətindi. Buna rəğmən, biz kollektiv oyun planında xeyli irəli getmişik. Əlbəttə, qələbə qazandığımıza və birinci pillədə möhkəmləndimizə görə məmnunam. Ancaq hələ mübarizə başa çatmayıb. Məşqlərimizi davam etdirməliyik. Moldova ilə oyuna indidən hazırlaşmalıyıq. Moldova həqiqətən də yaxşı kollektivə sahibdi”.
1. Azərbaycan 2 0 0 7-1 6
2. Moldova 2 1 1 0 7-5 4
3. Slovakiya 2 0 1 1 5-8 1
4. Yunanıstan 2 0 0 2 1-6 0
RƏŞAD
Yeri gəlmişkən...
Futzal millimiz Avropa çempionatlarında 25-ci qələbəsini qazanıb. Seçmə və final mərhələlərində ümumilikdə 53-cü matçına çıxan yığmanın yubiley uğuru Yunanıstanla görüşə təsadüf edib. Afinadakı qarşılaşmaya qədər 24 dəfə qalib gələn millimiz səfərdə 3:0 hesablı qələbə qazanıb. Komanda qalan matçlarda 9 heç-heçə edib və 19 dəfə uduzub.
Avropa səhnəsinə 1995-ci ildə çıxan yığma ilk qələbəsini 26 il öncə qazanıb. Həmin vaxt oktyabrın 23-də Polşa ilə üz-üzə gələn komandamız rəqibini 6:4 hesabı ilə yenib. Yığma bu görüşlərdə 185 qol vurub və 170-ni buraxıb.