Fevralın 1-2-də ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçirildi. Bu qarşılşmaların ikisində meydan sahibləri, ikisində isə qonaqlar qələbə sevinci yaşadı. Premyer-liqanın lideri “Qarabağ” “Tofiq Bəhrəmov”da “Qəbələ”ni qonaq edirdi. İlk yarıda hesab açılmasa da, fasilədən sonra qapılara 4 qol vuruldu. Ağdamlılar Kvabena Ovusu qolu və Mahir Emrelinin dublu sayəsində qonaqları 3 dəfə meydanın mərkəzinə dəvət etdi. “Qəbələ”nin isə gücü yalnız təsəlli qoluna çatdı. Ceyms Adeniyi son dəqiqələrdə adını tabloya yazdırdı. Digər 3 qarşılaşmada isə azarkeşlər minimalhesablı qələbələrə şahidlik etdilər. “Sumqayıt” “Səbail”lə doğma meydanda qarşılaşsa da, meydandan məyus ayrıldı. Samir Abasovun çalışdırdığı “Neftçi” də “kimyaçılar”ın aqibətini yaşadı. “Ağ-qaralar” “Zirə” ilə matçdan yenik ayrıldı. “Keşlə” isə Sənan Qurbanovun debütünü korlamadı. “Qırmızı-ağlar” divizion təmsilçisi “Kəpəz”lə qarşılaşmada qalib gəlsə də, çox əziyyət çəkdi.
Azərbaycan kuboku
1/4 final, ilk oyunlar
1 fevral
Sumqayıt – Səbail 0:1
Qarabağ – Qəbələ 3:1
2 fevral
Keşlə - Kəpəz 1:0
Neftçi – Zirə 0:1
Cavab oyunları: 6 fevral – Səbail – Sumqayıt, Qəbələ - Qarabağ; 7 fevral – Kəpəz – Keşlə, Zirə - Neftçi.
RƏŞAD